Azərbaycan manatının 2-ci devalvasiyasından təkcə dollarla deyil, həm də manatla kredit götürənlər əziyyət çəkir. Bunu “Molbulak” bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədr əvəzi Elgiz Dadaşov deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi BOKT-un kredit portfeli əsasən manatla olsa da, dolların 2-ci dəfə kəskin bahalaşmasından sonra ödəniş etməkdə çətinlik çəkən müştəriləri var: «Krediti manatla olanlar da vaxtı uzatmaq istəyir. Məsələn, elə müştəri var ki, aylıq ödənişi 200 manatdır. Amma qiymətlərin artdığını və maddi vəziyyətin çətinləşdiyini əsas gətirərək aylıq ödənişi 100-150 manata endirmək istəyir».
Təşkilat rəhbəri bildirir ki, belə müraciətlərə adətən anlayışla yanaşılır və imkan daxilində müsbət cavab verilir: «Yəgin ki, gələn həftə belə müraciətlərə baxacağıq, həmin kreditləri restruktizasiya edəcəyik».
Elgiz Dadaşov onu da qeyd edib ki, “Molbulak” vəsaiti manatla, yerli banklardan illik orta hesabla 15% olmaqla cəlb edir. Bu vəsait illik 25%-lə kredit kimi verilir.
(fins.az)