Cəmil Həsənli ölkədə siyasi məhbus probleminin kəskinləşməsindən yazır
«Günahsız adamların mənəvi simvola çevrilmələrinin xofu da ölkəni repressiyalara sürükləyənləri təqib edir»
Milli Şuranın sədri, professor Cəmil Həsənli ölkədə kəskin xarakter almış siyasi məhbus problemilə bağlı fikirlərini bölüşüb. Milli Şura sədri bu haqda fikirlərini “facebook” səhifəsində paylaşıb:
Siyasi məhbus siyahısı daha da genişlənəcək
2015-ci ilin son günlərində siyasi məhbus məsələsi ölkəmizdə özünün kritik həddinə çatıb. Siyasi məhbuslar üzrə işçi qrup ötən həftə yenilənmiş siyahını elan etdi. Son aylarda siyasi mülahizələrlə, saxta ittihamlarla həbs edilmiş bir sıra şəxslərin adı yenilənmiş siyahıya əlavə edildi. Onların sayı 93 nəfər müəyyən edilib. Lakin Nardaran hadisələrinə görə həbs edilmiş Hacı Tale Bağırzadə və digər şəxslərlə bağlı araşdırmalar aparıldığından, onların vəkilləri ilə görüşlərə icazə verilmədiyindən həmin hadisələrdə həbs edilmiş xeyli adam bu siyahıya daxil edilməyib. Amma bir ay ərzində saxlanılmış şəxslərə vəkilləri ilə görüş imkanı verilmirsə, bu elə siyasi məhbus kriteriyasının tətbiq edilməsi üçün yetərlidir. Bu halda ölkəmizdə siyasi məhbusların dairəsi daha geniş olub, 110-115 nəfər ətrafında vətəndaşı əhatə edəcəkdir. Onların bəziləri, məsələn keçmiş səhiyyə naziri Əli Insanov 10 ildən artıqdır, digərləri, məsələn Səid Dadaşbəylinin dəstəsi adı ilə həbs olunanlar 7 ildən artıqdır, Möhsün Səmədov, Abgül Süleymanov və digər dindarlar 5 ilə yaxındır ki, cəzaçəkmə yerində saxlanılırlar. Halbuki, 3 ilə yaxındır Əli Insanovun günahsız olması, həbsdən azad olunması haqqında Strasburq məhkəməsi qərarını elan edib.
Problem təhlükəli həddə çatıb
Siyasi məhbusların geniş dairəsi 2013-cü ilin əvvəllərindən başlayaraq, qurama işlərlə həbsə alınmış siyasi partiya rəhbərləri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti, gənclər təşkilatları təmsilçiləri və mətbuat nümayəndələrindən ibarətdir. Həmin ilin prezident seçkilərindən sonra güclənən repressiyalar vətəndaş cəmiyyətinin çökdürülməsilə nəticələndi. “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansının bu yaxınlarda açıqladığı hesabatda problemin meydana gəlməsi, onu doğuran səbəblər və siyasi məhbuslara qarşı irəli sürülən ittihamların saxta xarakteri, hüquqi anlayışlara dayanmayan mühakimə prosesləri və ədalətsiz məhkəmə hökmləri ətraflı şəkildə əhatə edilmiş, peşəkarlıqla hazırlanmış bu sənəddə problemin digər tərəfləri də araşdırılmışdır. Sənədlə tanışlıq ölkəmizdə siyasi məhbus probleminin hansı təhlükəli həddə çıxdığını ortaya qoyur.
Məsələ burasındadır ki, 1937-ci ildən sonra, hətta bəyənmədiyimiz Sovet dövlətində belə, valideynləri öz övladından imtinaya məcbur edən ərizələr yazdırılmamışdı. Qohum-əqrəbanın rejimə ası olan qohumdan kollektiv şəkildə imtinasını biz ancaq Stalin rejiminin son illərdə açıqlanan cinayət əməllərindən öyrənirdik. Ölkəmizdə belə hallar indi adi həyat hadisəsinə, mövcud rejimin gündəlik davranış və əxlaq prinsipinə çevrilib. Cəmiyyət daimi olaraq qorxu altında saxlanılır, az qala, hər həftə kiminsə cibinə narkotik, maşınına silah, evinə sursat atmaqla günahsız insanlar həbsə alınır.
