Bu gün “Azadlıq” qəzetinin ad günüdür. Qutlu olsun!
“Azadlıq”da hardasa 6-7 il olar yazıram. Bir zamanlar ucqar kənddə evinizədək gələn, az qala sayları ilə böyüdüyün, adı əfsanələşmiş bir qəzetin gün gəlib bir parçası olmaq xeyli qəribə hissdir, sözlə ifadə etmək çətindir. Arada hansısa yazı üzərindən qəzet yönəticiləri ilə qovğalarımız, qırğınlıqlarımız da olur 🙂
“Azadlıq”ı tam fərqli format və üslubda, obyektiv və subyektiv səbəbləri olan bugünki bəlli çatışmazlıqlarından tamam arınmış şəkildə görmək şəxsən mənim ən böyük istəklərimidən biridir. İstər-istəməz düşüncələrimiz hardasa toqquşur. Mən ona inanıram ki, yeni çağ mətbuatımızda məktəb yaratmış bu qəzet bütün parametrlər üzrə, hətta adı ilə belə indikindən qat-qat yüksək yerləri haqq edir.
Bununla belə özəlliklə ölkədəki çağdışı rejimdən qaynaqlanan sərt şərtlər, acı reallıqlar daxilində daha artığına ümid etməyin çətin olduğuna du unutmayaq. Ölkədə yazılı mətbuatın tam təslim olduğu bir şəraitdə “Azadlıq”ın varlığı mühüm hadisədir.
Bu tarixi gün münasibəti ilə “Azadlıq”ı yaradan və yaşadan hər kəsə ehtiramlarımı çatdırıram. Və Mirzə Cəlilin sözləri ilə səslənirəm: “Qələminizi qırın, amma sındırmayın!”.