Dəqiq xatırlamıram, 9-10 yaşlarında olardım bəlkə. Anam bir manatla evimizə xeyli uzaq olan kənd mağazasına çay almağa göndərdi. Sovet zamanında yaşayanlar Lenin şəkilli dəmir bir manatı yaxşı xatırlayır hər halda. Evdən bir az aralanmışdım ki, yolun kənarındakı çəmənlikdə dəmir manat əlimdən sürüşüb yuvarlandı. Şeytan gizləmiş kimi o manatı yarım saata yaxın axtardım. Axırda öz halıma ağlamağım gəldi və əlimi üzüb evə dönmək qərarı verdim. Bu vaxt pul ayağıma dəyib otların arasından çıxdı. Hər yadıma düşəndə gülməyim gəlir, amma onu da xatırlayıram ki, o vaxt həmin manat ailələr üçün önəmli pul sayılırdı. Ən azı 3-4 qutu çay və ya 5 çörək almaq mümkün idi ona. Tələbəlik illərində dəyərini daha çox anlatdı. 90-cı illərdə tarixi dəyişikliklər manat dəyişikliyini gətirəndə köhnədən künc-bucaqda o pullardan bir xeyli qalmışdı. Indi də evdə Lenindən yadigar həmin dəmir manatdan 3-4-ü var. Uşaqlıqda yarım saat ağlamsına-ağlamsına axtardığım o manat indi bir şeyə yaramayan dəmir parçasıdır. Bir həftə əvvəl milli manatımızın anidən 50 % ucuzlaşdığını eşidəndə, həmin dəmir manatı itirdiyim günü xatırladım. Bunun bir gün baş verəcəyini anlasaq da, düşdüyümüz fəlakəti həzm etmək asan deyil. Heç olmasa, uşaqlıq xatirəndə itiyini tapdığın anın gülümsədən məqamı qalır. Bu ucuzlaşmanın, dəyər itkisinin sonunda isə təsəlli olacaq heç bir nüans görünmür…
Bir ölkənin iki tarixi mərhələsində yaşamış, yeni mərhələdə azadlıq və milli dəyərlər uğrunda mübarizə aparmış insanlar üçün belə xəyal qırıqlığı yaşamağın nə qədər ağır olduğunu söyləməyə ehtiyac varmı? O dəyərlər naminə həyatının önəmli illərini qurban vermiş, şəxsi istəklərindən vaz keçmiş, inad və qətiyyətlə bu günə qədər yol gəlmiş insanlar üçün ölkəni belə böhran burulğanında görmək necə ürək parçalayan bir haldır, bilirsinizmi? Illərdir göz görə-görə, qulaq eşidə-eşidə, ağıl kəsə-kəsə ölkənin sürükləndiyi bu fəlakətə əngəl ola bilməmək nə böyük dərddir, təsəvvür edirsinizmi? Gözlə görünən və doğmalarınla birlikdə üstünə yaxınlaşan böyük yanğın təhlükəsini xatırladır hər şey. Görürsən, amma əlindən bir şey gəlmir. Qışqıra-qışqıra böyük yanğına kiçik qablarda su atmaq cəhdinə bənzəyir etdiklərin. Kənardakılar isə saymazyana durub baxır, heç nə olmamış kimi, özünə heç nə olmayacaqmış kimi baxır. Lakin necə yanıldıqlarının fərqində belə deyillər. Indi yanğın evlərinin qapısından içəri girdikdən sonra fərqindədirlərmi, yenə bilmirəm. Bildiyim odur ki, bu adi bir yanğın deyil. Talançı hökumətə bağlılığı olub, pul-para ehtiyatı toplamayan hər kəsin canı yanacaq. Həm də pis yanacaq. Nə az, nə çox, əhalinin 80%-nin canı yanacaq bu atəşdə. Yanğın dörd tərəfi sarıb, çıxış yolu da yox artıq…
Bütün bunlar baş verməyə bilərdi, şübhəsiz. Kimsənin canı yanmaya bilərdi. Ölkə bu böhran girdabına düşməyə bilərdi. Vaxtında haray salıb qışqırmağımız bundan ötrü idi. Saçımızı-başımızı yolmağımız, dizimizə-gözümüzə döyməyimiz bunun üçün idi. Qulaq versəydiniz, diqqət etsəydiniz hər şey başqa cür ola bilərdi. Lakin tənbəllikdən, xofdan, ətalətdən haqqınızı istəməyə həvəsiniz olmadı. Qorxdunuzmu, ərindinizmi, bezdinizmi, siz bilirsiniz. Ancaq bu fəlakəti, bu taleyi özünüzə rəva görməməliydiniz. Gördünüzsə, durumun necə olacağını, bu quyunun dibindən necə çıxacağınızı da özünüz düşünün. Manatla bağlı hər hansı pozitiv perspektivləri də unudun. Daha bundan sonra yaddaşlarda yalnız köhnə manat xatirələri qalacaq…