Manata təhlükə sovuşmayıb

manat1

Ekspertlər 3-cü devalvasiyanın mümkünlüyünü vurğulayır

Dekabrın 21-də manatın üzən məzənnəyə keçirilməsi ilə bağlı qərar mətbuatın əsas müzakirə predmeti idi. MB-nin son qərarı ölkədə zəlzələ effekti yaratdı. Artıq bir neçə gündür ki, ölkədə xidmət, satış sektoru tamamilə iflic olub. MB rəhbəri Elman Rüstəmovun manatın devalvasiyası ilə bağlı verdiyi açıqlama və gətirdiyi arqumentlər isə əksinə, ictimaiyyətdə olan narahatlığı daha da artırıb.

Manatı gözləyənlər və hökumətin gətirdiyi arqumentlərlə bağlı ekspertlərin verdikləri rəyləri bu gün də diqqətinizə çatdırırıq.

“Daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik”

qubad-ibadoglu

Tanınmış iqtisadçı Qubad Ibadoğlu “facebook”da paylaşdığı statusda vurğulayıb ki, MB sədrinin son açıqlaması üçüncü devalvasiyayadan xəbər verir:

“Elman Rüstəmovun son açıqlamasına görə, manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcək. AMB bundan sonra artıq bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcək, tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacaq.

Bu açıqlama onu göstərir ki, AMB yenə də valyuta ehtiyatlarını bazarda xərcləmək kimi sonu olmayan və problemin tam həllinə təsiri azalan bir yol seçib. Deyilənlərdən belə məlum olur ki, hələ yaxın günlərdə yeni valyuta rejimindəeksperiment keçirib, tələb və təklifin əsasında qiymətin müəyyənləşməsini izləyəcək və lazım gələndə də bazara müdaxilə edəcək”.

Iqtisadçının sözlərinə görə, AMB-nin seçdiyi yol Qazaxıstan Mərkəzi Bankının (QMB) seçdiyi yoldan fərqli deyildir: “Lakin QMB həm zaman və həm iqtisadiyyatın strukturu baxımından daha əlverişli məqamlarda qərarlar qəbul edib. Onlar ilk devalvasiya qərarın təxminən 2 il əvvəl, dünya bazarında neftin qiyməti yüksək olanda verdilər. Eyni zamanda Qazaxıstanda iqtisadiyyat daha çox şaxələnib, orda bizim kimi valyuta yalnız neft satışından əldə olunmur. Odur ki, qazaxları gecikmələrlə ”yamsılamağa” dəymir. AMB milli iqtisadiyyatın hazırkı durumuna və perspektivlərinə əsaslanan valyuta siyasəti qurmalı, qonşu ölkələrin buraxdığı səhvləri təkrarlamamalıdır. Əks tədqirdə, çox qısa müddətdən sonra biz yeni və daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik”.

“Manat devalvasiyada erməni dramına uduzdu”

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyev isə sosial şəbəkədə paylaşdığı fikirlərində qeyd edib ki, MB-nin son qərarı ilə manata ilin ən zəif valyutası adını vermək olar.

2015-ci ilin bitməsinə bir neçə günün qaldığını deyən S.Əliyev vurğulayıb ki, bu il iqtisadi proseslər baxımından bol olsa da, əsas diqqət mərkəzində milli valyutamızın məzənnəsi oldu: “Dekabrın 21-də milli valyutamız növbəti kəskin ucuzlaşmaya – 47,6 faiz məruz qaldı. Birinci devalvasiya uzunmüddətli sabit məzənnədən sonra fevralın 21-də baş vermişdi və manat 34,6% ucuzlaşmışdı. Ümumilikdə 2015-ci ildə manat dollara münasibətdə 97,6% dəyərsizləşib. Bu göstərici ilə manat keçmiş SSRI ölkələri arasında liderdir. Milli valyutamız yola saldığımız ildə ən çox ucuzlaşan valyuta olub. Növbəti yeri Qazaxıstan (91,46) və Belarus (54.37 faiz) tutur. Siyasi və iqtisadi çətinlik dövrünü yaşayan Ukrayna qrivnası ucuzlaşma həddinə görə (49,15 faiz) 4-cü olub. Orta Asiya təmsilçiləri olan Tacikistan 30,04)və Qırğızıstanda 28,82 faiz ucuzlaşma təxminən eyni səviyyədə olub. Qonşu Gürcüstan larisinin ucuzlaşması 27,40 faiz olub. Hazırda ucuz neft dövrünü yaşayan və sanksiya məngənəsində sıxılan Rusiya rublu dəyərini 26,7 faiz itirib. Moldova leyi 25,44 faiz ucuzlaşıb. Qapalı iqtisadiyyatı olan Türkmənistan və Özbəkistanda milli valyutaların ucuzlaşması uyğun olaraq 22,81 və14,68 faiz təşkil edib. Ən qəribəsi odur ki, xarici streslərə qarşı ən dözümlü valyuta Ermənistan valyutası çıxıb. Dram 2015-ci ildə cəmisi 0,95 faiz ucuzlaşıb”.

