Bu millət müxalifətinə sahib çıxmazsa, millətə sahib çıxan qalmayacaq
Çünki yalnız bugünün sivil müxalifəti, həm də gələcəyin sivil iqtidarı ola bilər
Ötən 5 il dünyada kütləvi nümayişlərin, çevrilişlərin və hətta siyasi inqilabların sayca çox olması ilə fərqləndi. Bu hərəkətlənmələrin bəziləri xoşagəlməz, qanlı, savaşlı, qorxulu nəticələr yaratdı, bəziləri isə irəliyə, dəyişikliyə ümidləri artırdı. Bu hərəkətlənmələrin forması, intensivliyi, müddəti və xüsusilə də nəticələri fərqli olsa da, hamısının səbəbi eyni idi:
Narazılıq!
Korrupsiyadan narazılıq (Braziliya), işsizlikdən narazılıq (Ispaniya, Portuqaliya, Yunanıstan), ideoloji tənəzzüldən (Türkiyə), kasıblıqdan, despotizmdən, sosial və hüquqi bərabərsizlikdən (Misir, Tunis, Liviya və s.), naməlum cinayətlərdən, uğursuz daxili-xarici siyasətdən, siyasi yarıtmazlıqdan (Argentina), iqtisadi fürsətçillikdən, soyğundan və pozulmuş təhsildən (Çili) narazılıq…
NARAZILIQ tək bir səbəb idi. Narazılığın da tək səbəbi dövlət idi.
Səbəblər eyniykən, nəticələr niyə fərqli oldu? Niyə bir ölkədə narazılıq qanla, ona cavab qanlı olarkən, bir başqasında ümid, uğur, irəliləyiş görürük? Məsələn, Ispaniyada iqtisadi göstəricilər düzəlməyə, Yunanıstanda ciddi islahatlar getməyə, Portuqaliyada isə əməlli iqtisadi yüksəlişə başlandı. Üstəlik, bu ölkələrdə ayaqlanmalar zamanı da narazılığın şiddəti yetərincə çox, şiddətin özü isə az olmuşdu.
Halbuki Braziliyada, Argentinada və Türkiyədə şiddət daha yüksək idi.
Niyəsi odur ki, bu sonuncularda şiddət üçün nisbətən daha uyğun şərait vardı: daha cahil cəmiyyət, daha zəif etiraz mədəniyyəti və daha qəddar bir təhlükəsizlik qüvvəsi var idi. Daha avtoritar dünyagörüşü hökm edirdi. Məhkəməyə inam zəif idi. Dialoqa meyl sınmışdı. Daha çox korrupsiyalaşmış dairələr, daha çirkli əllər vardı. Qısası, daha az demokratiya var idi. Amma bu ölkələrdə qan olmadı, savaş olmadı… Ərəb ölkələrindən fərqli olaraq, nə çevrilişə, nə də inqilaba ehtiyac oldu.
Belə ki, ərəblərdə nəinki daha az, demokratiya, ümumiyyətlə, yox idi. Anlaşılır ki, demokratiyanın az olduğu ölkədə, dəyişikliklər də daha aqressiv və ağrılı baş tutur.
Qanlı inqilab ölkələrinin heç birində demokratik müxalifət yox idi; hökumət onları yox etmişdi. Odur ki, etiraz səsini mədəni şəkildə bildirən də yox idi. Nə var idi? Radikal qruplaşmalar, yəni qanla bəslənənlər. Onların da dünyagörüşündə müzakirəyə ehtiyac yoxdur. Onlar təzyiqdən güc alırlar. Öldürməkdən və öldürülməkdən sevinirlər. Onların danışmağa, seçkiyə, qəzetə, mitinq meydanına ehtiyacı yoxdur. Onların modernliyə, inkişafa, yaradıcılığa ehtiyacları yoxdur. Məqsədləri öz qaranlıq dünyalarını bütün dünyaya yaymaqdır. “Xam mal”larını isə avtoritar rejimlər hazırlayır: yəni manqurt kütlə, aqressiv gənclik, adiləşmiş cinayət, dövlətə, qanuna inamsızlıq və boğulmuş narazılıq. Bütün bunlar ərəb hökumətlər tərəfindən təmin edilmişdi. Bu “xammal”ın üstünə “din” labelini yapışdır, olsun “silahlı inqilab tortu”nun üstündəki gilas. Dünyada üzv sayına, təbliğat mexanizmlərinə görə ən “uğurlu” beynəlxalq şəbəkələrdən olan cihadizm, bu xammaldan ən güclü şəkildə istifadə edə biləcək arsenala sahibdir. Odur ki, bu ölkələrdə narazılıq zorakılıqla nəticələndi. Inqilab uğursuzluğa düçar oldu.
