Əli Kərimli: “Bu qəzet tariximizin avtoritarizmlə mübarizə dövrünün səlnaməsini yazır və yaradır”
AXCP sədri Əli Kərimli “Azadlıq” qəzetinin 26 illiyini təbrik edib. Feysbuk səhifəsində paylaşdığı təbrikdə Əli Kərimli yazır:
– 24 il bundan qabaq həyatımın mühüm seçimlərindən birini etdim. Hüquq fakultəsində təhsilimi başa vurduqdan sonra prokurorluq orqanlarında işləmək üçün aldığım təyinatdan imtina edib, tələbə kimi yarımştat çalışdığım “Azadlıq” qəzetində parlament müxbiri olaraq fəaliyyətə başladım. “Azadlıq” qəzetinə təşəkkür edirəm ki, məni heç vaxt bu seçimimə görə peşman etmədi.
“Azadlıq” ilk gündən bu günlərə qədər hər zaman xalqımızın danışan dili, haqq tribunası oldu. Kollektiv ötən 26 ildə çox məhrumiyyətlər yaşadı – həbs olundular, döyüldülər, ofisləri əllərindən alındı, aylarla maaşsız qaldılar, amma qələmə və onun həqiqətə xidmət missiyasına xəyanət etmədilər. Rejim bu qəzeti, onun məğrur kollektivini satın ala bilmədi, tam əksinə, “Azadlıq” hakimiyyətdən zərbələr aldıqca daha da möhkəmləndi, mətinləşdi, azad sözün alınmaz qalasına çevrildi, ölkədə haqqı tapdalanan, hüququ əlindən alınan hər kəsə dayaq oldu.
Bu gün “Azadlıq”ın 26 yaşı tamam olur. Qəzetin ilk baş redaktoru Nəcəf Nəcəfovun xatirəsini hörmətlə anıram, ona Allahdan rəhmət diləyirəm. Qəzetin baş redaktoru dostum Qənimət Zahid və onun 1-ci müavini dostum Rahim Hacıyev başda olmaqla qəzetin hazırkı kollektivini, qəzetin indiki günlərə gəlib çıxmasında rolu olmuş keçmiş əməkdaşlarını, sadiq oxucularını, ölkədəki bütün azadlıqsevərləri bu münasibətlə ürəkdən təbrik edirəm. “Azadlıq” tariximizin bu çətin dövrünün – avtoritarizmlə mübarizə dövrünün səlnaməsini yazır və yaradır. Gün o gün olsun ki, qəzet demokratik Azərbaycanın da tarixinin yazılıb, yaradılmasında mühüm rol oynasın!



