Bakıda çıxarılan hökm ATƏT-in tədbirində gülüş hədəfi olub

alayif hasanovƏlayif Həsənov: «Qanunsuzluq, məhkəmə baxışının fundamental qaydalarının pozulması baxımından bu hökmün analoqu yoxdur»

Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında Leyla Yunusla eyni kamerada saxlanılmış dustaq Nuriyyə Hüseynovanın iddiası əsasında cəzalandırılmış vəkil Əlayif Həsənovun kassasiya şikayətinə dünən Ali Məhkəmədə baxılıb. Imran Hacıbəyovun sədrliyilə Gülzar Rzayeva və Fərhad Kərimovdan ibarət hakimlər kollegiyası kassasiya şikayəti təmin olunmayıb və Əlayif Həsənov barədə hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, sözügedən hökm ötən il noyabrın 6-da Yasamal Rayon Məhkəməsində Nuriyyə Hüseynovanın iddia ərizəsi əsasında çıxarılıb. Nuriyyə Hüseynova iddia edirdi ki, Əlayif Həsənov vəkili olduğu Leyla Yunusla bağlı mətbuata açıqlamasında onu təhqir edib, böhtan atıb. Hakim Azər Tağıyevin verdiyi hökmlə Əlayif Həsənov CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilinərək, 240 saat ictimai işlər cəzasına məhkum edilib.

Lakin Əlayif Həsənov hökmün qanunsuz və əsassız olduğunu bildirərək, yuxarı instansiya məhkəmələrinə şikayət verib.

Dünən Ali Məhkəmədə də Əlayif Həsənov arqumentlərini hakimlərə çatdırıb: “Qanunsuzluq, məhkəmə baxışının fundamental qaydalarının pozulması baxımından bu hökmün analoqu yoxdur. Bəlkə də Azərbaycan məhkəmələrinin tarixində yeganə qərardır ki, hakimin müşavirədə olarkən yeni sənədlər aldığı və bu səbəbdən icraatı təzələdiyi hökmdə yazılıb. Halbuki, hakim müşavirədə olarkən nəinki yeni sənədlər ala bilməz, heç telefonla danışa bilməz”.

Əlayif Həsənov qeyd edib ki, bu “analoqsuz” hökm ingilis dilinə tərcümə edilərək, beynəlxalq təşkilatlara, o cümlədən vəkillərin hüquqlarının müdafiəsilə məşğul olan müxtəlif qurumlara göndərilib: “Hətta ATƏT-in Varşavadakı toplantısında bu hökmü misal gətirərək, gülüb deyiblər ki, görün Azərbaycanda vəkilləri necə bəhanələrlə Vəkillər Kollegiyasından uzaqlaşdırırlar”.

Lakin Əlayif Həsənov və onu Ali Məhkəmədə təmsil edən vəkil Vüqar Xasayevin sübutlarına baxmayaraq, məhkəmə kassasiya şikayətini təmin etməyib.

Əlayif Həsənov “Azadlıq”a açıqlamasında bildirib ki, qərarı alan kimi Avropa Məhkəməsinə müraciət edəcək. Eyni zamanda, bu işə prioritet qaydada baxılmasına çalışacaq.

Qeyd edək ki, bu hökm Əlayif Həsənovun məhkumluğuna səbəb olmaqla yanaşı, həm də onun vəkillik fəaliyyətinə xitam verilməsilə nəticələnib. Vəkillər Kollegiyasının Rəyasət Heyəti Əlayif Həsənovun məhkum edildiyini bəhanə gətirərək, onun bu qurumdan çıxarılmasına qərar verib. Beləliklə, Əlayif Həsənovun vəkillik fəaliyyətinə xitam verilib.

Əlayif Həsənov deyir ki, ona qarşı məhkəmə iddiası lap əvvəldən elə onu vəkillikdən uzaqlaşdırmağa hesablanmışdı.

Qeyd edək ki, Əlayif Həsənov indiyədək xeyli siyasi məhbusun hüquqlarını müdafiə edib. Onların arasında tanınmış simalardan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, NIDA-çı blogger Ömər Məmmədov, hüquq müdafiəçisi Leyla Yunus da var.

Bu iddia ortaya çıxanda mənə məlum idi ki, bu yolla məni kollegiyadan uzaqlaşdırmaq niyyəti güdülür. Siyasi məhbusların müdafiəsində aktiv iştirak edən vəkillərin zaman-zaman cəzalandırıldığı hər kəsə məlumdur. Təxminən mənimlə eyni vaxtda Xalid Bağırov da başqa bir bəhanə ilə vəkillikdən uzaqlaşdırıldı. Mənə qarşı da bu bəhanədən istifadə olundu. Təsəvvür edin, barəmdə diffamasiyaya görə hökm çıxarıldığına görə mən Vəkillər Kollegiyasından uzaqlaşdırıldığım halda, daha ağır maddə ilə cəzalandırılan şəxs bu qurumun rəhbərliyində təmsil olunur. Yaxud dəfələrlə məhkum olunmuş başqa birisinə heç irad belə tutulmur. Deməli, məqsəd nə yolla olursa olsun, məni Kollegiyadan uzaqlaşdırmaq olub”, – deyə Əlayif Həsənov bildirib.

Əlavə edib ki, ona qarşı ayrı-seçkiliklə bağlı da hüquqi müstəvidə mübarizəsini davam etdirmək niyyətindədir.

Aytən Məmmədova