Dünənədək onun komandasında təmsil olunmağı «vətənə xəyanət» sayanlar indi onu Bakıya gətirmək üçün əldən-ayaqdan gedirlər
2016-cı ildə Bakıda Dünya Şahmat Olimpiadası keçiriləcək. Azərbaycanın neft pullarının kəskin azaldığı və ölkənin ciddi sosial-iqtisadi böhrana sürükləndiyi bir vaxtda hakimiyyətin belə bahalı tədbirlərə marağı və həvəsi sadəcə, təəssüf doğurur. Amma yazımızın mövzusu bu deyil: “arxadan atılan daş topuğa dəyər”, idman yarışları bu cür səxavət nümayiş etdirməyin doğru olub-olmadığını dartışmaq üçün çox gecdir, hər halda artıq qərar verilib və sözügedən turnir də bütün hallarda baş tutmalıdır.
Amma diqqət çəkən məqam odur ki, hazırda sözügedən yarışın təşkilati məsələləri qalıb bir tərəfdə, ən çox müzakirə olunan məsələ onun açılış mərasiminə məşhur şahmat ustası Harri Kasparovun dəvət edilib-edilməməsidir. Daha doğrusu, başda Azərbaycan Şahmat Federasiyasının (AŞF) yetkililəri olmaqla, ölkənin idman rəsmiləri Kasparovun bu turnir çərçivəsində Bakıya gəlməsini birmənalı şəkildə arzulayırlar, bircə qalıb onun dəvəti qəbul etməsi.
Bəs bu mövzunu bizim üçün diqqətçəkən edən nədir? Məsələ burasındadır ki, Azərbaycanda öz siyasi opponentlərini hər fürsətdə “ermənipərəstlikdə” suçlayan rəsmilər, gələnilki sözügedəın turnirin açılışını hələ 80-ci illərin sonlarından başlayaraq, ölkəmizə qarşı erməni təbliğatının baş aktyorlarından olan Kasparovsuz təsəvvür etmirlər.
Unudanlar üçün bir neçə kiçik xatırlatma:
Qarabağ münaqişəsindən danışarkən birmənalı ermənilərin mövqeyindən çıxış edən Kasparov, “Azərbaycanla hər cür iqtisadi əlaqələr – cinayətdir…”, “Neftə görə Azərbaycana cinayətlərini bağışlamaq olmaz…” tipli bəyanatlar müəllifidir. “Bakıda insanları erməni olduğuna görə öldürürdülər”, “Ermənilər oranı tərk edəndən sonra Bakı ölü şəhərə çevrildi”, “Bakı daha heç vaxt sivil şəhər olmayacaq, çünki o, öz inkişafı üçün indi oranı tərk edən ermənilərə borcludur” kimi açıqlamaları ilə bilinən Kasparov, hələ uzaq 1989-cu ildə Sumqayıt hadisələri barədə xarici jurnalistlərə çoxsaylı müsahibələr verir, bu müsahibələrdə o, məlum hadisələrlə bağlı bütün məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoyurdu. Həmin il Yunanıstanın Saloniki şəhərinə şahmat turnirinə gələn Kasparovu o vaxt az qala hər axşam yunan televiziyalarının ekranında görmək mümkün idi – o, bütün çıxışlarında Azərbaycanı qətliamda suçlayır və ermənilərin “məsum” obrazını yaratmağa çalışırdı.
“I” jurnalı 1999-cu ilin mayın 19-da çıxan 19-cu sayında yazırdı ki, həmin ilin aprelin sonunda Harri Kasparov ABŞ-da iki böyük elmi toplantının iştirakçısı olub və orada mühazirə oxuyub: biri Stenfordda – idmanda insan resurslarının hüdudları barədə, şərti adı “Şahmat, siyasət və kompüterlər” olan ikincisi isə Oreqonada. Jurnalın yazdığına görə, Kasparov 1990-cı ildə Bakıda baş verən faciəli hadisə barədə danışarkən onu Kosovodakı müasir hadisələrlə paralel qiymətləndirir: “…Sovetlər Imperiyasının sonu yaxınlaşanda kommunist hakimiyyəti millətlərarası toqquşmaları və üsyanları qızışdıraraq nəzarəti əlində saxlamaq üçün son dəfə cəhd etdi. Ən qanlı münaqişələrdən biri Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında yarandı. Bu münaqişə sıradan bir mübahisə və fikir ayrılığı olaraq qalmadı, Bakıya da gəlib çatmaqla Azərbaycanın bir neçə iri şəhərlərində erməni soyqırımına çevrildi. Çox təəssüf ki, doğulduğum, iki babamın və nənəmin məzarı olan şəhərə qayıda bilmədim. Bəziləri bu dəhşətli hadisədən sonra mənim SSRI-ni tərk edəcəyimi gözləyirdi. Imperiya ərazilərini itirərək dağıldı, ancaq mənim yerim – doğma dilimin ölkəsidir, getməyə məcbur edilənə qədər orda qalacağam. Əlbəttə, Ermənistanı və Israili çox sevirəm, Qarabağ uğrunda ədalətli mübarizələrində ermənilərə kömək etmək üçün gücüm çatanı edəcəm və Israildə yaşayan xalqı da hər cür dəstəkləməkdə davam edirəm”.
