Azərbaycan əhalisinin kredit borclarının silinməsi məsələsi reallığa uyğun deyil. Bunu fins.az-a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov deyib. Onun sözlərinə görə, son günlər mətbuatda 10 min dollara qədər borcların silinməsi və yaxud köhnə məzənnə ilə ödənilməsi barədə fikirlər səslənir, amma borc məsələsi bu formada öz həllini tapa bilməz.
“İstər bank olsun, istər bank olmayan kredit təşkilatı olsun, kimlərəsə kredit veriblərsə, bunu öz kapitallarından da çox, cəlb etdiyi vəsaitlərlə ediblər. Yəni, kredit təşkilatları da kiməsə borcludur, öhdəlikləri var. Borcun silinməsi o halda mümkündür ki, həmin pullar dövlətin hesabına ödənilsin. Dövlətin də indi maliyyə vəziyyəti ona imkan vermir. Bəlkə də vəziyyət yaxşı olsaydı bu barədə fikirləşmək olardı. Necə ki, ABŞ-da iqtisadi böhran zamanı dövlət bəzi banklarda olan ipoteka borclarını bağladı. Səhv etmirəmsə, Amerika banklarına 400 milyard dollara qədər kompensasiya ödənilmişdi ki, vətəndaşların borcları silinsin” – deyə Sülayman Kələşov qeyd edib.