Hökumət hay-küy salsa da, nəticə dəyişmir
Hökumətin acgöz, yarıtmaz, anti-xalq siyasəti öz “bəhrə”sini verməkdədir. Onsuz da əhalinin vəziyyəti ağır idi. Milli valyutanın 48 faizlik devalvasiyasından sonra vəziyyət daha da ağırlaşdı. Demək olar, bütün növ məhsulların qiyməti qalxıb. Gündəlik təlabat mallarının qiymətinin 40 faiz qalxması milyonlarla insan üçün ağır zərbədir. Hətta çörəyin də qiyməti artıb, yaxud çəkisi aşağa salınıb.
Bir sözlə, hamı qan ağlayır, adamlar bir-birinə “axırımız necə olacaq” sualı verir. Hökumət növbəti dəfə vətəndaşı aldatdı. Illərlə insanların başının altına “yastıq” qoyub, milyardları ölkədən oğurladılar. Bu azmış kimi “milli valyuta sabit qalacaq” vədi verib, bankda pulu olanları, kredit borcu olanları zərbə altına saldılar. Və hər dəfə belə ağır şərait yarananda “süni qiymət artıranlar cəzalandırılacaq” təbliğatı aparıb, insanları aldadırlar.
Indi yenə də telekanallar, hökumət mətbuatı, rejim ekspertləri qiymətlərin qalxmayacağını, möhtəkilərin cəzalanacağını bildirirlər. Amma 5 gündür qiymətlər kəskin artıb və hələ heç kim cəzalandırılmayıb. Azərbaycan idxaldan asılı ölkə olduğu üçün ilk növbədə idxal məhsullarının qiyməti artıb. Yəni dərmandan tutmuş, pampersə qədər bütün məhsulların qiyməti “od” tutub. Idxal məhsullarının arxasında isə iri məmurlar dayanır. Əksər məhsulları kimlərin ölkəyə gətirdiyini sadə vətəndaş da bilir. Ölkədə yerli istehsal cüzi səviyyədə olduğuna görə, hökumət də görüntü yaratmaq üçün yerli istehsalçının yaxasından yapışmaq istəyir. Amma bazarda göy-göyərti satanı güdməklə problemi həll etmək mümkün deyil. Ilk növbədə idxal məhsularının qiyməti endirilməli, monopliyalar ləğv olunmalıdır. Heç kimə sirr deyil ki, 20 ildən artıqdır ölkəyə gətirilən məhsullar 10 qat bahasına satılır. Məsələn, kartofun idxal dəyəri 8 qəpikdir, bananın isə 1 kilosu 44 qəpiyə ölkəyə daxil olur. Demək istəyirik ki, heç olmasa böhran vəziyyətində vətəndaşı soymaqdan imtina edilməlidir.
Artıq ölkə başçısının müşavirələrdə “günahkarlar cəzalandırılacaq” vədi ironiya ilə qarşılanır. Hamı başa düşür ki, deyilənlər müşavirə otağındaca dəfn olunur.
Bir sözlə, hamının gözü qarşısında qiymətlər sürətlə artır, vətəndaşın büdcəsinə təcavüz olunur və hökumətin “cəza çubuğu” heç kimə toxuna bilmir. Ümumiyyətlə, “süni qiymət artımı” ifadəsi də yanlışdır. Qiymətlər təbii şəkildə artır və bunun yeganə günahkarı hakimiyyətdir. Yuxarıda da qeyd etdik ki, siyasi iradə olarsa, heç bir qiymət artımı müşahidə olunmaz. Görünən budur ki, əhalinin dilənçi vəziyyətinə düşməsi də hökumətin daha çox qazanmaq ehtirasını azaltmır. Yavaş-yavaş camaatı qiymət artımına öyrəşdirəcəklər və heç kim də cəzalanmayacaq. Yumurta müşavirəsindən sonrakı vəziyyət də göstərdi ki, hətta ölkə başçısının konkret məhsulu nəzarətə götürməsi də nəticəni dəyişmir. Yenə də nəticə budur ki, sistem dəyişməlidir.
Yoxsa, cəzalanan yalnız xalq olacaq.
Samir