“Manatı  növbəti devalvasiya gözləyir”

saxo-bank

 Danimarkanın dünyada məşhur bankı: “Manat artıq hazırda devalvasiya təhlükəsi altındadır”

2016-cı ildə Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini kəskin artırması məzənnənin tənzimlənməsi ilə əlaqədar FES-in siyasərtinə istiqamətlənmiş Azərbaycan üçün qəbuledilməzdir. Bunu Danimarkanın dünyada məşhur onlayn investisia bankı olan “Saxo Bank”ın Strategiyalar şöbəsinin müdiri Con Hardi deyib.

Onun sözlərinə görə, FES-in faiz dərəcələrini artırmasının Azərbaycan manatına təsiri ilk növbədə faiz dərəcələrinin artım tempindən və neftin qiymətlərindən asılı olacaq: “Manat artıq hazırda növbəti devalvasiya təhlükəsi altındadır, çünki ötən devalvasiyadan sonra neftin qiymətləri xeyli azalıb. Bu təzyiq neftin qiymətləri artsa, zəifləyə bilər, lakin 2016-cı ildə faiz dərəcələrinin artımı çox güman ki, Azərbaycan üçün qəbuledilməz olacaq”.

C.Hardi qeyd edib ki, Azərbaycan 2016-cı ildə milli valyutanın daha böyük devalvasiyasına hazırlaşmalıdır: “Yəqin ki, bu devalvasiya 2014-cü ilin sonu 2015-ci ilin əvvəlindəki miqyasda olmayacaq, çünki neftin qiymətləri 2016-cı ilin əvvəlində özünün minimum səviyyəsinədək düşəcək”.

Qeyd edək ki, dekabrın 16-da ABŞ Federal Ehtiyat Sistemi (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırdı (Trend).

“21 fevral ərəfəsindəki durum təkrarkanır”

Dollar satışı ilə bağlı son məlumatlar isı heç də ürəkaçan deyil. Xəbər verdiyimiz kimi, Mərkəzi Bank dekabrın 17-də mütəşəkkil banklararası valyuta bazarına təxminən 153 mln. dollar həcmində valyuta intervensiyası həyata keçirib. Bununla da bu həftənin ilk 4 iş günü ərzində AMB-nin valyuta satışı 493 mln. dollara çatıb.

Həftənin ilk günü (dekabrın 14-də) satış 102 mln. dollar, ikinci gün (dekabrın 15-də) 101 mln. dollar, üçüncü günü (dekabrın 16-da) isə 137 mln. dollara yaxın olub. Orta hesabla bu həftə gündəlik valyuta intervensiyası 123,25 mln. dollar təşkil edib. Bu, keçən həftənin analoji göstəricisi ilə müqayisədə 93% çoxdur.

Son bir ildə Mərkəzi Bankın həyata keçirdiyi aylıq valyuta intervensiyasının orta həftəlik göstəricidən məlum olur ki, bu həftə həmin orta göstərici rekord həddə çatıb. Qeyd edək ki, ötən həftənin çərşənbə axşamı (dekabrın 8-də), Azərbaycan Dövlət Neft Fondunun valyuta satışını dayandırmasından sonra bazarda əməliyyatlara başlayan AMB, keçən həftə ərzində ümumilikdə (4 günə) 255 mln. dollar həcmində satış həyata keçirib. Bununla da keçən həftə orta günlük satış 63,75 mln. dollar olub. Son 8 iş günü ərzində isə AMB-nin ABŞ valyutasının satışı təxminən 748 mln. dollar təşkil edib. Nəticədə, dekabrın 1-nə 6,2 mlrd. dollara bərabər olan AMB-nin valyuta ehtiyatları 5,5 mlrd. dollara yaxınlaşıb.

Bu isə olduqca qorxulu həddir. Çünki elə birinci devalvasiya baş verən zaman rəsmilər bəyan edirdi ki, onları bu addımı atmağa vadar edən bir neçə gün ərzində bazardan 500 milyon dolların alınması oldu. Dövlət başçısı hətta bu əməliyyatı həyata keçirən şəxsləri möhtəkir də adlandırmışdı.

“Vətəndaşa və bank sektoruna dəyən zərbə”

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, 1-ci devalvasiyadan sonra bank sektorunda da vəziyyət dəyişib. On doqquz milyardlıq kreditin 75 faizi dollardadır. Əgər 34 faizlik devalvasiya zamanı vətəndaşa 1.7 milyard ziyan dəymişdisə, bu məbləğ bu dəfə daha iri olacaq. Bundan başqa bankların alacağı zərbə az deyil. Devalvasiya problemli kreditlərin sayını artırmaqla yanaşı, bankların xarici öhdəlikləri icrasını çətinləşdirəcək.

Məhəmməd Talıblı: “Bank sektorunda yaranmış maliyyə sıxıntıları yaxın aylarda hiss olunacaq”

talibli-mehemmed

İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, valyuta bazarında ajiotajın yaranması ondan xəbər verir ki, insanlar çox narahatdırlar. Valyuta bazarında nəyin baş verəcəyini proqnozlaşdıra bilmədikləri üçün sərt qərarlar verməyə başlayıblar. Çünki, MB-nin da bazarda dollar tələbin artması ilə bağlı heç bir açıqlamasının olmaması, bu həyacanı bir az da artırır: “Bazar panikasına rəsmi münasibət adekvat deyil. Müəyyən şəxslərin dollar alışı digərlərində analoji addımı tərarlamaq marağı formalaşdırır, bu isə dollar tələbini stimullaşdırır. Təbii ki, ABŞ Federal Rezerv Sisteminin uçot stavkası ilə bağlı verdiyi qərar dolların daha da möhkəmlənməsini müəyyən təsiri olacaq. Zəif milli valyutası olan resursla zəngin ölkələrin isə milli valyutalar ABŞ dolları qarşısında dəyərini bir az da itirəcək.Bütün bunların müqabilində maliyyə bazarında baş verəcək dəyişiklər valyutanın konvertasiyasından gəlir əldə etmək istəyənlərin də maraq dairəsindədir”.

M.Talıblının sözlərinə görə, amma məsələnin fundamental səbəbi makroiqtisadi konteksdə maliyyə sistemində yaranmış tənəzzül elementlərinin güclənməsi tendensiyası ilə bağlıdır. “Digər tərəfdən isə Mərkəzi Bankın bazarda intervensiya üçün xərclədiyi vəsaitlərin məbləğinin hədsiz artımı, aktivlərin sürətli azalmasını ifadə edir. Bu isə ikinci devalvasiya riskini sürətlə yaxınlaşdırır. Bunun neqativ aspekti həm də onunla bağlıdır ki, dollar tələbinin artması onun qiymətinin yüksəlməsinə, o isə dollarla kredit ödənişi olanların daha çox vəsait xərclənməsinə gətirib çıxaracaq. Bu eyni zamanda problemli kreditlərin ödəmə çətinliyinin yaranması deməkdir. Bank sektorunda yaranmış maliyyə sıxıntıları da yaxın aylarda hiss olunacaq. Bu isə bank sektorunda ixtisarların başlanmasına səbəb olacaq”, deyə M.Talıblı vurğuladı.

Xəyal