“Azadlıq” kimsənin qəlibinə girməz, minlərlə insanın qəlbindədir!

qanimat-zahid-yeniBu gün “Azadlıq” növbəti ad gününü qeyd edir. Ötən il 25 yaşımız oldu və məncə, bütün ictimaiyyət “Azadlıq”ı yubiley münasibəti ilə təbrik etməyi özünə borc bilirmiş kimi davrandı. Biz, əlbəttə, fərəhləndik və cəmiyyətimizin də bu yubileydən dolayı necə fərəhləndiyini görmək ikiqat sevinc yaşatdı bizə…

Amma bu sevinc daha böyük ola bilərdi.

İndi “Azadlıq” çap mediası adına gerçək informasiyanın tək ünvanıdır və bu, yaxşı göstərici deyil. Bir zamanlar Azərbaycanda söz azadlığının böyük bir düşərgəsi vardı. O nəhəng düşərgəni didib-dağıtdılar, yalnız “Azadlıq” qala bildi. Onu da didib- parçalamağa hazır olan neçə-neçə “dostlar” var. Ölkədə söz azadlığının son qalasının düşməsi üçün nəfsini itiləyən nə qədər güclər var. “Azadlıq” isə təkdir və davam edir.

Olduqca ağırdır, çətindir, amma davam edir. Yaralarından qan axan söz azadlığının yeganə təskinliyi kimi davam edir.

Bizim kollektivimiz çox balacadır. Bəlkə də, bu kollektiv həftəlik bir qəzeti ayaqda saxlayacaq qədər kiçikdir, amma “Azadlıq” hər gün çıxır və bizimkilər bir-birinin yanında dayanıb onu ayaq üstə saxlamağı bacarırlar.

Sizə adi görünməsin. Avtoritar təfəkkürün söz azadlığı ideyalarını yeyərək şişdiyi, gücləndiyi zamanlarda “Azadlıq” adında bir qəzeti qoruyub saxlamaq və onu adının hökm buyurduğu prinsiplərin qəzeti kimi qoruyub saxlamaq olduqca çətin olmalıdır. Axı, bütün tərəflərdən azadlığı məhdudlaşdırılmış və ya azadlığı büsbütün əlindən alınmaqla “xoşbəxtlər” cərgəsinə qoşulmuş nə qədərlər var. Onların azadlıq nisgili də qəzəbə çevrilib “Azadlıq”ın üzərinə yağır. Avtoritarizmə yenilənlər də bizim  üzərimizə gəlir… Avtoritarizmə qarşı dayanmaq özü- özlüyündə çətin deyil. Onun tör-töküntülərinin qopardığı tozanaq könül bulandırar.

“Azadlıq” çox sıxıntıları adladı və hələ də adlamaqdadır. Azadlıq – uğrunda dayanılası bir anlayışdır, zatən.

Mən bir qəzetin öyküsünü yazmıram. Bu dünyada bir qəzet olsa nə olur, olmasa nə olur? Amma haqq və hüququ əlindən alınmış bir millətin işıq axtarışı kimidir: iynənin gözü boyda bir işıq hər zaman qatı qaranlıqları yarıb ağılların dərk edə biləməyəcəyi böyük bir kəhkəşanın səbəbi olur.

Dünyanı hər yerində özünə görə bəlli standartlar var. Dünyanın bütün ölkələrinin və bütün toplumlarının sifəti bu standartlara görə bəlli olar. Bizim ölkəmiz də istisna deyil. Bizim ölkəmizin standartlarını toplumun topuğundan aşağı düşürməyi bacaran qaba bir güc də var. Bu qabalıq bütün müstəvilərdə insanların həyatı və davranışları üçün qəliblər – standartlar düzəldib. Adamları bu qəliblərin içinə gömməklə sahman yaratmaq istəyir. Həm də yalnız adamları deyil, ideyaları, düşüncələri, xəyalları, arzuları belə, qəlibə dürtməklə düşük standartlar yaratmaq nəfsi var. Çox məqamlarda bunu bacarır da, hətta. Amma bacarmadığı, qəlibə dürtə bilmədiyi fenomenlər də var. Gənclik var olduğu kimi. Avtoritar qəlibə yerləşməyən ənənələri ruh kimi, duyğu kimi, müqəddəsat kimi toplumun başının üstünə qaldırıb yaşatmağı bacaran fenomenlər də var. Adamlar kimi, ideyalar kimi, yaddaş kimi…

“Azadlıq” sadəcə bir qəzet olsa nə vardı ki?! O, avtoritarizmin qəlibinə yerləşməyən və yerləşməyəcək bir ölçüdür.

Hər gün “Azadlıq”dan bir söz, bir ideya, bir yaşam eşqi qoparmadan yaşaya bilməyəcəyini düşünən minlərlə azərbaycanlını təbrik edirəm!

Hər gün“Azadlıq” təşnəsi olan insanlarımıza o azad ruhu yetirən balaca, amma mərd və fədakar kollektivimizi təbrik edirəm!

Bu gün bizim qəzetimizin 26 yaşı tamam oldu!