Bunu müşahidə etdik ki, narazılıq varsa, gec ya tez ifadə olunur. Məsələ bu narazılığın necə ifadə edilməsindədir. Narazılığın ən ağır ifadə şəkli inqilabdır. Və bu yalnız o halda baş verir ki, iqtidar narazılığın başqa bütün yollarını bağlamışdır. Ağılla idarə edilən sistemlərdə narazılıq inkişafın motoru olarkən, avtoritar rejimlər öz müxalifətini yox etməklə, sivil narazılıq sistemini silməklə, millləti radikalların qucağına itələyir. Bir ölkədə demokratik müxalifət varsa, orada nə can ölür, nə də qanlı inqilaba gərək olur. Müxalifət bir ölkədə siyasi amortizator kimidir. O, cəmiyyəti dövlətin əzabından, dövləti də cəmiyyətdəki qəzəbin sapmasından qoruyur. Müxalifət seçkilər, islahat istəyən, sivil nümayişlə, sakit mitinqlə, qəzetlə, internetlə həll yolları təklif edən, geri lokal mentalitetdən Qərbin irəli şüuruna dəvət edən qüvvədir. Onun yoxluğunda, bunu təklif edən də olmayacaq. Bir tərəfdə narazılığı yaradan dövlət, bir tərəfdə narazıları vətəndaş üsullarından silahlı üsullara çəkən dini radikalizm qalacaq.
Müxalifət haqsızları öldürməklə deyil, məhkəmə ilə cəzalandırmağı, cənnət görmək üçün şəhid olmaq deyil, Tanrının verdiyi gözəlliklərdən bu dünyada bəhrələnməyi təklif edir. Silahla deyil, klaviatura ilə savaşmağı üstün tutur. Problemi və onu yaradanları öldürməyə yox, onları düzəltməyə və özlərini düzəltməyə səsləyir.
Bəli, müxalifəti əlindən alınmış cəmiyyət radikalizmin qanlı qucağına təslim edilmişdir. Bunu edən hökumətlərin üzvləri də öz gələcəklərini onlara təslim edirlər. “Hakimiyyətə gəlsək, filan nazirə vergi proseduru açacağıq” deyən mülayim bir rəqibi məhv edən hökumət, “hakimiyyəti ələ keçirib, bu murtədləri boğazlayacağıq” deyən bir düşmən qrupa öz gələcəklərini həvalə edirlər.
Bu gün molotov kokteyli ilə şərlənib həbs edilən sivil müxalifətin tam sonuna çıxılması halında, meydan həqiqətən molotovlu güclərə qalacaq. Məhz o zaman, narazılıq sivil nümayişlə deyil, dəhşətli zorakılıqla ifadə olunacaq. Bundan ən zərərli çıxan da, Qəzzafi kimi, Ben Ali kimi, Qbaqbo kimi başçılar olacaq. Halbuki, argentinalı Kirşner, güc toplayıb yenə prezident ola biləcək. Braziliyalı Dilma Rousself təkrar seçkiyə gedə və yenə xalqdan mandat almağa inana bilər. Hətta, türkiyəli Ərdoğan seçkiyə gedib mandat yeniləyə bildi. Çünki bu ölkələrin parlamenti, bələdiyyəsi və bütün seçkili idarələrində müxalifətin hər qanadından adam var. Müxalifət var.
Tanrı bizim millətə hər şeyini fəda etmiş müxaliflər, dissidentlər, narazılıq öncüsü demokratik liderlər verib. Hər müxalifətçimizin həbsi iki şeyin ehtimalını gücləndirir: demokratik olmayan yeraltı qruplar güclənək və hakimiyyətə olan narazılığın şiddəti kimi şiddətin özü də güclənəcək. Bəlkə bu gün seçkiyə gedib ən pis halda ana müxalifət ola biləcək bir iqtidar, bugünkü minvalla getsə, ya Qəzzafinin taleyini özünə, ya da suriyalıların taleyini xalqa yaşadacaq. 20 ildir hökumətin ölkəyə doldurduğu çamur, milləti batırdığı kimi, bir gün hökumətin də qırtlağına çatacaq.
Bir tərəfdə Əsəd rejiminin bənzəri iqtidar, digər tərəfdə Suriya xalqı kimi gündən-günə əzilən cəmiyyətdə, Suriyadan yeganə üstünlüyümüz məhz sivil müxalifətimizdir. Hökumət onu da yox etsə, Suriya ilə heç bir fərq qalmayacaq. Sözün hər mənasında. Deməzdim ki, hələ gec deyil. Çox gecdir, amma şans itməyib. Bu millət müxalifətinə sahib çıxmazsa, millətə sahib çıxan qalmayacaq. Onsuz da baş verəcək olan inqilabın da, uğurla, qansız qadasız keçməsi, yenə sivil müxalifətin sayəsində baş tuta bilər. Çünki yalnız bugünün sivil müxalifəti, həm də gələcəyin sivil iqtidarı ola bilər.
Inqilabın doğuş əlamətləri görünür. Zaman itirilməməlidir.
Azad Akifoğlu