AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli feysbuk səhifəsində “Azadlıq” qəzetini təbrik edib:
– Bu gün AZADLIĞA açılan pəncərəmiz – “Azadlıq” qəzetinin doğum günüdür. “Azadlıq” təkcə qəzet, mətbuat orqanı deyil, mövcud olduğu bütün dövrlərin iqtidarlarına qalib gəlmiş ədalət məbədidir. Ən ağır, dözülməz anlarımızda “Azadlıq” qəzeti qəlbimizə nur saçdı, su səpdi, yaşamaq və mübarizə aparmaq üçün stimul oldu. Bu qəzeti susdurmaq, öldürmək üçün nələrə əl atmadılar, hansı oyunlardan çıxmadılar. Lakin “Azadlıq” küldən doğan simurq quşu kimi yenidən cəmiyyətin ümid və inam mənbəyinə çevrildi. Bu gün tam məsuliyyətlə demək olar ki, ölkə mətbuatındakı ən mübariz, peşəkar və dünya nemətlərinə əyilməyən jurnalistlər məhz “Azadlıq” məktəbinin yetişdirmələridir. Qəzet bu gün də hakimiyyətin hədəfindədir. Lakin yaradıcı heyətin fədakarlığı nəticəsində “Azadlıq” Azərbaycan mətbuatının flaqmanı olaraq qalır. Bütün dünyaya səpələnmiş “Azadlıq”sevərləri təbrik edirəm! Qəzetin yaradıcı heyətinə isə işıqlı ideyalarının reallaşmasını arzulayıram!