Bakıda restoranda silahlı insident törədən şəxsin hansı məmurun oğlu olduğu məlum olub.
Məlumata görə, hadisəni törədən Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. F. Əliyev bu gün tutduğu vəzifədən azad edilib. Onun yerinə artıq təyinat da olub.
Belə ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış Pərvin Əhmədov 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi təyin edilib.
F. Əliyev oğlu Məhərrəm Əliyevin psixoloji problemlərinin olduğunu deyib: “Hadisə ilə bağlı hazırda Bakı şəhərindəyəm. Hadisənin təfərrüatları barədə heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Oğlum Bakıda bizneslə məşğul olurdu. Onun psixoloji problemləri var”.
***
Bakıda restoranda silahlı insident törədən şəxs saxlanılıb.
Bu barədə Qaradağ rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutularaq polis idarəsinə gətirilib. Hazırda onun ifadəsi alınır.
Günün sonuna kimi onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Polisdən həmçinin bildirilib ki, hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
***
Ötən gecə Bakıda baş verən silahlı insidentin əsas iştirakçısının kimliyi müəyyənləşib.
Məlumata görə, hadisənin əsas iştirakçısı, 1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Fəxrəddin oğludur. Hazırda polisdə onun qardaşının ifadəsi alınır.
M. Əliyev və hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakı Şəhər Prokurorluğundan sayta verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.
***
Daxili İşlər Nazirliyi ötən gecə Lökbatan qəsəbəsində restoranda baş vermiş atışma ilə bağlı məlumat yayıb. DİN-in saytı xəbər verir ki, dekabrın 21-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranının qarşısında Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetririb. Daha sonra onlar hadisə yerini tərk ediblər.
Qaradağ RPİ tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
***
Ötən gecə Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
03:25
Bakıda restoranda baş vermiş atışma nəticəsində 6 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində yaralanıb.
İlkin məlumata görə, xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında ad günü məclisində olublar. Restoranın iki müştərisi ilə ad günü mərasimi iştirakçıları arasında mübahisə yaranıb. Bundan sonra hələlik adları açıqlanmayan iki nəfər silaha əl atıb və ad günü iştirakçılarına atəş açmağa başlayıb.
***
Bakıda restoranda silahlı insident baş verib.
Hadisə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında baş verib.
İlkin məlumata görə, restoranın müştəriləri arasında mübahisə yaranıb. Mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan bir nəfər tüfəngdən atəş açıb. Nəticədə 4-5 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Restoran bağlanıb, əraziyə heç kim buraxılmır.