Rüfət Səfərov aclığı davam etdirməkdə israrlıdır; onun Zakir Qaralova müraciətində nə deyilir?
Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsindən siyasi bəyanatla istefa verən Rüfət Səfərov aclıq aksıyasını davam etdirir. R.Səfərov istefa ərizəsini Respublika Prokurorluğuna göndərəndən sonra baş prokuror xüsusi maddələrlə onun prokurorluq orqanlarından xaric edilməsinə əmr verib və fəaliyyətini yoxlamaq üçün komissiya göndərib. Komissiya R.Səfərovun xidməti kabinetinə baxış keçirərkən onun şəxsi komputerini götürüb, şəxsi mobil telefonlarını qanunsuz şəkildə yoxlayıb. R.Səfərov həm özünə qarşı bu qanunsuzluqlara, həm də bütövlükdə ölkədəki haqsızlıqlara görə dekabrın 21-dən aclıq aksiyasına başlayıb.
Həyat yoldaşı Nuray Səfərova “Amerikanın səsi” radiosuna deyib ki, Rüfət Səfərov səhhətində problemlər yaranmasına baxmayaraq, aclığı davam etdirir. “Hazırda Rüfət danışmaq imkanında deyil. O halsızdır, uzanıb. Təzyiqi çox yüksəkdir – 170/110. Təcili tibbi yardım çağırdıq. Həkimlər Rüfətə aclığı dayandırmağı və sakit halda uzanmağı məsləhət bildilər. Lakin Rüfət aclığı davam etdirir”, – deyə Nuray Səfərova qeyd edib.
Rüfət Səfərov dünən baş prokuror Zakir Qaralova da müraciət edib. Bu barədə moderator.az məlumat yayıb. Müraciətdə deyilir: “Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Zakir Qaralova.
Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov tərəfindən müraciət.
Hörmətli cənab baş prokuror!
Barəmdə qəbul etdiyiniz məlum qərara hörmət ifadə edərək bir sualıma ya özünüzün, ya da tabeliyinizdə olan digər yüksək çinli prokurorluq əməkdaşlarının cavab verməsini xahiş edirəm.
Cənab baş prokuror!
Baş Prokurorluq əməkdaşlarının etiraz etməyimə, məhkəmənin müvafiq qərarının olmamasına baxmayaraq, xidməti kabinetimdəki şəxsi kompüterimin götürülməsi, habelə istifadə etdiyim iki telefona daxil olan və çıxan zənglərə, sms-lərə baxış keçirilməsi, bunlar azmış kimi, kirayənişin olduğum mənzildə axtarış aparılması qüvvədə olan Cinayət-Prosessual Məcəlləsi ilə istisna edildiyi halda bunlar necə baş vermişdir? Inanmaq istəyirəm ki, Baş Prokurorluğun əməkdaşları qeyd etdiyim qanunsuzluqları rəhbərliyin göstərişi əsasında etməmişdir.
Qeyd edilən qanunsuzluqlarla əlaqədar artıq bir sutkadan çoxdur ki, Zərdab şəhərində yaşadığım evdə aclıq aksiyaslna start vermişəm. Çünki ləyaqətimin aşırı dərəcədə alçaldılması qənaətindəyəm. Digər tərəfdən, məhkəmə sisteminin, hakimlərin müstəqil surətdə qərar qəbul etmə imkanlarının sıfırın altında olduğu barədə məndə formalaşmış fikir məhkəməyə müraciət etməyimə mane olur.
Cənab baş prokuror!
Xahiş edirəm ki, tabeliyinizdə olan əməkdaşların qanunsuz əməlləri barədə müvafiq qaydada tədbir görəsiniz. Əks halda, quru aclığa başlayaraq cənab prezidentə müraciət edəcəyəm. Cənab prezidentdən xahiş edəcəyəm ki, vətəndaş Rüfət Səfərovun haqq və hüquqlarının bərpa olunması üçün ali iradəni nümayiş etdirsin. Mən buna inanıram”.