90-cı illərə qayıdırıq. O dövrün maddi məhrumiyyətləri ilə yenidən üzləşəcəyik. Amma bir iş də var ki, 90-cı illərdə sərbəst toplaşmaq, mətbuat, ifadə azadlıqları müəyyən qədər təmin olunmuşdu. Hətta parlamentdə real müxalifət də təmsil olunurdu. İnsanlar dərdlərini azdan-çoxdan deyə bilirdi. Cəmiyyət enerjisini boşaltdığı üçün zorakılığa meyl yaranmırdı. Amma indi isə vəziyyət tamam fərqlidir. Son bir neçə ildir ki, vətəndaş cəmiyyəti, mətbuat, sivil müxalifət müstəqillik tarixi boyunca görülməmiş repressiya şəraitində fəaliyyət göstərir.
İqtisadi azadlıqlar da indiki qədər məhdud deyildi. Monopoliya bu qədər əhatəli deyildi. Sahibkarlar bu qədər sıxışdırılmırdı. Çünki onlara hələ ehtiyac var idi. Büdcəni doldurmaq lazımdır axı? Hələ nəhəng havayı neft pulları yoxdur. Xalqımız alverlə, kiçik işlərlə birtəhər girəllənirdi. Kişilərin böyük bir hissəsinin çörək dalınca getdiyi Rusiyada isə vəziyyət bu cür böhranlı deyildi.
90-cı illər həm də ümidverici illər idi. Xalq olaraq düşünürdük ki, gələcəyimiz hələ qabaqdadır. Müstəqilliyə yeni qədəm qoymuşuq. Keçid dövrüdür. Bir az dözmək lazımdır. Amerika bir gündə qurulmayıb. Biz də yavaş-yavaş inkişaf edəcəyik. Bakı-Tbilisi-Ceyhana da ümidimiz çox idi. Düşünürdük ki, kəmərin işə salınması ilə kasıbçılığa son qoyulmağı bir olacaq. Düşünmürdük ki, halalca pulumuz olan 95 milyard dolların bəhrəsini xarici ölkələrin vergi ödəyiciləri görəcək. Məmurların oğru olduğunu bilirdik, ancaq bu qədər insafsız olub xalqın hər qəpiyinə göz dikəcəyini təxmin etmirdik.
O illərdə həmçinin kiçik şeylər də insana xoşbəxtlik bəxş edə bilirdi. Pultla televizor idarə etmək, toy, kino kasetlərinə baxmaq, krosvord həll etmək, dəri kurtka geyinmək bunlardan bir neçəsidir.
Ölkədə çoxlu sayda böyük tirajlı qəzetlər çap olunurdu. Oxucu yığmaq uğrunda rəqabət var idi. Jurnalistlər maraqlı, yaradıcı və bacardıqca ədalətli olmağa çalışırdı. Özünə güzəran qurmaq gərgin əməkdən keçirdi, qələmini satmaqdan yox. Əlbəttə naqislər həmişə var. Amma indiki qədər heç vaxt olmayıb.
İncəsənət adamları da bu qədər himayə və nəzarət altında deyildi. Ortaya nəsə məhsul qoymağa çalışılırdı. Titul, təqaüd son məqsədə çevrilməmişdi.
Nəzərə alsaq ki, beynəlxalq qurumlar indiki qədər tələbkar deyildi, deyə bilərik ki, hökümət onlarla da hesablaşırdı. QHT-lər normal fəaliyyət göstərirdi.
Qara qızıl bütün bu rəngarəngliyə son qoydu. İşığımızı söndürdü, bütün sahələrdəki kreativliyi məhv etdi. Korrupsiya iyerarxiyasının subyektlərinin sayını və pul dövriyyəsini artırdı. Bu da rejimə saxta loyallıq və legitimlik qazandırdı. Hakimiyyət artan legitimlikdən istifadə edərək vətəndaş cəmiyyətini əzdikcə əzdi. Yanında olmayanlara təzyiq və işgəncə etdi, onları pulla ələ almağa çalışdı. Xalqın böyük kütləsi isə gözünün qabağında baş verən dəhşətli hadisələri sanki turustmiş kimi biganəliklə izlədi. İndi isə nəticəsini görməyə başlayır. Artıq böyük miqdarda havayı neft pulları yoxdur, höküməti islahatlara məcbur edəcək güclü vətəndaş cəmiyyəti də yoxdur. “Ölkəni Suriyaya döndərmək istəyirsiniz?” deyənlər öz laqeydlikləri ilə ölkəni yavaş-yavaş Suriyaya döndərir. Necə deyirlər, özü yıxılan ağlamaz.