Xalq rəssamının başına gətirilənlər…
Ölkədən kənarda olmaq da hələ cəza aparatından uzaq olmaq demək deyil. Qənimət Zahidin fəaliyyətinə görə yaxın qohumları, Emin Millinin fəaliyyətinə görə qaynı Nazim Ağabəyov, Natiq Ədilovun yazılarına görə qardaşı Murad Ədilov, Günel Mövludun müstəqil davranışlarına görə iki qardaşı – Vəkil və Raci Imanovlar mühakimə edildilər. Ölkədə ziyalısından tutmuş çobanına, gəncindən tutmuş ixtiyarına, qadınından tutmuş kişisinə qədər hər kəs bilir ki, bu adamlar özlərinin yox, “islaholunmaz” qohumlarının cəzasını çəkir.
Amma bu haqsızlığı görə-görə zülmün qarşısında susan bu ölkənin ziyalısı çobanından, gənci ixtiyarından, kişisi arvadından daha gözüqıpıq vəziyyətə düşüb. Nazimin atası Mais Ağabəyov Azərbaycanın Xalq rəssamıdır, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Akademik rəngkarlıq” kafedrasının professorudur. Yaşı 75-i haqlayan bu böyük sənət adamı təkrarsız boyakarlıq nümunələrini yaratmaqla yanaşı, ölkə ekranını bəzəyən onlarla gözəl filmin quruluşçu rəssamıdır. “Nəsimi” “Babək”, “Nizami”, “Yeddi oğul istərəm”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Ölüm növbəsi”, “Əlvida, cənub şəhəri” və digər filmlər onun fırçasından çıxan lövhələr əsasında çəkilib. Rüstəm Ibrahimbəyovun bəzi cəhdləri istisna olmaqla, bir vaxtlar qeyd edilən filmlərin çəkilişində birgə çalışdığı çoxsaylı ədəbiyyat, sənət, mədəniyyət adamlarının demək olar ki, hamısı, üzvü olduğu Rəssamlar Ittifaqı haqsızlığa düçar olmuş, övladı ilə imtahana çəkilən bu böyük rəssamın ixtiyar yaşında çəkdiyi iztirablara biganə qaldılar. Axı Mais Ağabəyov müxalifətçi deyil, Nazim isə heç narkotikin hansı rəngdə olduğunu bilmir.
Saxta ittihamların əzabını çəkənlər
Bütün tənqidlərə rəğmən, hakimiyyət hələ ki, gündəlik işi ilə – günahsız insanları tutmaqla məşğuldur. Bunun mənası odur ki, heç kəs Leyla və Arif Yunusların cəzasının qalan hissəsini evlərində çəkmək üçün həbsxanadan buraxılmasından səhv nəticələr çıxarmasın. Leyla xanım buraxılan gün Fuad Qəhrəmanlının qanunsuz həbsi rejimin bu istiqamətdə cəmiyyətə verdiyi mesaj idi. Hadisədən bir gün sonra Ismayıllıda 15-20 dəqiqə olmuş Ilqar Məmmədov və Tofiq Yaqubluya 5-7 il müddətinə hökm oxunmasının siyasi məramı da cəmiyyətin susdurulmasından ibarət idi. Bu adamların azadlığa buraxılması haqqında Avropa Insan Haqları məhkəməsinin qərarı olduğu halda, müxtəlif bəhanələrlə onları qanunsuz olaraq həbsdə saxlamaq hansı hüquqi, siyasi, mənəvi ölçülərə uyğundur?!
