Gülətkin Hacıbəyli: «Azərbaycanın ABŞ-a sanksiya elan etməsi bir insanın Sakit Okeana meydan oxuyaraq – «səni məhv edərəm» deməsinə bənzəyir»
Milli Məclisdə Amerikaya qarşı sanksiyaların tətbiqi ilə bağlı irəli sürülən qanun layihəsi ironiyaya səbəb olub. ABŞ-ı olmazın cinayətlərdə ittiham edən qanun layihəsinin müəllifi Rövşən Rzayev Vaşinqtona qarşı ciddi addımların atılmasını zəruri hesab edir. Hakimiyyət təmsilçilərinin açıqlamalarından da hiss olunur ki, bu məzmunda qanun layihəsinin ortaya çıxması təsadüfi deyil. YAP icra katibi, sədr müavini Əli Əhmədovun açıqlaması da bu qəbildəndir.
Hakimiyyətdən “əsaslandırma”
“Azərbaycanın Amerika Birləşmiş Ştatlarına sanksiya tətbiq etməsi bizim istəyimiz deyil”, deyə Ə.Əhmədov vurğulayıb. Onun sözlərinə görə, bu, Amerika Birləşmiş Ştatlarında bəzi dairələrin antiAzərbaycan mövqeyinə Azərbaycanın məcburi reaksiyasıdır: “Biz Amerika ilə münasibətlərin gərginləşməsinin tərəfdarı deyilik. Amerika ilə Azərbaycan bir sıra sahələrdə əməkdaşlıq edir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarında bəzi dairələr, bəzi vəzifəli insanlar var ki, Azərbaycanla ABŞ-ın münasibətlərinin pisləşməsi üçün əllərindən gələni edirlər. Hətta Azərbaycana, Azərbaycanın bəzi vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini hazırlayıb təqdim ediblər. Bilmirəm, ABŞ Konqresi bu layihəyə necə mövqe sərgiləyəcək, amma belə bir təşəbbüsün ortaya atılması faktdır. Təbiidir ki, Azərbaycan vətəndaşları, o sıradan Milli Məclis üzvləri bu antiAzərbaycan mövqeyə qarşı öz fikirlərini səsləndirirlər. Bu fikirlərin müəyyən hissəsi də Amerika Birləşmiş Ştatlarına qarşı adekvat addımların atılmasını özündə ehtiva edir. Güman edirəm ki, Amerika Birləşmiş Ştatlarından Azərbaycana qarşı bəzi dairələr tərəfindən sərgilənən antiAzərbaycan mövqeyi aradan qaldırılacaq. Ən azı biz bunu arzu edirik. Əgər belə bir təşəbbüs olmasa, antiAzərbaycan mövqeyi açıq şəkildə özünü göstərməsə, güman edirəm ki, Azərbaycan tərəfindən də müvafiq addımların atılmasına ehtiyac qalmayacaq”.
ABŞ səfirliyindən hakimiyyətin sanksiya layihəsinə reaksiya
ABŞ-ın Azərbaycandakı səfirliyi də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin hazırladığı “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsinə münasibət bildirib. “Biz qanun layihəsini hələ görməmişik. Lakin həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlamışıq. Heç bir ölkə mükəmməl deyil. Insan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması, təkmilləşdirilməsi sahələri davamlı dialoq və təhlilin aparılmasını tələb edir. Biz hər iki ölkənin faydası naminə bu məsələlərlə bağlı səmimi dialoqa acığıq”,- səfirliyin “Turan”ın sorğusuna cavabında deyilir.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, hakimiyyətin bu addımını hansı istiqamətdən təhlil edilsə də, nəticə eyni olacaq. Hakimiyyətin bu addımını qeyri-ciddilik adlandıran G.Hacıbəyli vurğuladı ki, Milli Məclisin ABŞ-a qarşı sanksiya tətbiq etmək istəyi ilin ən maraqlı lətifəsinə çevrildi: “Hakimiyyətin bu təşəbbüsü son günlər manatın ikinci devalvasiyasının yaratdığı stresdən çıxmaq üçün insanlarımıza çox kömək etdi. Insanlar həyatlarının son bir neçə ilində bəlkə bu qədər gülməmişdilər. Azərbaycanın ABŞ-a sanksiya elan etməsi bir insanın Sakit Okeana meydan oxuyaraq – ”səni məhv edərəm” deməsinə bənzəyir. Azərbaycanın gələn il üçün qəbul edəcəyi dövlət büdcəsi 10 milyard dollardan artıq olmayacaq. ABŞ-ın isə təkcə hərbi büdcəsi 600 milyarddan çoxdur. Dövlət büdcələrini isə müqayisə etsək, fərq daha böyük olacaq. On milyard ABŞ-ın orta səviyyədə olan şirkətinin illik dövriyyəsidir. Bu addımın gülünclüyünü izah etməyə belə ehtiyac yoxdur. Biz sadəcə olaraq bu addıma doyunca güldük və depressiyamızı atdıq”.
Hakimiyyətin bu addımı atmasına gəlincə isə, G.Hacıbəyli bildirdi ki, burada iki məqsəd var. G.Hacıbəylinin sözlərinə görə, səbəblərdən biri budur ki, hakimiyyət cəmiyyətdə “biz ABŞ-dan qorxmuruq” fikri formalaşdırsın. Çünki ABŞ-ın qəbul etməyə hazırlaşdığı sanksiyalar olduqca sərtdir. “Yəqin ki, Milli Məclisin də eyni təşəbbüslə çıxış etməsi ”ABŞ-dan qorxmuruq”, “biz bərabər gücdəyik” fikri formalaşdırmağa hesablanıb. Digər tərəfdən, bu addım devalvasiya gündəmini dəyişməyə də yönələ bilər. Amma bu, əks-effekt verdi. Insanlarda hər hansı qorxu və Azərbaycanın ABŞ-a sərt cavabı effekti yaratmadı”.
Xəyal



