“MTN-in sifarişilə qanunsuz hökm çıxaran hakimlər cəzalandırılsın!”

milli-sura-rehberlikMilli Şuranın Koordinasiya Mərkəzi Nardaranda həbs olunanların hüquqlarının pozulmasını, istefa verən müstəntiqə qarşı təzyiqləri pislədi

Dünən Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Toplantıda Milli Şuranın sədri, professor Cəmil Həsənli ABŞ səfəri barədə məlumat verib. O, səfər müddətində keçirdiyi görüşlər, qatıldığı tədbirlər barədə Koordinasiya Mərkəzinin üzvlərini məlumatlandırıb.
Müzakirələrin gedişində dekabrın 21-də Azərbaycan milli valyutasının 2015-ci ildə ikinci dəfə devalvasiyaya uğraması geniş müzakirə olunub. Manatın növbəti dəfə ucuzlaşması hakimiyyətin səriştəsizliyi, yanlış idarəetmənin, ölkədə hökm sürən talançılığın, monopoliyanın, korrupsiyanın acı nəticəsi kimi dəyərləndirilib. Qərara alınıb ki, bununla bağlı Milli Şuranın bəyanatı qəbul olunsun.
Toplantıda siyasi məhbusların azadlığı istiqamətində görülən işlər, atılan addımlar müzakirə olunub və qərara alınıb ki, qarşıdakı günlərdə də bu istiqamətdə işlər davam etdirilsin.
Nardaran hadisələri zamanı həbs olunan “Müsəlman Birliyi” hərəkatının sədri Hacı Taleh Bağırzadə və digərlərinin vəkillərilə görüşməsinə, ailə üzvləri ilə əlaqə saxlamasına imkan verilməməsi, eləcə də onların digər hüquqlarının tapdanması da müzakirə mövzusu olub və pislənilib. Taleh Bağırzadə və digərlərinin həbsinin siyasi motivli olduğunu bildirən Koordinasiya Mərkəzinin üzvləri hakimiyyətdən onların hüquqlarının qanun çərçivəsində müdafiə olunmasını tələb ediblər.
İclasda son 10 ildə ictimai-siyasi fəallara, iş adamlarına qarşı MTN-nin qanunsuz olaraq həyata keçirdiyi əməliyyat və həbslər zamanı iştirakçı olmuş müstəntiqlərin, eləcə də həmin işlər üzrə ədalətsiz məhkəmə hökmü çıxarmış hakimlərin cinayət məsuliyyətinə cəlb olunması tələb edilib.
Koordinasiya Mərkəzinin üzvləri prokurorluq orqanlarından istefa verdiyinə görə YAP üzvü, keçmiş millət vəkili Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun evində axtarış aparılması, ona qarşı təzyiqləri də pisləyib.