Bu yanacağı nədən qayırırlar ki, neftin qiymətinin düşməsi ona təsir etmir
Belə bir zərb məsəl var: “Dəvədən yıxılıb höt-hötün yerə qoymur”. Eynən bizim hökumətin boyuna biçilib bu məsəl. Baxın, bir balaca sitat verim.
“Dövlətin indiki vəziyyətdə yeritdiyi maliyyə siyasətini bu gün hər birimiz başa düşməliyik. O xalq maneələri asan dəf edir ki, çətin məqamda birləşməyi bacarır, səylərini eyni məqsəd, eyni amal uğrunda bir nöqtədə cəmləyir. Eyni zamanda, iqtisadi inkişafa, sosial rifahın təminatına mane olan nə varsa ondan imtina edir. Bir də, bizə min illər bundan öncə tövsiyə olunub ki, qollarımızı nə həddən ziyadə geniş açaq, nə də sinəmizə bərk sıxaq. Yəni əliaçıqlıqda və qənaətcillikdəhədləri aşmayaq”.
Bunları iki gün əvvəl hökumətin təbliğat qəzeti “Azərbaycan” yazmışdı. Yazının yəqin, tərcüməyə ehtiyacı yoxdur. Deyirdilər ki, çətin vəziyyətdəyik, camaat, siz də bir az səbirli olun görək başımıza nə gəlir.
Bunu kimin dilindən eşidirik? Uzun illərdir, camaata pul verməsə də, pulunun çox olması ilə bağlı etdiyi çıxışları ilə xalqın qulağını yağır edənlərdən…
Analoqsuz inkişafımız dünyanı tozda qoyub fəxarətini keçirənlərdən…
Deməli, onlar vəziyyətin çətin olduğunu yumşaq formada da olsa, etiraf etməyə məcburdursa, realda vəziyyət ağır yox, dəhşətlidir.
Amma belə bir vəziyyətdə “höt-hötlərin yerə qoymurlar”, ABŞ-a sanksiya tətbiq etməyə hazırlaşırlar. Biz bunu 10 il əvvəl demirəm, 2-3 il qabaq eşitsəydik ki, Azərbaycan Amerikanı sanksiyalara məruz qoyacaq, gülərdik, yaxud zəif yumor sayardıq. Fəqət artıq, bu barədə qanun layihəsi hazırdır. Yaxın günlərdə parlament ona baxacaq.
Mən hələ də optimizmi itirməmişəm, gözləyirəm ki, bu layihə keçib eləməyəcək, sadəcə hap-goplu bir iclas olacaq ABŞ-a xox gələcəklər (aman Tanrım), sonra “fövqəldövlətə düşünmək üçün” vaxt verəcəklər. Bu mənim variantımdır. Layihəqəbul olunsa… bax ondan sonra ana yurdumuzu nə gözləyir, bunu təsəvvür eləməyə bendeyi-həqirinizin fantaziyası çatmır, onu mənzur tutun.
Amerikanların isə onlara tətbiq edilən sanksiyadan sonra (aman Tanrım, necə qorxunc səslənir) hallarını köhnə bir sovet lətifəsi izah edir. Deyilir ki, bir sovet vətəndaşı yolla gedəndə “NKVD”-nin qapısının önündə bir elan görür: “Kənar şəxslərin bura girişi qəti qadağandır”. Adam elanı oxuyur və öz-özünə deyir: “elə bura girməkdən ötəri ürəyimiz gedirdi”.
Bu ağır günlərdə kifayət qədər dedik-güldük, indi keçək gündəmin ciddi hadisələrinə.
Manatın ucuzlaşması ilə bağlı dövlət başçısının “fundamental” izahıyla tanış olduq. O da təzə söz demədi. Bu qəzanı atdı “xarici düşmənlərin” üzərinə. Ən maraqlısı isə budur ki, dedi neftin qiymətinin düşməsi hər şeyə təsir elədiyindən manat da elə belə qala bilməzdi. Haqlıdır. Bəs haqsızlıq nədədir?
Haqsızlıq odur ki, bu nə hikmətdir, neftin ucuzlaşması hər şeyə təsir edir, amma əsas neft məhsulu olan benzinə, dizel yanacağına yox? Nə üçün neftin qiyməti dünya bazarında 3 dəfə düşür, amma bizim ölkədə benzin 3 qəpik belə ucuzlaşmır? Axı azərbaycanlılar unutmayıb ki, həmişə benzini bahalaşdıranda onlara deyiblər, vallah, bizlik bir şey yoxdur, bu zəhrimar dünyada bahalaşıb, biz də məcburuq!
“Neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur” deyir dövlət başçısı. Bəli, olsun ki belədir. Bəs dünyanın dörd bir guşəsində neftin qiymətinin endiyi bir vaxtda, özü də dəfələrlə, Azərbaycanda benzin və dizel yanacağının qiymətinin dirəşib durmasının, ucuzlaşmamasının təbii iqtisadi əsasları varmı?
Ilham Əliyev bunlardan danışmadı, bəlkə də vaxt darlığından. Ona ayrılan efir vaxtının çox hissəsini xarici düşmənlərin ifşasına həsr etdiyindən əsas sual cavabsız qaldı.
Dünyanı düşmən çıxarmaq asandır, bu sadə suala cavab verilməlidir!
Natiq Güləhmədoğlu