Bizə uymayan uğur formulu

saadet-cahangir-koseSəadət Cahangir

Yaxınlarda peşəkar qolfçu Arnold Palmerin uğur formulu haqqında maraqlı fikirləri çıxdı rastıma. Məşhur qolf ustası deyir: “Məğlub olduğunuzu düşünürsünüzsə, artıq məğlubsunuz. Cəsur olmadığınızı düşünürsünüzsə, qorxaqsınız. Qazanmaq istəyirsiniz, lakin qazana bilməyəcəyinizi düşünürsünüzsə, heç bir halda qazana bilməzsiniz. Itirəcəyinizi düşünürsünüzsə, çoxdan itirmisiniz artıq. Kənara çıxdığınız zaman anlayacaqsınız ki, uğur ancaq onu istədiyiniz halda gələcək. Hər şey insanın ağlında ifadəsini tapır. Aşağılandığınızı düşünürsünüzsə, aşağılanmısınız artıq. Yüksəlmək üçün yüksək düşünməlisiniz. Bir mükafatı qazanmazdan əvvəl özünüzdən əmin olmalısınız. Həyat mücadiləsini qazanan kəs hər zaman, ən güclü və ya ən sürətli olan deyil. Tez və ya gec qazanan adam, qazanacağını əvvəlcədən düşünə bilən adamdır…”

Azərbaycan insanı isə özünü çoxdan inandırıb ki, onda dünyanın heç bir uğur formulu alınmaz. Heç bir cəhd, çalışma, canatım, mübarizə onu qurtara bilməz. Heç bir qətiyyət, inadkarlıq, cəsarət, enerji, ruh onu xilas edə bilməz. Nədən, qardaşım, anam, bacım, əmim, dayım, atam, babam, axı nədən? Yoxsa sizin maketinizi hansısa yadplanetlilər hazırlayıb gətirib buraxıb buralara, xəbərimiz yoxdur? Bəlkə sizin havanızın, suyunuzun, qidanızın tərkibinə bizə məlum olmayan başqa bir maddə qatılıb? Öz halınızdan xəbəriniz var, Allah eşqinə? Ətalətinizə, süstlüyünüzə, tənbəlliyinizə haqq qazandırmaq üçün daha nələr uydura bilərsiniz? Daha nə bəhanələr tapmaq olar başqa xalqlar kimi ortaya çıxıb “haqqımı istəyirəm” deyə səslənməmək üçün? Doğrudanmı, yaxşı yaşamaq istəmirsiniz? Istəmirsinizsə, indi mağazalara, marketlərə hücum çəkib piştaxtaları boşaltmaq təlaşınız nədir belə?..

Açığı bu hücuma da təəccüblənmirəm. Çünki üç il əvvəl “qiyamət olacaq” panikası ortaya çıxanda, yan-yörəmizdə konserv, makaron, suxarı və bənzər ərzaq ehtiyatı ilə bağlı təlaşı görmüşdüm. Indiki təşviş də o vaxtkına bənzəyir. Insanların canını “qiyamət” qorxusu alıb. Bilmirsən güləsən, yoxsa alayasan. Üç il əvvəl gülmüşdüm, həqiqətən. Xurafata inanıb, olacaqdan qaçmaq istəyənlərin halına gülmüşdüm. Qiyamətin nə, necə, nə zaman olduğunu anlamadan makaron tədarükü görən zavallılara gülməyəsən, neyləyəsən axı? Amma indi durum başqadır və heç gülməli deyil. Ölkənin gerçəkdən qara günləri başlayıb artıq. Başlayacağını illərdir anons edib deyirik. Bu günün konturları çoxdan görünürdü, əslində. Bütün çılpaqlığı, açıqlığı, boyaları ilə görünürdü. Hər şey apaydın ortada idi görmək istəyən üçün. Görməzdən gələnlər, özünü korluğa vuranlar, faktdan qaçanlar başqa. Onların çoxu həmin o “qiyamət” əndişəsinə düşənlər idi elə. Indi marketlərə hücum çəkib piştaxtaları boşaldanlar da onlar. Təbii, insan olaraq anlamağa çalışıram. Belə böhran zamanında bir ay beş-on manat irəli düşmək də hesabdandır. Anlamadığım və heyrət etdiyim tamam başqa şeydir. Anlamadığım şey insanların hələ də onları gözləyən fəlakətin fərqində olmaması, indi yığdıqları o ərzaq ehtiyatı tükəndikdən sonra nə olacağını anlamamasıdır. Anlamayanlar üçün deyə bilərəm-hər şey pisləşməyə doğru gedəcək. Bütün çıxış limitləri tükənəcək. Sənə düşən odur ki, ayağa qalxıb haqqını tələb edəsən. Neft milyardlarının hesabını sorasan. Inhisarçılığa, talana, israfçılığa, korrupsiyaya son qoymağı tələb edəsən. Taleyini dəyişmək sənin öz əlindədir. Bunun sənin yerinə kimsə etməyəcək. Hələ də anlamadınmı?