Hökumət büdcəni nə qədər qayçılayacaq?

talibli-mehemmedMəhəmməd Talıblı: «Büdcə gəlirlərinin azalması fonunda büdcəyə yenidən baxılması zəruridir»

Manatın məzənnəsinin enməsi bilavasitə 2015-ci ilin dövlət büdcəsinin icrasına təsir göstərmir. Bu barədə APA-nın sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən bildirilib.

Maliyyə Nazirliyi dekabrın 21-də milli valyutanın xarici valyutalara nisbətdə 48%-lik devalvasiyasının gələn ilin büdcəsinə təsiri məsələsinə də münasibət bildirib.

“2016-cı ilin dövlət büdcəsinin tərtibi zamanı büdcə gəlirlərinin, habelə xarici valyutada ifadə edilmiş büdcə xərclərinin hesablanması zamanı manatın fərqli mübadilə məzənnəsinin istifadəsi ilə əlaqədar gələn ilin dövlət büdcəsinə müvafiq düzəlişlərin edilməsi məsələsinə hazırda baxılır”,- deyə məlumatda vurğulanıb.

Maliyyə Nazirliyindən o da bildirilib ki, bu zaman neftin qiymətinin dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün götürülmüş qiymətindən daha aşağı səviyyəyə enməsi amili də nəzərdən keçiriləcək.

Bildirilib ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin aprel-may aylarında reallaşdırılması ehtimal edilir.

Bəs, gələn ilin büdcəsinə baxılacağı təqdirdə hansı xərclər ixtisara düşə bilər?

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, büdcəyə yenidən baxılması büdcənin gəlir və xərclərində yaranmış risklərlə bağlıdır. Büdcədə neftin bir barrelinin qiymətinin 50 dollardan götürüldüyünü deyən M.Talıblı vurğuladı ki, hazırda neftin bir barreli 37 dollardır: “Ola bilsin ki, biz bir müddət də neftin bir barrelini 37 dollardan satdıq. Nəzərə almaq lazımdır ki, neftin qiymətinin bir dollar düşməsi büdcəyə 800 min dollar ziyan deməkdir. Bu baxımdan yanaşsaq, büdcənin gəlir hissəsinin formalaşmasında neftin qiyməti əhəmiyyətli rola sahibdir. Belə olan halda büdcə gəlirlərinin azalması fonunda büdcəyə yenidən baxılması zəruridir. Hazırda biz müşahidə edirik ki, büdcədə problemlər artıq yaranmaqdadır”.

M.Talıblı bildirdi ki, Neft Fondundan büdcəyə edilən transfertlər nəticəsində büdcə kəsiri tam qapadılacaq. “Beləliklə, devalvasiya qərarı büdcə kəsirinin aradan qaldırılması üçün dövlət üçün əlverişli addımdır”, deyə M.Talıblı vurğuladı.

Xəyal