Manat həm də ona görə sürətlə ucuzlaşır ki…

akarimli-2014Əfv sərəncamı ilə manatın taleyi arasında ciddi əlaqə olduğunu bilirdiniz? Manatın can üstündə olması yalnız iqtisadi faktorlarla bağlı deyil. Manat həm də ona görə sürətlə ucuzlaşır ki, ölkədən iri miqyaslı kapital axını var. Ölkədən kapital axını hər zaman olub. Bəs son zamanlar kapital axını niyə belə sürətlənib? Aydındır ki, ölkədə böyük pullar bu rejim mənsublarının özündədir. Pulu da ölkədən onlar çıxarır. Pulu ona görə belə sürətlə çıxarırlar ki, xüsusən sanksiya söhbətindən sonra hökumətin nazirləri də (onlar həm də nəhəng oliqarxlardır) bu hakimiyyətin siyasi perspektivinin olmadığını anlayıblar. Hər halda həyatda gözübağlı yaşamırlar və başa düşürlər ki, ABŞ-la “sanksiya müharibəsində” bu çürük rejimin qalib gəlmək şansı yoxdur.

Ölkəyə xarici sərmayənin gəlməməsi, hətta xaricdən kredit imkanlarının məhdudlaşdırılması da iqtisadi səbəblərlə yanaşı, həm də siyasi səbəblərlə – hakimiyyətin avtoritar, hüquqa zidd mahiyyətilə bağlıdır. Bir sözlə, ölkədəki sosial-iqtisadi böhranın günü-gündən dərinləşməsi hökumətin iqtisadi səriştəsizliyi ilə yanaşı, xalqla və beynəlxalq aləmlə qarşıdurmaya getməsilə də bağlıdır. Bu baxımdan bugünkü əfv sərəncamı ilə bir nəfər də olsun, siyasi məhbusun azad edilməməsi təkcə demokratik düşərgəyə, vətəndaş cəmiyyətinə kinin, qəzəbin deyil, həm də ölkə əhalisinin çətinləşən sosial-iqtisadi durumuna biganəliyin, ölkənin nə qədər çətin duruma düşdüyünü dərk etməməyin ifadəsidir. Ölkəni kin və qisas hissi ilə idarə etməzlər. Tarixi təcrübə göstərir ki, kin, hikkə və qisas hissini əldə rəhbər tutan avtoritar liderlər xalqlarına xeyli əziyyət çəkdirirlər, amma çox vaxt da özləri belə siyasətin qurbanı olurlar.