AXCP Rəyasət Heyətinin üzvünə quraşdırılmış cinayət işində xeyli ziddiyyətlər ortaya çıxdı
AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin işi üzrə məhkəmə istintaqı başladı. Bu iş üzrə Nərimanov Rayon Məhkəməsində keçirilən dünənki iclasda Məmməd İbrahimdən polisə şikayət ərizəsi yazaraq, faktiki onun həbsinə səbəb olmuş Mikayıl Quliyev şikayətini geri götürdüyünü açıqladı. Bir müddət əvvəl AXCP-dən uzaqlaşdırılmış Mikayıl Quliyev bu barədə yazılı ərizəsini məhkəmə prosesinə sədrlik edən hakim Turqay Hüseynova təqdim etdi…
Bundan əvvəl isə məhkəmədə prokuror ittiham aktını elan etdi. Ittihama görə, Məmməd Ibrahim Nərimanov parkı yaxınlığında Mikayıl Quliyevi, həmçinin onu sakitləşdirməyə çalışan Oruc Vəliyev və Məhəmməd Qurbanovu döyüb.
Məmməd Ibrahim elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi.
Daha sonra zərərçəkmiş qismində tanınmış üç nəfərdən biri olan Mikayıl Quliyev ifadə verdi. Bildirdi ki, AXCP-dən ayrılandan sonra Məmməd Ibrahimlə aralarında gərginlik yaranıb. Onun sözlərinə görə, sentyabrın 29-da bir neçə dostu ilə birlikdə olduğu zaman arxadan təhqiramiz ifadələr eşidib, ardınca da Məmməd Ibrahim yaxınlaşaraq, qəfildən ona yumruqla zərbə vurub. Aralarında dava düşüb və ətrafdakılar onları ayırıblar. Hadisə yerindən birbaşa polisə gedərək, şikayət edib. Post-Patrul Xidmətinin maşınında polislərlə birlikdə geri qayıdıb, Məmməd Ibrahimi də 18-ci polis bölməsinə aparıblar.
Mikayıl Quliyev qeyd etdi ki, Məmməd Ibrahimin həbsindən sonra onun baba olduğunu eşidib, bağışlamaq istəyib: “Amma sonradan qulağıma bəzi şeylər çatdı, bu fikrimdən daşındım”.
Mikayıl Quliyev Məmməd Ibrahimin vəkili Yalçın Imanovun suallarını cavablandırarkən məlum oldu ki, o, ümumiyyətlə, digər iki zərərçəkmişi tanımır. Amma onun polisə izahatında onların hər ikisinin adı, soyadı, hətta atasının adı yazılıb.
Vəkil hakimə müraciət edərək, bu ziddiyyətə aydınlıq gətirilməsini istədi: “Mikayıl Quliyevin izahatında həmin şəxslərin adları çəkilir, amma istintaq materiallarına görə, guya, onlar oktyabrın 2-də özləri müraciət ediblər. Əgər belədirsə, Mikayıl Quliyev tanımadığı adamların adını necə çəkə bilərdi?”
Maraqlıdır ki, Mikayıl Quliyev polisə ərizəsində “AXCP sədrinin müşaviri Məmməd Ibrahim” tərəfindən döyüldüyünü yazıb. Vəkil Yalçın Imanov ondan Məmməd Ibrahimin AXCP sədrinin müşaviri olmasının ərizədə hansı zərurətdən qeyd olunduğunu soruşdu. Lakin o, suala cavab verə bilmədi.
Daha sonra vəkillə Mikayıl Quliyev arasında sual-cavab bu şəkildə davam etdi:
– Ekspertiza nə vaxt olub?
– Həmin gün qərar verildi, müayinə səhərə gün oldu.
– Kim müayinə etdi?
– Yazılıb orada.
– Hansı nahiyələr müayinə olundu?
– Bilmirəm.
– Ekspertiza nə rəy verdi?
– Yazılıb orada.
– Həmin gün həkimə müraciət etmişdinmi?
– Təcili yardıma müraciət etdim.
– Hər hansı sənəd varmı?
– Get, özün tap.
Dindirmə zamanı Mikayıl Quliyev vəkil Yalçın Imanovu təhqir etdi. Vəkil onun bu cür davranışına imkan yaradılmasını məhkəməyə irad tutdu. Hakim Turqay Hüseynovun vəkilin etirazına reaksiyası belə oldu: “Qıcıqlandırıcı suallar verməyin…”
Vəkil bildirdi ki, müdafiəçi kimi, onun vəzifəsi və məqsədi baş verənlərə aydınlıq gətirməkdir: “Buna görə də çoxlu suallar verirəm. Siz onun vəzifəsini ona başa salmısız, o da suallara cavab verməlidir”.
Məhkəmə iclasında hakim cinayət işinin materiallarına əlavə olunmuş, “facebook”dan çıxarışları elan etdi. Həmin çıxarışlara əsasən, Mikayıl Quliyev sentyabr ayı ərzində “facebook”da Məmməd Ibrahimi bir neçə dəfə təhqir edib.
Mikayıl Quliyev iddia etdi ki, Məmməd Ibrahim onun “facebook” hesabının şifrəsini bilib və özü özünə yazıb.
Məmməd Ibrahim “Adam necə özünü belə təhqir edər?” deyə etiraz etdi.
Daha sonra vəkillə Mikayıl Quliyev arasında sual cavab belə davam etdi:
– Sən hadisədən dərhal sonra polisə getmisən, sonra da ordan polislə birlikdə qayıdıb Məmməd Ibrahimin bölməyə aparılmasında iştirak etmisən. Daha sonra bölmədə izahat yazmısan. Amma sənə verilən rəyə görə, həmin bu hərəkətləri etmək iqtidarında olmamalıydın…
– Mən ölümcül halda deyildim.
– Üzləşmə zamanı hadisə yerində 7 nəfər, ifadənizdə isə 8 nəfərin olduğunu demisiz…
– Mən deməmişəm, sən yazmısan.
– Sənin ifadən əsasında yazılıb, mən buradan oxuyuram. Neçə dəfə ifadə vermisən?
– Iki dəfə.
Mikayıl Quliyevin polisə ilkin izahatı və sonradan istintaqa ifadəsində dedikləri arasında ziddiyyət yarandığından onlar elan edildi.
Məhkəmə iclasında fasilə elan olundu. Fasilədən sonra Mikayıl Quliyev hakimə müraciət edərək, şikayətini geri götürmək istədiyini bildirdi. Hakim bildirdi ki, bunu yazılı şəkildə məhkəməyə təqdim etməlidir. O, məhkəmə zalında “Mən Quliyev Mikayıl Kamil oğlu Məmməd Ibrahimlə barışıram, ona qarşı heç bir şikayətim yoxdur” məzmununda ərizə yazaraq, hakimə təqdim etdi. Ərizə iş materiallarına əlavə olundu.
Məhkəmə prosesi yanvarın 11-də davam edəcək.

***
Xatırladaq ki, Məmməd Ibrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub.
Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd Ibrahimə qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Təxminən bir ay sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd Ibrahim onları da vurub. Bundan sonra Məmməd Ibrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılıb. Ona CM-nin 221.2.2-ci maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında iki ilədək islah işləri və ya beş ilə qədər həbs cəzası nəzərdə tutulub.
Məmməd Ibrahim isə ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Təzəxan Mirələmli




