“Ya ermənilərlə əlaqəyə malikdir, ya da getməsi ermənilərə maraqlı deyil”
Nahid Cəfərov: “Bu millətlə və onun dəyərləri ilə bu qədər alçaq formada oynamayın”
Azərbaycanın Niderland Krallığındakı keçmiş konsulu Nahid Cəfərov son günlərdə Ermənsitanın yenidən müharibə bəyanatları verməsini və cəbhə bölgəsində gərginliyin artmasını şərh edib. O, feysbuk səhifəsində yazıb ki, bununla Azərbaycanın daxili siyasətində yaşananlar arasında əlaqə görür.
“Görəsən nəyə görə Azərbaycanda siyasi vəziyyət azca gərgin olan kimi ermənilər mənasız bəyanatlar səsləndirirlər və bizim də bəzi xəbər saytları bunu tirajlayırlar? Əslində xəbər saytlarının bunu tirajlaması anlaşılandır, çünki düşmən haqqında xəbərdir. Lakin nəyə görə məhz siyasi müstəvidə hökümət dalana dirənəndə erməni məsələsi və müharibə çağırışları gəlir gündəmə?”, – deyə suallar verən N.Cəfərov daha sonra yazır:
“Əgər bunu gündəm dəyişmək üçün edirlərsə, bu yalançının evi yandı kimsə inanmadı effektini yaradacaq. Daha pis izahat isə belə ola bilər: hökümət ya ermənilərlə əlaqələrə malikdir, ara qarışan kimi onları işə salır, ya da bu hökümətin getməsi ermənilərə maraqlı deyil. Çünki ermənilər də bilir ki, hakimiyyət stabillik xətrinə öz xalqına divan tutur. Bir düşmənə bundan yaxşı xidmət etmək mümkün deyil.
Siyasəti bu cür alçaq bir formada cılızlaşdırmayın. Sizinçün vətən anlayışının Qacarın vətən anlayışı ilə:
“Vətən! Çoxmu sevir məni o vətən? Mənə həcv yazır hər yoldan ötən…
Çox da tərifləmə mənə vətəni, bu qılınc olmasa yeyərlər məni!“
(səhv etmirəmsə, S.Vurğunun, “Vaqif” əsərindəndir) eyni olduğunu bilirəm, lakin bu xalq, bu millət bu vətənə aiddir və siz sabah qaçıb getsəz də bu xalq bu vətəndə yaşayacaq. Bu millətlə və onun dəyərləri ilə bu qədər alçaq bir formada oynamayın”.