natiqedilov

Hökumət camaatın balasını qırğına vermək istəyir?

natiqedilovNatiq Güləhmədoğlu natnetaz@gmail.com

1998-ci ilin prezident seçkisini əsas müxalif qüvvələr boykot eləmişdi. Boykot o zaman AMIP-ə böyük imkanlar yaratdı və Etibar Məmmədov uğurlu seçki kampaniyası ilə cana doymuş elektoratın səsini qazanaraq, Heydər Əliyevi məğlub etdi.

Seçkidən sonra AMIP Əliyev dövründə ilk sanksiyalaşdırılmış aksiyaya çıxdı, polislə cəmi bircə toqquşma kifayət elədi ki, dəcəllik AMIP-dən xali olsun. Gördüyünüz kimi, bu gün də AMIP o qədər sakit və intizamlıdır ki, milçək uçanda ondan çox səs-küy yaradır. AMIP-in seçkidən sonra toxdadığı ilk günlərdə Etibar Məmmədov barədə Zərdüşt Əlizadədən soruşanda yaxşı bir söz demişdi: “Indi Etibar bəy öz təbii vəziyyətinə qayıdır”.

Dərindən təhlil eləməsək belə, bu gün manat ajiotajına da ən düzgün cavab Zərdüşt müəllimin o sözünə oxşayır. Manat və Azərbaycan təbii vəziyyətinə dönür. Qardaşlar, nə qədər ağır olsa da, bunu öz aramızda etiraf eləməliyik: o dollarla, avro ilə dirəşən, onlara yuxarıdan aşağı baxan manat yalançı manat idi. Arxasında güc, maddi-texniki baza olmayan əskinas idi. Bu, bizə xoş gəlirdi. Işimizə yarayırdı axı. Fəqət, iqtisadiyyat ciddi şeydi, onu AzTV süjetlərilə, çıxışlarla qurmurlar. Zavodlar, fabriklər, real təsərrüfat üzərində, azad rəqabətlə qurulur o zəhrimar. Qurmadıq, daha doğrusu, qurmadılar. Biz də onun qurulması üçün elə bir canfəşanlıq eləmədik, vətəndaş məsuliyyətimizi unutduq, bir qarın çörəyə görə haqq sözü deyən ağızlara daş basdıq, bu da nəticə. Indi bardaş qurub camaat manata, manat da camaatın bərələn gözünə baxır. Nə eləsək də bu uzun-uzun baxışmalar, gözsüzdürmələr nə manatı o endiyi taxt-tacına qaldırandı, nə də xalqın yarasına dərman olandı…

Manat kimi xalq da öz real vəziyyətinə qayıtmalı, reallığın ondan diqtə elədiyi işləri görməlidir. Nədir onlar?

Birinci iş barədə əvvəlki məqaləmdə də yazmışam. Zülm rejiminə qarşı müqavimət, mübarizə! Hamı bacardığı qədər. Kim özünü aldatmaq istəmirsə, bugünkü vəziyyətə görə manatı, qərbi-şərqi söyməkdən, yamanlamaqdan əl götürsün. Məşhur ifadə ilə desək, fəlakətlərimizin banisi bugünkü avtoritar rejimdir. Bu rejim dəyişmədən, manat hələ çox öləcək, öldürəcək.

Ikinci vacib iş də birinciyə bağlıdır, illüziyadan xilas olmaq lazımdır. Kim bu rejimin islahatlara gedəcəyini, yeni iqtisadiyyat quracağını düşünürsə, vay halına. Təkcə bir məqamı gözə alın: bunlar indikindən qat-qat pullu, imkanlı, dünyanın mədəni kəsimi ilə münasibətlərinin daha yaxşı olan vaxtda xalq üçün ciddi heç nə qurub-yarada bilməyibsə, indi külli-kainat başlarına dar olduğu halda, neynəyə bilərlər?

Və bugünkü yazını bir sualla bitirək.

Ilham Əliyevin köməkçisi Əli Həsənovun müsahibəsində maraqlı bir yer var, görmüsünüzmü? Neftin ucuzlaşmasının səbəbini izah edir, deyir ki, bunun baiskarı ABŞ-dır. Deyir ki, ABŞ konfliktdə olduğu Rusiyanı taqətdən salmaq üçün süni yollardan istifadə edib nefti ucuzlaşdırır. Qeyd edib ki, belə getsə, neftin tezliklə bahalaşacağı da gözlənilmir.

Gözəl analizdir.

Fəqət, burada sual yaranır: bax, sizin qürrələndiyiniz yeganə bir şey vardı ki, neftimiz var, ay Avropanın enerji təminatındaÿrolumuz böyükdü, bizsiz olmaz-filan. Elədimi? Indi bu gün özününz də etiraf edirsiniz ki, o qürrələndiyiniz neftə qiymət qoymaq sizin əlinizdə deyil. “Əjdaha qardaş” istəsə, onu baha alır, istəsə ucuz.

Bir halda ki, bunu görürsünüz, ABŞ-ın, hətta Rusiya kimi qüdrətli dövləti taqətdən saldığını etiraf edirsiniz, o zaman deyin görək, bəs Amerikaya qarşı yumruq silkələmək nədi?

Az qalırsınız ABŞ-la müharibəyə başlayasınız. Yaxşı ki, Amerika təmkinli davranır. Sizə baş qoşsa, deməli, camaatın balasını qırğına verəcəksiniz…