Vəkil Rauf Mirqədirova bəraət istədi

rauf-mirqedirov2

Jurnalist dekabrın 25-i məhkəmədə son sözünü deyəcək

Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun məhkəməsi yekunlaşmaq üzrədir. Bu iş üzrə artıq məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək, jurnalistin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyilə keçirilən bugünkü qapalı məhkəmə iclasında Rauf Mirqədirovun vəkili Fuad Ağayev müdafiə nitqilə çıxış edib. Daha sonra Rauf Mirqədirova son söz demək təklif olunub. Jurnalist çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 25-də Rauf Mirqədirovun son sözü ilə davam edəcək.

Məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən vəkil Fuad Ağayev bildirib ki, müdafiə çıxışında Rauf Mirqədirova bəraət verilməsini istəyib: “Mənim söylədiklərim Rauf Mirqədirov üçün sürpriz çıxış deyildi. Əslində, Rauf Mirqədirovun təqsirsizliyini hüquqi baxımdan sübut eləmək çox asandır. Mən də ona bəraət verilməsini istədim. Çünki Rauf Mirqədirovun ittiham olunduğu cinayəti törətməsini sübut edən heç nə yoxdur, amma bunu təkzib edən kifayət qədər sübutlar var”.

Xatırladaq ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.ÿO, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Aytən