“Sanksiyalardan qaçmağın bir yolu var – demokratik islahatlara başlamaq”

elekber-raufoglu-jurnalistƏləkbər Raufoğlu: “Qanun layihəsini məhz konqresmen Smitin irəli sürməsi əslində Bakıda tənqid yox, bayram edilməlidir”

“Azərbaycan hakimiyyətini müdafiə etmək üçün lobbiçilərin manipulyasiya imkanı qalmayıb”

Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu ABŞ Helsinki Komissiyasının Konqresə təqdim etdiyi, Azərbaycan hökumətinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi ilə bağlı prosesləri yaxından izləyib. O, mövzu barədə “Azadlıq” qəzetinin sullarını cavablandırıb.

– Sənəd əslində özü çox şeyi deyir. Bunula yanaşı hökumətin bəzi məsələlərlə bağlı manipulyasiya cəhdləri var.  Hakimiyyət bu sənədi “anti-Azərbaycan sanksiyası” kimi təqdim edir. Sənədin hazırlanmasını zəruri edən səbəblər nədir? Ermənilərin hər hansı təsiri ola bilərmi?

– Əvvəla, bu sənədin meydana çıxmasının səbəblərini başqa paytaxtlarda axtarmaq, yumşaq desək, ictimai diqqəti növbəti dəfə çaşdırmaq cəhdidir. Səbəblər Bakıdadır. Qanun layihəsində də açıq şəkildə göstərilir ki, Azərbaycan rəsmilərinin son ilyarımda sərgilədiyi anti-ABŞ siyasəti belə bir addımı nəinki zəruriləşdirib, hətta qaçılmaz edib. Niyə qaçılmaz? Ona görə ki, Qərbin nüfuzlu mətbuat orqanlarının, siyasi xadimlərinin Azərbaycanda baş verənlərə cavab çağırışlarını bəlkə Bakıda qulaqardına vura bilərlər, amma burada, Qərb demokratiyasının beşiyində Konqresin bu çağırışlara məhəl qoymaması ictimai qınaqla yanaşı, çoxsaylı suallar da yaratmışdı.

Fikir verin, son aylar ərzində Azərbaycanın ABŞ-da lobbiçilik adı atında çirkli pullarını yumaq siyasətinə dair nə qədər məqalə yazılıb… Amerika ictimaiyyəti açıq şəkildə sual verirdi: demokratiyaya qənim kəsilmiş bir kiçik post-Sovet ölkəsi açıq şəkldə ABŞ-a qarşı soyuq müharibə elan edir, demokratik institutları diz çökdürür, azad səsləri boğur və əvəzində ABŞ-dan heç Konqres səviyyəsində də cavab tədbiri ilə üzləşmir. Bunun səbəbləri nə ola bilərdi? Əlbəttə ki, çirkli pullar. Bəs bu pullarla Vaşinqtonda neçə ağızı bağlamaq olar? Bütün Amerikanı satın ala bilməzdilər axı.

Azərbaycanla bağlı qanun layihəsinin müəllifi Konqresmen Smiti burada lobbi pullarından kifayət qədər uzaq duran siyasətçi kimi tanıyırlar. Azərbaycanın milli maraqları kontekstindən baxdıqda, bu sənədin məhz onun tərəfindən irəli sürülməsi əslində Bakıda tənqid yox, bayram edilməlidir. Niyə? Çünki bundan daha pisi ola bilərdi. Erməni lobbisi Azərbaycana qarşı hər hansı sənədin müəllifi olsaydı – yeri gəlmişkən belə hallar Türkiyəyə qarşı baş verib – onu ermənipərəst konqresmenlərin söz sahibi olduqları Komitələrdə, məsələn, Xarici Əlaqələr Komitəsində asanlıqla edə bilərdilər. Şəxsən mən konqresmen Smitin ofisinin son 1 ildə erməni lobbisinə yaxın hər hansı qrupla görüşməsinə dair həm Konqresin öz sənədləri, həm də federal hesabatları əsasında jurnalist araşdırması aparmışam, amma heç bir dəlil-sübuta rast gəlməmişəm.

Bundan əlavə, indiki qətnamə layihəsinin mətninə fikir versəniz görərsiniz ki, Azərbaycan rəsmilərinə qarşı sanksiyaları yalnız bir halda istina edən bənd var. O bənd də Qarabağ danışıqlarına aiddir. Yəni İlham Əliyev və yaxud onun yaxın ətrafından kimsə Vaşinqtona Qarabağ görüşü üçün dəvət alsa, o halda qanun o səfərə qarşı işləməyəcək.

Konqresdəki dinləmələrdə bir daha hiss etdim ki, ora toplamış insanların hamısı Azərbaycanın dostlarıdır. Yeri gəlmişkən, onların əksəriyyəti 907-ci düzəlişin ləğvinə açıq çağırış edənlərdir. Yeganə maraqları da Azərbaycançılıq adı altında ölkənin demokratik dəyərlərini ayaqlar altına salaraq, onun beynəlxalq imicini hətta Rusiyanın vassalı olan Ermənistandan da rəzil vəziyyətə salan bir hakimiyyətə “dur” deməkdən başqa bir şey deyil.

– Hakimiyyətin ABŞ-da lobbiçilik imkanlari necədir? Sənədin qəbuluna hansısa amillər mane ola bilərmi?

– Qanun layihəsi Konqresdə təqdim edildikdə, dinləmə otağında Azərbaycan hakimiyyətinə yaxın konqresmenlər də var idi. Mən onların məsələyə münasibəti ilə maraqlandım. Əksəriyyəti qeyri-rəsmi olaraq dedilər ki, işin bu yerə gəlib çatması əslində onların özlərini də pis vəziyyətə salıb. Belə ki, sənəd Azərbaycan xalqına qarşı deyil, birbaşa olaraq, xalqına zülm verən bir zümrəyə qarşıdır. Onları müdafiə etmək üçün isə lobbiçilərin əlində manipulyasiya imkanı qalmayıb. Axı onlar aylardır Konqresdə deyirdilər ki, Bakıdakı hakimiyyət səhvini çoxdan başa düşüb, sadəcə vətəndaş cəmiyyətinə qarşı açılmış məhkəmə işlərinin başa çatmasını gözləmək lazımdır. Hərçənd, nə baş verdi? İnsanların ayağına heç nəyin üzərində illərlə iş yazıblar və sonra da onları alçaldıb əfv diləməsini tələb edirlər.  Yəni bir sözlə, ağlı başında olan, simasını qoruyan konqresmenlərin və lobbiçilərin bu layihəni dəstəkləməkdən başqa imkanını bu hakimiyyət özü onların əlindən artıq çoxdan alıb.

Sənədin əhəmiyyətinə gəldikdə, Helsinki Komissiyası ABŞ Konqresinin birbaşa qanadı olmaqla yanaşı, həm də ATƏT regionunda nüfuzlu təsir mexanizminə malikdir. Bu o deməkdir ki, sənədin ABŞ Konqresi ilə yanaşı, ATƏT-in də gündəliyinə salınması ehtimalı indi olduqca böyükdür.

Konqresə gəldikdə, sənəd artıq baxılması üçün Xarici Əlaqələr Komitəsinə təqdim edilib və çox güman ki, gələn ilin ilk aylarında müzakirəyə çıxarılacaq.

Bəs bu prosesi dayandırmaq mümkündürmü? Bəli, mümkündür. Onun yolu da, burada söhbətləşdiyim jurnalistlər və siyasətçilərin təbirincə, bütün siyasi məhbusları vaxt itirmədən azad etmək, ölkədə demokratik islahatlara başlamaqdan keçir.