Son bir neçə ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyinə daxil olan Seymur Həzinin, Asif Yusiflinin, Məmməd Ibrahimin, partiya sədrinin müavini Fuad Qəhrəmanlının, AXCP üzvləri Elvin Abdullayev, Qadir Xudabaxşıyev, Müsavat yetkililəri olan Sirac və Fərəc Kərimli qardaşlarının, Yadigar Sadıqlının həbsi də bu “zərurətdən” irəli gəlir. Xədicə Ismayıl öz araşdırmaları ilə cəmiyyətə nümunə verdiyi kimi, öz həbsi, məhkəmə prosesindəki cəsarəti, həbs yerindəki davranışları ilə onu tutanları heyrətə saldı, onlardan daha azad olduğunu təsdiq etdi. Bu gün ölkədə və onun hüdudlarından kənarda azad sözün müdafiəsi Xədicənin müdafiəsindən keçir. Onun həbsdə qaldığı hər gün Azərbaycan hakimiyyətinin mənəvi iflasını, siyasi böhranını daha da dərinləşdirir. Intiqam Əliyev, Rəsul Cəfərov, həbs yerində Vatslav Havel mükafatı almış Anar Məmmədli getdikcə cəmiyyətin milli dirilik nümunəsinə çevrilir. Ilkin, Rəşadət, Elvin, Əbdül, Məmməd, Nicat, Ömər kimi vətənsevər gənclər bu ölkənin gənclik ruhunun ölmədiyin təsdiq etdilər. Pərviz Həşimli məhkəmə prosesi son vaxtlar ifşa olunan MTN-in bütün cinayət mənzərəsini ortaya qoymuşdu. 2013-cü ilin yayında həbs edilmiş keçmiş nazir Nicat Quliyevin bağ evindən çıxan eyni nömrəli silah-sursat sonra Pərviz Həşimlinin evindn çıxdı. Rauf Mirqədirovun saxta ittihamla məhkəməsi yekunlaşdı. Azad sözün həbsini çəkən Hilal Məmmədov, Araz Quliyev, Ərşad Ibrahimli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, vəkillər Əliabbas Rüstəmov, Ələkbər Məmmədov, MDP sədri Nemət Pənahlı, Səid Dadaşbəyli işinə görə 7 ildir həbsdə yatan Mikayıl Idrisov və adını çəkmədiyim onlarla günahsız insan bu gün siyasi məhbus həyatı yaşamaqda, saxta ittihamların əzabını çəkməkdədirlər.
Zaman çox həqiqətləri ortaya qoydu
Çox maraqlıdır, bu insanların demək olar ki, böyük əksəriyyəti üçün günah düzəldən, tor toxuyan, torba tikən keçmiş MTN-nin yüksək vəzifəli şəxslərinin istisnasız olaraq hamısı törətdikləri əməllərə görə ifşa olunublar, həbsə alınıblar. Amma özlərilə yanaşı, ölkəni də rüsvay edən bu mütəşəkkil dəstənin min bir oyun qurub, saxta suç düzəldib həbs etdikləri günahsız insanlar hələ də məhbus həyatı yaşamaqdadır. Çünki DIN, prokurorluq və məhkəmə orqanları bütün bu saxta cinayət işlərinə hüquqi don geyindirilməsində MTN-nin qanunsuz əməllərinə ortaq olublar, onun diktəsilə iş görüblər. Siyasi məhbusların bu günə qədər azadlığa çıxa bilməmələrinin bir səbəbi də budur. Indi artıq bütün bəhanələr tükənib, vicdanlı, namuslu adamlara qarşı törədilən qanunsuz əməllər, çıxarılan saxta hökmlər bütün dünyanı heyrətə salıb. Indi tək dünyanın basqısı deyil, millətin nifrəti deyil, həbsdə saxlanılan günahsız adamların mənəvi simvola çevrilmələrinin xofu da ölkəni repressiyalara sürükləyənləri təqib edir. Zaman çox həqiqətləri ortaya qoydu. Hazırda onları görməyin və real qiymətləndirməyin vaxtıdır.