“Kəskin devalvasiyaya ciddi lüzum yox idi”

natiq-cederli

Iqtisadçı ekspert Natiq Cəfərli isə “Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, kəskin devalvasiyaya ciddi lüzum yox idi. Çünki ölkə iqtisadiyyatı fevralda baş verən 35 faizlik devalvasiyanı hələ həzm etməmişdi və ciddi problemlər yaşanırdı: “Ona görə də indi belə kəskin devalvasiyanın olmasının çox böyük fəsadları olacaq. Hökumətin düşüncəsində yeganə müsbət addım o olacaq ki, 2016-cı il büdcəsinə Neft Fondundan 6 milyard dollar transfert olunmalı idi, indiki yeni məzənnə ilə 40 faiz az dollar transfert olunacaq. Bundan Neft Fondu təqribən 2 milyard dollar qənaət edəcək. Yeganə pozitiv tərəfi budur. Bir də Mərkəzi Bankın valyuta ehtiyatının kəskin azalmasının sürəti azalacaq. Bundan başqa, heç bir pozitiv addım olmayacaq. Amma bu devalvasiyanın 2016-cı il büdcəsinin həm gəlir, həm də xərclər hissəsinə ciddi təsiri o mənada olacaq ki, iqtisadi aktivlik zəiflədikcə vergi gəlirləri aşağı düşəcək. Yəni insanlar işləmədikcə, pul qazana bilmədikcə daha az vergi ödəyəcək. Bu da vergilərdə nəzərdə tutulmuş təqribən 7,2 milyard manatlıq ölkə büdcəsinə daxilolmaların yerinə yetirilməməsi ilə nəticələnəcək, vergi kəsiri yaranacaq”.

Ölkənin idxaldan ciddi asılı olduğunu deyən N.Cəfərli bildirib ki, hökumət ərzaq bazarında 55 faiz yerli məhsullar olduğunu bəyan etsə də, bu, həqiqəti tamamilə əks etdirmir. Çünki yerli məhsul adı altında bazara çıxan məhsulların böyükəksəriyyətinin xammalı xaricdən gətirilir. “Ciddi inflyasiya gözlənilir. Ən az etimalla yaxın gələcəkdə qiymətlər 25-30 faiz qalxacaq”, deyə N.Cəfərli vurğulayıb.ÿ

Üzən məzənnənin həyata keçirilməsi üçün şəraitin olmadığını deyən N.Cəfərli bildirdi ki, əslində üzən məzənnə adı altında yenidən inzibati yolla məzənnənin təyin olunması prosesinin şahidi oluruq: “Maaşlar, pensiyalar və müavinətlər ən yaxşı halda rəsmi inflyasiya səviyyəsinə görə indeksləşdiriləcək, bu da cəmi 4 faizdir. Indi, dekabr ayında elan etdilər. Ən yaxşı halda gələn il büdcə təşkilatlarında çalışanların maaşı 4 faiz artacaq. Amma həm ərzaq, həm də qeyri-ərzaq məhsullarında qiymətlərin təqribən 30 faiz artması gözlənilir”.

Ikinci devalvasiyadan sonra əhali və banklar necə davam gətirəcək?

rovshan_agayev

Iqtisadçı Rövşən Ağayev 21 dekabr devalvasiyası ilə bağlıÿ öz bloqu vasitəsilə çox maraqlı təhlil paylaşıb. Onun da şərhini qısa ixtisarla təqdim edirik: “Azərbaycan iqtisadiyyatının hazırkı strukturu və problemləri üzən məzənnə rejiminin üstünlüklərindən bəhrələnməyə imkan yaratmır. Söhbət hansı imkanların olmamasından gedir? Əvvəla, üzən məzənnə rejimi bilavasitə azad mexanizmdi və rəqabətli iqtisadiyyatın olmadığı, azad bazar institutlarının fəaliyyət göstərmədiyi şəraitdə bu rejimin tətbiqi ağır nəticələr verir. Üzən rejim şəraitində inflyasiyanın böyük sosial fəsadlarını yalnız ölkədə inhisarçılıqdan azad sahibkarlıq sektoru, sərt və korrupsiya mexanizmlərindən uzaq gömrük-vergi tənzimlənməsi təmin edir. Yaxşı futbol oynamaq üçün peşəkar hakimlər komandası, 22 futbolçu, oynamaq üçün topun olması nəyə lazımdı – yaşıl meydança yoxdusa? SSRI-dən qalma köhnə iqtisadi idarəetmə, vəhşi dövlət kapitalizminə məxsus ultra inhisarlaşmış iqtisadi mühit ilə üzən valyuta rejimi kimi xalis bazar alətini bir araya gəlmiş kimi görünür, ancaq bizdə eksperment edilə bilər.

