Amerika neftinin ilk partiyası bazara çıxır

neftABŞ Konqresinin ölkədən neft ixracına qoyulmuş qadağanı götürməsindən sonra Birləşmiş Ştatların hasilatçı şirkətləri artıq gələn ay neftin ilk partiyasını bazara çıxaracaqlar.

Konqresin bu qadağanı 40 ildən sonra götürməsinin ardınca ilk dəfə “Enterprise Products Partners” şirkəti məmnunluğunu bildirib və 2016-cı ilin yanvar ayında bazara neft çıxarmağa hazır olduğunu açıqlayıb.

Bu şirkət neftin saxlanılması və nəqli ilə məşğuldur. Şirkət bildirir ki, ABŞ hökumətinin neft ixracına icazə verməsi xüsusən yüngül neft hasil edənlərin xeyrinə olacaq.

Gözlənilir ki, Amerika neftinin ilk partiyası – 600 min barrel neft  Hyuston gəmiçilik kanalının sahilində yerləşən terminaldan yanvarın ilk ongünlüyündə yüklənəcək.

Amerika mətbuatının yazdığına görə, Birləşmiş Ştatların neft hasilatının 40 faizi Texas ştatının payına düşür və bu ştatdan senator Co Barton neft ixracına qadağanın götürülməsindən sevindiyini gizlətmir.

Senatorun sözlərinə görə, ABŞ “hasilat sahəsində ən yaxşı texnologiyalara, ən yaxşı neftə” malikdir və Rusiyanı, Səudiyyə Ərəbistanını, İranı bazardan sıxışdırıb çıxaracaq.

Statistika da senatorun dediklərini təsdiqləyir. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, ABŞ 2014-cü ilin birinci yarısında artıq iri neft istehsalçısına çevrilmişdi.

Həmin tarixdə ABŞ-da gündəlik neft hasilatı 11 milyon barreli keçib. Bu, Rusiya və Səudiyyə Ərəbistanının gündəlik neft hasilatından yuxarıdır. ABŞ-a neft hasilatının bu cür artması üfiqi qazma texnologiyasının (şist texnologiyası) və layların hidropartlayışının geniş tətbiqi sayəsində mümkün olub.

Nəticədə Texas və Şimali Dakota ştatlarında “şist yataqlarının” sürətli işlənməsi baş verib.

Doğrudur, neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində ABŞ-da hasilatın azalması (ilk növbədə şist neftinin) baş verib. Bununla belə Birləşmiş Ştatlar hələ də iri neft hasilatçılarından biri olaraq qalır.

Eyni zamanda ölkə hələ də xaricdən neft alıdı. İndi isə ixrac qadağasının götürülməsi həm hasilatçı şirkətlər üçün güclü stimul yaradır, həm dünya bazarlarında neftin qiymətinə əlavə və ciddi təzyiq rıçağı formalaşdırır.

ABŞ-ın olduqca inkişaf etmiş neft emalı sənayesi də var. Yüksək texnologiya sayəsində ABŞ zavodları ağır kükürdlü nefti də emal edə bilir. Ancaq şist neftinin hasilatının artması nəticəsində ağır neftin payı azalıb.

ABŞ neft ixracına qadağanı götürməklə ikiqat fayda əldə edəcək. Xarici bazara yüngül və az kükürdlü neft göndəriləcək, ağır neft isə daxildə emal olunacaq. Hazırda bazarda bu iki neft növü arasında qiymət fərqi böyükdür və bəzən 1 barrel üçün 20 dollardan çox ola bilər.

Bundan əlavə amerikalılar ağır neftin emalını artırmaqla təkrar emal sənayesinin də işləməsini təmin edəcək.

Ancaq analitiklər hesab edir ki, ABŞ-ın neft ixracına başlaması bazarda tələb və təklif arasında balansa ciddi təsir etməyəcək. Çünki ABŞ nə qədər iri neft hasilatçısı olsa da eyni zamanda Çinlə yanaşı iri neft alıcısı kimi qalır.

Həmçinin dekabr ayında Amerikanın WTİ markalı yüngül nefti Brent markalı neftdən baha satılıb. Ona görə də təsəvvür etmək çətindir ki, ABŞ Rusiya, Səudiyyə Ərəbistanı və İranı sıxışdırmaq üçün WTİ markalı nefti Brent markalı neftə nisbətən daha ucuz təklif edəcək.

“LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov da ABŞ-ın ixrac qadağasını götürməsindən narahat deyil. Onun fikrincə, ABŞ bazara yüngül nefti çıxaracaq, əvəzində daha ucuz ağır neftin idxalını artıracaq.

Ona görə də Birləşmiş Ştatların ixrac qadağasını götürməsindən sonra bazarda əlavə neft həcmi yaranmayacaq.

Digər tərəfdən, ixraca qadağa indi rəsmən götürülsə də Amerikadan neft ixracı həyata keçirilməkdəydi. Ancaq hər partiya üçün ayrıca icazə almaq lazım idi. Amerika nefti yüklənmiş tankerlər əsasən Kanadaya və Karib hövzəsinə istiqamət alırdı, hərdən Asiya və Avropa bazarlarına da yönəlirdi. Yəni Amerika nefti bazarda onsuz da var idi və Konqresin ixrac qadağasını götürməsi xeyli ölçüdə formal xarakter daşıyır.

Analitiklər əsas diqqəti İranın beynəlxalq sanksiyaların götürülməsindən sonra gələn il bazara nə qədər neft çıxara biləcəyinə yönəldirlər. Çünki bazarda tələblə təklif arasında balansı dəyişdirmək üçün İranın neft ixracını artırması daha çox təsirə malik ola bilər.

 

(virtualaz)