Vahid Məhərrəmov: «AXCP sədrinin yaranmış vəziyyətdən çıxmaq üçün irəli sürdüyü fikirlər olduqca vacib və aktualdır»
Ölkəni silkələyən devalvasiya iqtisadiyyatı tam iflic edib. Hər ötən gün fəaliyyətinə son qoyan sahibkarların sayı artır. Valyutadəyişmə məntəqələrinin qarşısındakı növbələr artıq adi hala çevrilib. Amma bütün bunlara rəğmən, hakimiyyət yaranmış situasiyadan çıxış yolları axtarmaqda, gərəkən addımları atmaqda tələsmir.
Ölkənin düşdüyü vəziyyətdən çıxması üçün ən optimal variantları təklif edən AXCP sədri Əli Kərimli böhranı adlamaq üçün 10 təklif irəli sürüb. Təkliflər dövlət strukturunu içdən çürüdən, sahibkarlığın inkişafına maneə olan inhisarçılığın, korrupsiyanın, rüşvətin aradan qaldırılmasını, ölkənin idxaldan asılılığını azaltmaq üçün iqtisadiyyatın digər sahələrinin inkişafını nəzərdə tutur.
Amma hakimiyyət təmsilçiləri bu təklifi qəbul edərək, orada əks olunanları tətbiq etmək əvəzinə, onların heç bir iqtisadi əsasının olmadığını vurğulayırlar.
Tanınmış ekspert Vahid Məhərrəmov bildirdi ki, Ə.Kərimlinin irəli sürdüyü təkliflər tamamilə doğru və iqtisadi baxımdan əsaslandırılmışdır. Hakimiyyətin ilk növbədə ölkədən valyuta axınının qarşısını almalı olduğunu deyən V.Məhərrəmov bildirdi ki, Azərbaycan idxaldan asılı olduğundan idxal etdiyi mal üçün külli miqdarda dollar xərcləyir: “Hökumətin açıqladığı rəqəmlərə görə bizim kənd təsərrüfatı mallarının idxalına xərclədiyimiz valyuta bir milyard iki yüz mindir. Amma, hesablamalarımıza görə, bu vəsait reallıqda rəsmi açıqlanan rəqəmlərdən üç dəfə artıqdır. Yəni təxminən üç milyard beş yüz min dollardır. Əgər biz kənd təsərrüfatı məhsulları və xammalın ölkə daxilində istehsalını təmin edə bilsək, o zaman biz valyutanı ölkədə saxlamış olarıq. Eyni zamanda istehsalı artırmaqla ölkədən ixracı gücləndirə bilərik ki, bu da ölkəyə valyuta gəlişini stimullaşdırar. Bütün bu təklifləri Əli Kərimli düzgün vurğulayıb”.
Ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəyə biləcəyimizi söyləyən V.Məhərrəmov bildirib ki, nəticədə istehlakçılar daha ucuz məhsul əldə edə bilərlər: “Biz məhsul istehsalını artırmaqla həm valyuta ehtiyatlarımıza qənaət etmiş olarıq, həm ölkəyə əlavə valyuta gətirərik, həm də vətəndaşlarımızın kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyərik. Eyni zamanda bu təşəbbüsün yerinə yetirilməsi fermerlərin gəlirlərini artırar, bu da öz növbəsində onların verdiyi vergilərdən büdcəyə əlavə maliyyənin gəlməsini təmin edə bilər. Bu baxımdan Əli Kərimlinin təklifi olduqca vacib və aktualdır. Bu təklifləri hökumət qəbul etmirsə, deməli, hökumət hələ yetişməyib və o qədər dərindən düşünə bilmir. Yəni problemi dərindən dərk edə bilmir”.
Xəyal