Üzən məzənnə rejimi iqtisadiyyatın müəyyən ixrac potensialının mövcudluğu, idxaldan asılılığın kəskin xarakter almadığı şəraitdə fayda verir. Buğda və çörək məmulatlarının az qala 60, kərə və bitki yağlarının 50-80, geyim bazarının azı 70, dərman bazarının 100, məişət avadanlıqlarının azı 80-90%-i idxaldan asılı ölkədə valyutanın sərbəst buraxlılması yoxsul təbəqə üçün məşəqqətli sosial şərait vəd edir.

Üzən məzənnə rejimi ölkəyə kapital axını üçün əlverişli iqtisadi mühitin olduğu şəraitdə ölkə üçün uduşlu olur. Ölkəyə gələn xarici kapitalın ölkədən çıxan kapitaldan üstünlüyü yoxdursa, üzən məzənnə rejimi milli valyutanın müntəzəm ucuzlaşması, iqtisadiyyatın inflyasiya burulğanında boğulması ilə müşayiət ediləcək. Rəsmi məlumata görə, 2015-ci ilin 9 ayında Azərbaycana kapital formasında daxil olan valyuta cəmi 3.1 milyard dollar, çıxan isə 9.7 milyard dollar olub – fərq ÿ6.6 milyard dollar (3 dəfə). Halbuki,ÿməsələn, 2014-cü ildə həmin fərq 2 milyard dollardan da az olmuşdu. Cari əməliyyatlar hesabının müsbət saldosunun cəmi 40 dəfəyədək azaldığı şəraitdə kapital axınlarının bu cür böyük mənfi saldosu üzən rezjimin tətbiqi üçün çox riskli zamanın seçildiyini göstərir.

Iqtisadiyyatın üzləşdiyi risklər

Nəhayət, iqtisadiyyatın üzləşdiyi risklər barədə. Bank sektorunun valyuta ilə borcları 5.5 milyard dollara yaxındı. Bu o deməkdir ki, bank sektoru ən azı manatla 3 milyard manat əlavə borc qaytarmalı olacaq. Ötən devalvasiyada da təxminən bank sektorunun xaricə borca xidmət xərci bu qədər artmışdı.ÿCəmi bir ildə təkcə xarici borclarına görə 6 milyard manat zərərə düşən bank sektoru əlavə olaraq 1.5 milyard manat da dollarla depozitlərə görə ödəyəcəklər. Çünki hazırda banklarda valyuta ilə qoyulmuş təxminən 12 milyard dollar həcmində depozit var. Doğrudur, banklar bu resursların təxminən 9 milyard dollarını kredit kimi verib. Bu o deməkdir ki, arada qalan 3 milyard dollara yaxın vəsait devalvasiya nətcəsində dəyərdən düşüb və depozit sahiblərinə onları qaytarmaq üçün manat ifadəsində əlavə olaraq 1.5 milyard manat vəsaitə ehtiyac var. Iqtisadi fəallığın, kreditlərə tələbatın sürətləÿazaldığı, kredit reytinqlərinin pisləşməsi üzündən xarici resurslara çıxışın məhdudlaşdığı, Mərkəzi Bankın dəstək imkanlarının minimuma endiyi şəraitdə bank sektoru bu zərəri necə qarşılayacaq? Bu sektoru yaxın aylarda çox çətin sınaqlar gözləyir. Xüsusilə, gözlənilən qiymət artımı nəticəsində maddi durumun ağırlaşması əhalini depozitlərdən daha fəal istifadəyə vadar edəcək. Bu da nəzərə alınsa, bank sekorunun üzləşəcəyi ağır vəziyyəti təsəvvür etmək çətin deyil.

Əhalinin aldığı zərbə də çox ağır olacaq – təkcə qiymət artımı baxımından yox – təxminən 9 milyard dollar xarici valyuta ilə kreditə görə azı 4.5 milyard manat əlavə vəsait ödəməlidi. Indiki ağır sosial durumda insanlar bu vəsaiti hansı mənbədən alacaq? ÿ ÿ ÿ ÿ

Yeganə təskinlik hökumətindi – ötən il bu zamanlar 5 milyard dolları Neft Fondundan büdcəyə transfert edəndə cəmi 3.8 milyard manat vəsait xərcləyə bilirdi, indi bu məbləğ artıq 10 milyard manatÿ təşkil edir. Hökimət devalvasiya ilə təkcəehtiyatları xilas etməyə hədəfə almayıb – devalvasiya büdcədə neftin açdığı çox böyük “deşiyi” də yamamaq üçün dərman oldu.

Yaddan çıxan çox vacib məsələ var: hökumət yaşayış minimumunu, yoxsulluq üçün ehtiyac həddini cəmi 1 aydı təsdiqləyib. Amma gözlənilən kəskin qiymət artımı həmin göstəricilərə yenidən baxmağı qaçılmaz edir. Baxacaqlarmı? Baxacaqlarsa, büdcəni də dəyişmək lazımdı – maaş, pensiya və müavinətləri artırmaq üçün.ÿ

Amma, deyəsən, ucuz neft erasının bədəlini biz ödəyəcəyik – yeni qiymətlər, əski gəlirlər, qayçılanmış qida rasionu… Geyimlərinizə də köhnə deyib atmayın – hələ çox lazım olacaq”.

Xəyal