İstintaq müddətində Vəkil İmanovu vəkilindən imtinaya məcbur ediblər
“Meydan TV“nin redaktoru Günel Mövludun həbsdə olan qardaşlarından biri – Vəkil İmanovun məhkəməsi başa çatıb. Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Vəkil İmanov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə və ya saxlama) maddəsilə təqsirli bilinərək, bir il azadlıqdan məhrum edilib.
Maraqlıdır ki, Vəkil İmanov təxminən bir ay əvvəl hüquqlarını müdafiə edən Nemət Kərimlidən imtina edibmiş. “Azadlıq“a açıqlamasında bu xəbəri təsdiqləyən Nemət Kərimlinin sözlərinə görə, təxminən noyabrın sonu–dekabrın əvvəllərində bu iş üzrə istintaqı aparan müstəntiq onu dəvət edib. Biləsuvar Rayon Polis Şöbəsində vəkilə müvəkkilinin ondan imtina etdiyi barədə ərizə təqdim olunub və bu səbəbdən istintaq prosesindən uzaqlaşdırıldığı bildirilib. Nemət Kərimli də öz növbəsində müstəntiqin nəzərinə çatdırıb ki, vəkildən imtina bu cür olmur, şəxs müdafiəçinin özünün iştirakı ilə bu qərarı verməlidir. Əks halda, bu, qanunsuz sayılır.
Vəkilin sözlərinə görə, məsələni aydınlaşdırmaq üçün onun müvəkkili ilə görüşünə imkan verilməyib. Nemət Kərimlidən imtinadan sonra Vəkil İmanova dövlət hesabına yeni müdafiəçi təyin olunub.
Vəkil İmanovun təzyiq altında imtina ərizəsi yazdığına əmin olan Nemət Kərimli qeyd edib ki, ona həbsinin ilk günlərində də dövlət hesabına vəkil təyin olunmuşdu. Həmin vəkilin iştirakı ilə ondan iradəsinə zidd ifadələr alınıb: “Mən işlə tanış olanda gördüm ki, ilkin ifadəsində özünü qismən təqsirli bildiyi, narkotikin onun cibinə iş yoldaşlarının ata biləcəyi barədə fikirlər var. Özü ilə danışanda məlum oldu ki, heç “qismən təqsirli” ifadəsinin mahiyyətini başa düşmür. Həmçinin iş yoldaşlarının narkotiki onun cibinə ata biləcəyi barədə də fikirlərlə razılaşmır. Belə olan halda, mən həmin ifadələrin qanunsuz olması barədə istintaqa vəsatətlər verdim. Bundan dərhal sonra Vəkil İmanovu Kürdəxanı təcridxanasından Biləsuvara təcili şəkildə etap elədilər. Halbuki, etap yalnız prokurorun əsaslandırılmış qərarı əsasında, istintaq hərəkətləri aparılması üçün ola bilər. Heç bir qərar da yox idi. Görünür, bunların istintaq hərəkəti məndən imtina ərizəsi yazdırmaq olub…”.
Günel Mövlud özü də qardaşı barədə hökmə münasibət bildirib. Yazar bu barədə fikirlərini “facebook” səhifəsində paylaşıb: “Kiçik qardaşıma bir il iş veriblər. Bu o deməkdir ki, onun öhdəsində olan bir şəkər, bir xərçəng xəstəsi valideynlərinə, 3 körpə uşağına düz bir il qazanc gətirən, qayğılarına qalan olmayacaq. Bu gün anamın halı pisləşib. Hakimiyyət valideynlərimi rəsmən ölümlə üz–üzə qoyub, qardaşlarımın uşaqlarını da məhrumiyyətlərlə. Bu, hakimiyyətimizin bir qadınla apardığı mübarizə yontəmidir. Nə xəstə, nə qoca, nə körpə bilirlər. Heç bir dəyər yoxdur“.
Xatırladaq ki, Günel Mövludun qardaşları – Raci və Vəkil İmanovlar eyni gündə və təxminən eyni saatda biri Sumqayıtda, digəri isə Biləsuvarda həbs olunub. Onların hər ikisinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin onlar ittihamı qəbul etmir. Günel Mövlud da qardaşlarının həbsini özünün hökuməti tənqid edən yazılarına görə qisasçılıq kimi qiymətləndirir.
Aytən Məmmədova