Həbsxanada ölən MTN polkovniki dəfn edildi

ilqar eliyev

Ekspertlər bildirir ki, İlqar Əliyevin ölümü ciddi şəkildə araşdırılmalıdır

Dekabrın 20-də Bakı Istintaq Təcridxanasında özünü asdığı deyilən MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik Ilqar Əliyevin meyiti tibbi ekspertizadan keçirilib. Meyit ailəsinə təhvil verilib.

Bu haqda Azadlıq Radiosuna Ilqar Əliyevin vəkili Rəşad Mirmehdizadə məlumat verib.

Vəkilin sözlərinə görə, Ilqar Əliyev dəfn olunmaq üçün dekabrın 21-də Göyçay rayonuna aparılacaq.

Vəkil deyib ki, keçirilmiş ekspertizanın nəticələri haqqında hələ heç nə deyə bilməz: “Müayinə edib ailəsinə verdilər. Nəticə sonra bilinəcək”.

Yaxınları onun intiharı haqqında nə deyir?” sualına vəkil “hələ istintaq gedir, istintaq yəqin ki, bir nəticəyə gələcək” cavabı ilə kifayətlənib.

Az sonra isə məlumat yayılıb ki, Ilqar Əliyev Bakıda dəfn edilib. Yaxınlarının lent.az-a verdiyi məlumata görə, onun ailə üzvləri bu cür məsləhət biliblər.

Ilqar Əliyevin ölümü ilə bağlı MTN-çi Sülhəddin Əkər AzNews.az-a bildirib ki, I.Əliyevin intihar olayı araşdırılmalıdır: “Araşdırılma aparılmalıdır ki, Ilqar Əliyev olayında zorlanma var, yoxsa, öldürülüb və sonradan asılma var? Ilk növbədə bu aydınlaşdırılmalıdır. Əgər gerçəkdən də intihar, özünə qəsd varsa, bunun səbəbi nədir? Hansı ciddi səbəb olub ki, o özünə qəsd edib? Hələlik işin bütün halları ilə tanış deyilik. Gərək, hadisə yerindən hüquq müayinəsi olsun”.

Sabiq MTN-çi hesab edir ki, Ilqar Əliyevin istər qurumda tutduğu vəzifəyə, istərsə də şəxsi əlaqələrinə görə geniş imkanları olub: “Və böyük ehtimalla onun əlində ciddi informasiyalar olub. Məlumat təhlükəli bir şeydir. O insana həm güc verir, eyni zamanda onun əleyhinə işləyir”.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov isə həbsdə olan şəxsin özünü öldürməsinin bir neçə amillə əlaqədar ola biləcəyini vurğulayıb: “Hesab edirəm ki, yalnız Ilqar Əliyev deyil, MTN işi ilə bağlı təcridxanaya salınan və istintaqa cəlb edilən bütün şəxslərə nəzarət gücləndirilməlidir. Çünki bu şəxslərin özünə qəsd etməsi istintaqın işinə mane ola, bir çox mətləblərin qaranlıq qalmasına gətirib çıxarda bilər. Mən şübhə etmirəm ki, MTN polkovniki ölümü ilə çox sirləri özü ilə apardı. Ümid edirəm ki, baş verən hadisə ilə bağlı başladılan cinayət işinin gedişində bu intiharın hansı şəraitdə, necə baş verdiyi təfsilatı ilə aşkara çıxarılacaq. Indiki halda isə yalnız müəyyən ehtimallara diqqət çəkə bilərik.

Bütün hallarda görünən odur ki, Ilqar Əliyev üzərində nəzarət zəif təşkil edilib. Çünki yetərincə nəzarət etsəydilər, belə bir hadisə baş verməzdi. Habelə ola bilsin ki, ona intihar üçün məqsədli şəkildə şərait yaradılıb. Bu da ehtimallardan biridir. Bütün bu ehtimallar ciddi şəkildə araşdırılmalı, baş verən hadisəyə görə cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir”.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yaydığı məlumatda deyilir ki, Ilqar Əliyev dekabrın 20-də saat 15:55 radələrində intihar edib. O, ikinəfərlik kamerada saxlanılırmış: “Kamera yoldaşı telefon danışığı hüququndan yararlanmaq üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalan Ilqar Əliyev mələfəni ip formasında pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb”.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb. Istintaq aparılır.

Oktyabrda həbs olunan Ilqar Əliyev Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham olunurdu.

Ilqar Əliyevin adı həmçinin curnalist Pərviz Həşimlinin həbsində hallanırdı. Jurnalist həbsinə görə onu ittiham edirdi.