Azərbaycan devalvasiyada lider ölkə

talibli-mehemmedDünyada il ərzində ən çox ölən manat olub

Məhəmməd Talıblı: «Manatın bu qədər geriləməsinin səbəbi ölkə iqtisadiyyatındakı vəziyyətlə bağlıdır»

Dünən Azərbaycan Mərkəzi bankı qərarı ilə ölkə valyutası üzən məzənnəyə keçib. Bununla da manatın hazırda dolların rəsmi məzənnəsi 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib. Bununla da Azərbaycan valyutası 98% devalvasiyaya məruz qalıb.

Ilin əvvəlindən devalvasiyaya məruz qalan valyutaların siyahısını təqdim edirik: Qazaxıstan (tenge) 85,2, Belarus (Belarus rublu) 54,3, Ukrayna (qrivna) 48,7 faiz, Qırğızıstan (som) 33,9, Argentina (peso) 29,8, Tacikistan (som) 28,9, Gürcüstan (lari) 28,7, Türkiyə (lirə) 28,4, Moldova (ley) – 26,6, Rusiya (rubl) 25,9, Norveç (kron) 15,8, Türkmənistan (manat) 19,3, Böyük Britaniya (funt sterlinq) 3,6, Ermənistan (dram) 1,9, Islandiya (kron) 1,4, Isveçrə (frank) 0,3 faiz.

Azərbaycan manatı isə son 10 ayda 98% devalvasiya olub.

Bəs, manatın on ay ərzində 98 faiz öldürülməsi nəylə bağlıdır? Nəyə görə digər valyutalardan fərqli manat bu dərəcədə gerilədi?

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, manatın bu qədər dəyər itirməsi pul-kredit siyasəti ilə xarakterizə oluna bilməz. Manatın bu qədər geriləməsinin səbəbinin ölkə iqtisadiyyatındakı vəziyyətlə bağlı olduğunu deyən M.Talıblı vurğuladı ki, ölkə iqtisadiyyatındakı durum manatı nə qədər gücləndirə bilirsə, mili valyuta da bir o qədər dəyərli idi: “Manatın bu qədər dəyər itirməsi ölkə iqtisadiyyatındakı bəzi sahələrin tənəzzül elementləri ilə bağlıdır. Ölkənin qeyri-neft sektoru çox zəif inkişaf edir. Ölkəyə valyuta yalnız neft sektorunun hesabına gəlir. Amma milli valyutanın gücü özünü həm də ixracda göstərməlidir. Ölkənin ixrac potensialı nə qədər artarsa, həmin ölkənin milli valyutasının dəyər qazanması da bir o qədər artıq olar. Bundan başqa, mühüm olan milli istehsal yaranmalıdır. Bütün bunlar Azərbaycan iqtisadiyyatında manatı gücləndirən amillərdir”.

M.Talıblı bildirdi ki, bir ölkənin milli valyutasının on ay ərzində 98 faiz dəyər itirməsi ölkə iqtisadiyyatının zəif olması üzündən baş verən prosesdir. Ölkə iqtisadiyyatının resurslardan asılı olmasının həmişə milli valyutanın ziyanına olduğunu deyən ekspert bildirdi ki, MB-nin bazara intervensiya etməsi də ötən müddət ərzində milli valyutaya dəyər qazandıra bilmədi: “Bu, klinik ölüm keçirmiş xəstəyə süni tənəffüs aparatının qoşulması kimi bir şeydir. Iqtisadi orqanizm buna müəyyən müddət tab gətirə bilir. Ona görə də bizdə vəziyyətin bu həddə düşməsi qeyri-neft sektorunun zəif inkişaf etməsindən irəli gəlir. Ölkə iqtisadiyyatı daha çox neft üzərində qurulub. Ölkədə güclü inhisarın, korrupsiyanın olması iqtisadiyyatı çətin vəziyyətə salıb”.

M.Talıblının fikrincə, indiyə qədər yürüdülən siyasət bu cür sonluğa gətirib çıxarmalı idi.

Xəyal