“Azadlıq” qəhrəman bir gəncdir

turqut_er-musahibe“Azadlıq” qəzetini 22 ildir oxuyuram. Hətta 1993- 2000- ci illər arasındakı bütün saylarını arxivləyib özümlə götürmüşəm və zaman- zaman evdə oxuyuram. Bu qəzetlərə görə Azərbaycanın yaxın tarixini incələyirəm. Üstəlik, bu arxiv mənə imkan verir ki, “Azadlıq”-ın o günləri ilə bu günlərini müqayisə edim. “Azadlıq” yarandığı günlərdə Azərbaycan xalqı hüquq dövləti, vətəndaş cəmiyyəti uğrunda mübarizəyə mənəvi və informasiya dəstəyi verən qəzet idi, insan azadlıqları və demokratiya hərəkatının ön sıralarında idi. Bu gün də eyni durumdur və eyni missiyadır. “Azadlıq” 10 illər bundan əvvəllər olduğu kimi həmin mücadiləni eyni qəhrəmanlıqla verməkdədir. O zamanlar “Azadlıq” dünyanın ən böyük senzura sistemi ilə üzbəüzdü, müxbirləri, yazarları həbsxanalara atılırdı və bu gün də “Azadlıq” qəzetinin yazarları növbə ilə həbsxanalardadır. Qəzetin baş redaktoru da daxil olmaqla həbs, təqib, təhdid görməyən əməkdaşları yoxdur. Amma bu təqiblərə və təhdidlərə baxmayaraq, “Azadlıq” yenə də tiranlığa, diktatorluğa əyilmədi. O zamanlar da “Azadlıq” zaman-zaman kağızdan, mətbəədən məhrum edilirdi, qəzetin çapına davamlı əngəllər yaradılırdı, bu gün də eyni sıxıntılarla üz-üzədir və hətta qəzetin satışından əldə edilən vəsaiti də redaksiyaya verməkdən aşkar şəkildə imtina edirlər, qəzetin nəinki yazarlarına, hətta bəzən oxucularına da təhdidlər edilir, azadlıq tərəfdarları isə çeşidli uydurma bəhanələrlə həbslərə atılır.
“Azadlıq” yalnız Azərbaycanda deyil, bütün Qafqazda söz azadlığının örnəyidir.
İnanıram ki, “Azadlıq” illər uzunu verdiyi müqəddəs mücadilənin bəhrəsini görəcəkdir və bu mücadilə Azərbaycan tarixinə artıq, qızıl hərflərlə yazılmışdır. İnanıram ki, çağdaş, demokratik, hüquq dövləti qurmuş Azərbaycanı görəcəyimiz gün uzaqda deyildir. Bu Azadlıq ideyaları bütün Qafqazın başı üzərində bərqərar olacaqdır.
Bu yolda inamla davam edən “Azadlıq”a uğurlar arzulayıram, onun qəhrəman əməkdaşlarını təbrik edirəm.

Turqut Ər