Hökumətin AXCP-yə hücumları davam edir. Dekabrın 25-də partiyanın daha bir fəalı həbs edilib. Partiyadan verilən məlumata görə, Gənclər Komitəsinin üzvü Fuad Əhmədli şərlənərək, Xətai məhkəməsinin qərarı ilə 310.1 (polisə müqavimət) maddə üzrə 10 sutka inzibati həbs cəzasına məhkum edilib.
Məlumatda deyilir ki, F.Əhmədlini iş yerindən aparıblar. Ona vəkildən imtina haqda ərizəyə qol da çəkdiriblər.
Onu iki gün qabaq da feysbukdakı bir qeydinə görə polis idarəsinə çağırıb xəbərdarlıq edibmişlər.
Atası Zəfər Əhmədov deyir ki, saat 17.00 radələrində Fuad onunla və dostu ilə əlaqə saxlayaraq, sahə müvəkkilinin iş yerinə gələrək, onu incitdiyini xəbər verib. Bundan bir qədər sonra onun telefonu söndürülüb.
Atası oğlunun yerini öyrənmək üçün polis bölməsinə gedib. Orada bildirilib ki, Fuad artıq Xətai Rayon Məhkəməsinə aparılıb.
Fuad Əhmədli məhkəmədə imkan taparaq, yaxınlarına deyib ki, polisə müqavimət göstərməsi barədə ittiham yalandır. Ona vəkildən imtina barədə sənədə zorla imza atdırıblar.
Fuad Əhmədli məhkəmədən Binəqədidəki inzibati qaydada həbs olunanların saxlanıldığı təcridxanaya aparılıb.
Yaxınları Fuad Əhmədlinin “facebook” statusuna görə cəzalandırıldığını deyir. Onların gümanına görə, söhbət bu statusdan gedir:
“Nədi, ay camaat? İndi mitinqlərə başlasaq, çıxacaqsız, yoxsa hələ vaxtı deyil? Yəni evdə artıq 5-10 manatınız qalıbsa, deyin, səbr edək. Gözləyək, gəlib qapazı vurub onu da alsınlar sizdən? Nə deyirsiz? Etiraz, yoxsa başıaşağı həyata davam?“