Xalqın azadlıq yaddaşını diri tutan “Azadlıq”

zumrud-yagmur-yeniZümrüd Yağmur

Bu gün nə yazıq ki, həm “Azadlıq”ın, həm də azadlığın mübarək, Azərbaycan deyə bilmirik.
Çünki yaşadığımız ölkədə azadlıq sürgünə göndərilib. YAP hakimiyyəti onu gedər-gəlməzə yola salmaq üçün illərdir ki, dayanmadan çalışır. İnsanların qəlbinə, düşüncəsinə zülmət çöksün deyə ən ağılalmaz əməllərin altına öz çirkin imzasını atır.

Və istək var:

Azadlıq ideyaları və ondan doğacaq böyük əməllər bu məmləkətin insanının düçüncəsinə oturmasın.
Azərbyacan azad və böyük olmasın.
Bu ölkədə insanlar ələ baxan, cəsarətsiz və aciz olsun ki, onlar da kiçik hesab etdiklərinin yanında özlərini böyük zənn etsinlər.

Tarix insan yaddaşından azadlıq ideyasını silmək üçün çaba göstərən despotlarla doludur. O despotlarla ki, insanın yaramaz və aciz, dəyərsiz, adi olduğunu ona sübut edib, əzmək üçün ən dəhşətli əməlləri törətməkdən çəkinməyiblər. Amma kimsə azadlıq eşqini insan yaddaşından silə bilməyib…

Azərbaycanda da bu yaddaşı diri tutan, onu acizlik və zavallı olmaqdan xilas edən tək qəzet, “Azadlıq” varkən kimsə bu xalqın yaddaşında o böyük dəyəri, azadlığı silə bilməyəcək. Nə qədər bu xalqı qınayıb, ondan narazı olduğumuzu dilə gətirsək də yenə “Azadlıq” a üz tutur bu xalq.

Bu gün ən çox oxunan qəzet, “Azadlıq”ın varlığı buna sübutdur.

Bu ölkədə bir çox dəyər və prinsiplərin yıxıldığı vaxtda özünə və adaşı azadlığa sadiq qalan qəzet, yaşın mübarək…

“Azadlıq”ım, gün o gün olsun ki, azadlığını qutlayaq…