Çaynik sındıran qız və kar hakimiyyət…

nazliNazlı

O günləri səhər-səhər ayılıram ki, pilləkənimiz daşla, taxta parçasıyla, açar qundağıyla döyülür. Çağırışa cavab verməmək hüququmu reallaşdırmaq üçün yüzə qədər sayıram. Görürəm yox, bir az da keçsə, onsuz da ayaq üstə güclə duran pilləkən dağılacaq. Qapıya çıxmağımla tanış qaz işçiləri oğru tutmuş kimi tələsik xəbər verirlər:

– Sizin sayğacınız dayanıb!

– Niyə?

– Bilmirəm.

Sayğacı neçə il əvvəl həyətdən götürüb hasarın küçə tərəfinə hündür yerə yapışdırıblar. Axırıncı dəfə sayğacımızı elə onda görmüşəm. Özümü birtəhər toplayıb cavab verirəm:

– Mən də bilmirəm… Amma iki gün əvvəl qazpulu keçirtmişəm xeylax, dayanıbsa, necə yazıb? Əvvəldən qalığımız da yox idi. Nə isə, düzəldin də. Sayğaca nə əlim çatır, nə gözüm. Daha məni neyləyirsiz?

– Idarədən sabah gəlib düzəldəcəklər. Dedik, biləsiniz.

– Yaxşı, bildim. Bəs mən altı-yeddi aydır özümü öldürürəm ki, həyətdə boru qaz buraxır, onu niyə gəlib düzəltmirlər idarədən? Mən axı, yandırmadığım qazın pulunu ödəyirəm.

– O işə biz baxmırıq.

– Dayananda siz baxırsız, buraxanda başqaları?

– Bəli.

– Olmaz ki, sabah gələnlər elə borunu da düzəltsinlər? Məlumat verə bilməzsiz?

– Xeyr. Biz yalnız sayğaca cavabdehik…

– Onda heç sayğacı da deməyin. Dayanıb, dayanıb da.

– Olmaz axı, qaz havayı gedər.

– Bəzi kilsələrə havayı gedir amma…

– Ayy xala, bizi işə salacaqsan, vallah. Onu böyüklərə de. Biz balaca adamlarıq…

– Sizə yetik sözüm də vardı, elədiniz?

– Yox.

“- Niyə?” soruşmağa qorxdum. Cavab lap: – “Bura erməni kilsəsi deyil, ona görə!” kimi məntiqli olsaydı belə yenə özümü saxlaya bilməyib uşaq kimi ağlayasıydım. Yuxumun qaçmasına, həyətdən sızan qaza görə deyil, balaca adamların böyümək şansları olmadığı üçün. Daha doğrusu, bu şansları hər fürsətdə qaçırdıqları üçün…

Sözə qüvvət…

Uşaq vaxtı təzə evimizdə usta işləyirdi. Bir gün anam köhnə evimizdən əlimə padnos verib ustaya çay göndərdi. Çatıb çağırmaq istəyirdim ki, damın üstündən məni görən kimi usta tələsik aşağı düşdü. Bu arada atam da gəlib çıxdı və onlar çay içə-içə söhbətə başladılar. Usta gülümsəyərək məni göstərib bir xatirə danışdı:

– Inişil işlədiyim bir evdə bu qızım boyda uşaq beləcə çay gətirmişdi mənə. Mən damın üstündə balta-çəkiclə örtük vuranda uşaq aşağıdan məni çağırırmış. Eşitmədiyimi görüb yaxın gələndə ayağı taxtaya ilişib padnos qarışıq yıxılıb. Təsadüfən onu görüb dərhal aşağı düşdüm. Inanın, uşağı kiritmək üçün özümü həlak eləmişəm, amma yenə səsini kəsə bilmirəm. Əzilən, yanan yeri də yoxdu. Birdən ağlıma gəldi ki, yəqin çaynik sınıb deyə qorxudan ağlayır. Odur ki, ona ürək-dirək verirəm:

– Qorxma qızım, anana deyərəm ki, çayniki mən sındırmışam. Təki sən ağlama.

Uşaq içini çəkə-çəkə qayıtdı ki:

– Mən çaynik sınıb deyə ağlamıram ki, dayı. Sən karsan deyə ağlayıram…

Bilmədim bu sözlərdən sonra gülüm, yoxsa ağlayım. Eləcə uşağın saçını sığallayıb dama qalxdım.

Üstündən çox illər keçib o əhvalatın. Atam da, o usta da artıq həyatda deyil. Son vaxtlar o əhvalatı tez-tez xatırlayıram: – Görəsən onda da, indi də yaşıdım olan böyük ürəkli balaca qızın qəlbi yenə elə saf, mərhəmətli qalıbmı? Bir zamanlar sınan çaynikə görə cəzalanacağına ağlamayıb usta dayının “karlığına” kövrələn körpə varlıq! Kaş ki, böyüməyəydik…

– Artıq dünyanın bu ölkəsi eşidən karlarla, görən korlarla, danışan lallarla, qanan qanmazlarla dolub-daşır. Səni bir az gec eşitdiyi üçün kövrəlib ağladığın Azərbaycan vətəndaşı ömrünün sonuna qədər ödəyə bilməyəcəyi borcların içində intihar həddinə çatıb. Televiziyası, yazarı, sənətkarı məddah, doğum evi, bağçası, məktəbi, hərbisi ələbaxım, hakimi sifarişli, məmuru rüşvətxor rejimin sındıra bilmədiyi hər kəsin qarşısında bir “37″ şifrəsi yazılıb. Bu ölkədə həmin şifrə ilə məhkəmələrin quyruqlıu rəqəmlərlə hökm oxuyub həbsə atdığı və atacağı vicdanlı adamlar var. Və ən ağrılısı bu ölkədə atəşkəs rejimində kəsilməyən atəşlərdən və yaxud nahaq açılan qurşunlardan həlak olan oğulların yarımçıq həyat hekayələri yazılır.

Bütün bunları duymazdan gələn hakimiyyət isə öz hüdudsuz varidatını artırmaq üçün xalqın ağzındakı son tikəni çalıb-talamaqdadır.

Ağlama, çaynik sındıran qız… Sadalandıqca uzanan bu siyahıdakı dərdlərə sənin göz yaşların yetməz.

P.S. Çörəklə sınananların dirənişi yaman olur. Siz maniələri hansı şəkildə nə qədər artırırsınızsa artırın, biz öz cığırımızı dişimizlə-dırnağımızla açarıq. Amma addımlarınıza diqqət edin cənablar: – Zülmün, zorun yolu uçuruma qədərdir…