ABŞ-ın Azərbaycana qarşı qəbul etdiyi məlum və məşhur 907-ci düzəlişin həyata keçməsində də Kasparovun özünəməxsus əməyi az olmayıb.
Və ya 2002-ci ilin yanvarın 18-də The World Street Journal qəzetində dərc edilən “Düşməni müəyyən etməyin vaxtıdır: taliblərdən və Usama ben Ladendən sonra növbəti rəqibimiz kimdir?” məqaləsində Harri Kasparov həmçinin “1915-ci ildə Osmanlı imperiyasında erməni qırğınının tam araşdırılmasının zərurliyini” bəyan edir.
Belə faktları kifayət qədər uzatmaq olar. Amma indi bizə maraqlı görünən başqa məqamdır: cəmi bir neçə il əvvəl Harri Kasparovun komandasının tərkibində beynəlxalq yarışa qatılan mərhum şahmatçımız Vüqar Həşimovu linç etməyə çalışanlar, onu az qala “ermənipərəst” kimi göstərənlər, nə baş verdi ki, indi birdən-birə Kasparov aşiqinə çevrildilər, Bakıda keçiriləcək Şahmat Olimpiadasını onsuz təsəvvür belə, etmirlər?!
Axı AŞF-nin vitse-prezidentləri Faiq Həsənov və Mahir Məmmədovu qısa vaxtda fikirlərində 180 dərəcə dönüş etməyə nə məcbur edə bilərdi?
Hazırda Putinin əsas tənqidçilərindən və amansız siyasi düşmənlərindən olan Kasparovun Bakıya dəvət edilməsinin Kremldə necə qıcıqla qarşılanacağını və hansı əks-effekt doğura biləcəyini bir kənara qoyaq (anlaşılandır, Biləcəridən o yana nə baş verdiyi barədə siyasi mühakimə yürütmək imkanı olmayanlar üçün belə bir dəvət heç nə ifadə etmir), sual yaranır: 25 ildən artıqdır Azərbaycana qarşı erməni informasiya savaşının əsas silahlarından biri funksiyasını yerinə yetirən adama belə hüsnü-rəğbət məqbuldursa, onda niyə onun komandasında çıxış etmək bir neçə il əvvəl az qala cinayət sayılırdı? Yaxud niyə yeganə günahı Azərbaycanda ədalətli cəmiyyət qurulmasını istəmək olan insanlar asanlıqla “ermənipərəst” kimi damğalanır?
Təbii ki, idmana siyasət qarışmamalıdır, amma bunu edərkən də məntiqli davranılmalıdır, ikili davranılmamalıdır: kiməsə sərf edəndə Kasparovun erməni əsilli olmasını, erməni təəssübkeşliyini ön plana çıxarmaq, sərf etməyəndə isə ondan yalnız “dünya şahmatının parlaq siması” kimi bəhs etmək qəbuledilməzdir.
Anlaşılan deyil ki, necə olur, AŞF-nin vitse-prezidentlərindən M.Məmmədov Rusiyanın şahmat dərgisi “64″ jurnalına müsahibəsində ötən əsrin 70-ci illərində Azərbaycandakı ”şahmat bumu”ndan danışarkən bunda xidməti olan adam kimi sadəcə, Kasparovun adını çəkir (həm də nə az, nə çox, düz 5 dəfə!), amma bu işdə əsl əməyi olanları “unudur”?! Ya da onların adlarını dilə gətirməyə ərinir, tənbəllik edir.
Həm Məmmədovun, həm də Həsənovun Kasparovla bağlı heyranlıq dolu açıqlamaları əslində başadüşüləndir də: məsələn, Kasparov müsahibələrinin birində Bakıdakı dostlarından danışarkən məhz Həsənovun adını çəkir. Yaxşı da edir. Onsuz da həmin dostluq heç kimə sirr deyil. Ancaq gərək bu zaman Azərbaycan şahmatının son illərdəki ən parlaq yetirməsini də məhz Kasparovu bəhanə edib “vurmağa” çalışmayaydınız. Necə deyərlər, “o nə pəhriz idi, bu nə turşu?!”
Akif