MTN-in həbs edilən polkovniki özünü asdı

mtn

Ədliyyə Nazirliyi Penitensiar Xidməti polkovnik İlqar Əliyevin ölümü ilə bağlı məlumat yayıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumatda bildirilib ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.

Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib, tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib.

Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

***

İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə APA-ya açıqlamasında hadisə barədə mətbuatdan xəbər tutduğunu bildirib. Vəkil hazırda hadisənin baş verdiyi BİT-də olduğunu deyib.

“Mənə deyilən odur ki, deyəsən həqiqətən İlqar Əliyev ölüb”- bunu MTN-nin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin vəkili Rəşad Mirmehdizadə Meydan TV-yə deyib.

O bildirib ki, hazırda Sabunçu rayonunda yerləşən Məhkəmə Tibbi Ekspertizasına gedir: “Yəqin ki, onun meyitini Sabunçu ərazisinə gətirəcəklər. Hazırda yoldayam, “morqa” gedirəm”.

Bu ilin oktyabrında İlqar Əliyevin barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 308.2(Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1(Vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ) maddələri ilə təqsirləndirilirdi. O, Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.
Penitensiar Xidmət hadisə ilə bağlı məlumat yayacağını bildirib.

***

İlqar Əliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

MTN-in Aniterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyevin meyiti ailə üzvlərinə təhvil veriləcək.

Bunu mətbuata verdiyi açıqlamasında İ.Əliyevin vəkili Rəşad Mirmehdizadə deyib.

***

MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.

Məlumata görə, həbsdə olan İlqar Əliyev bu gün intihar edərək özünü öldürüb.

Qeyd edək ki, İqar Əliyevin barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü. (qafqazinfo)

“Azadlıq”ın əməkdaşı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıb. E.Sultanov məsələ ilə bağlı Ədliyyə Nazirliyinə yaxud Penitensiar Xidmətə müraciət etməyi məsləhət görüb.

Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Yaşar İsaqov əməkdaşımıza bildirib ki, məsələ ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək.