Antiterror Mərkəzinin keçmiş rəisi Elçin Quliyev barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçildi
MTN işi üzrə həbs olunanların siyahısı genişlənməkdədir. Siyahıya daha bir generalın adı əlavə olunub. Dekabrın 25-də Səbail Rayon Məhkəməsinin qərarı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev barədə ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, Elçin Quliyev vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadə etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma kimi cinayətlərdə ittiham olunur.
Xatırladaq ki, adı bir sıra siyasi motivli həbslərdə tez-tez hallanan Elçin Quliyev oktyabrda MTN ətrafında baş verən son olaylardan sonra vəzifəsindən azad edilərək, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin olunmuşdu.
MTN-in bir xeyli yüksək vəzifəli şəxslərinin, o cümlədən Akif Çovdarov, Elçin Quliyevin təqsirləndirilən şəxs qismində cəlb olunduğu cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində aparılır. Elçin Quliyevin həmin idarənin çox məşhur müstəntiqi, NIDA-çılardan tutmuş, Leyla Yunusa qədər bir çox siyasi sifarişli işlərin istintaqını aparmış Ibrahim Ləmbəranskinin dayısı olduğu bildirilir.
İnformasiya şöbəsi