Sanksiyalar hakimiyyət komandasını parçalaya bilər

aliyev_musavire2Yaxud, islahatlara ən çox ehtiyacı olan kimdir?

Xəbər verdiyimiz kimi, ABŞ Konqressinin Helsinki Komissiyası ölkəmizdə repressiyalara son qoyulması, ölkənin demokratiyaya keçidinin təmin olunması məqsədilə Azərbaycan hökumətinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayıb. Konqressdə müzakirəyə çıxarılacaq “Azərbaycan Demokratiya Aktı 2015″ adlı qanun layihəsinində nələrin olduğunu oxuculara geniş şəkildə təqdim etmişik.

Bu yazımızın məqsədi isə Azərbaycan hökumətinin baş verənlərə reaksiyasını şərh etməkdir. Bildiyiniz kimi Azərbaycan hökumətinin bütün tənqidlərə, iradlara yalnız bir cavabı var. Yəni, bu hökuməti kim tənqid edirsə, kim ölkədəki saxtakarlıqdan, korrupsiyadan, hüquqsuzluqdan danışırsa, “ermənipərəst” kimi təqdim edilir, “Azərbaycana qarşı paxıllıq edirlər” təbliğatı qurulur. Bu “ənənə” təkcə Avropaya, ABŞ-a qarşı münasibətdə deyil, ölkə vətəndaşına münasibətdə də özünü göstərir. Məhz bunun göstəricisidir ki, 100-ə yaxın vətəndaş müxtəlif ittihamlarla həbs olunub.

ABŞ Konqressinin Helsinki Komissiyasının hazırladığı qanun layihəsinə də münasibət fərqli olmadı. Hökumət sözçüləri yenə də layihəni hazırlayanları erməni lobbisi ilə əlaqələndirdi, Azərbaycanın inkişafına paxıllıq edildiyini, milli maraqlarımıza təhdid olduğunu söylədilər. Hətta bəzi sözçülər belə layihələrin Qarabağın işğaldan azad olunmasını ləngitdiyini, Azərbaycanın ABŞ-a qarşı əks addımlar ata biləcəyini, ABŞ-ın Azərbaycana ehtiyacı olduğunu bildirir.

Bir sözlə, rəsmi təbliğat reallığı ört-basdır etmək üçün “həftəbecər” yaradıb.

Əvvəla, ABŞ boyda nəhəngin erməni lobbisinin təsirində olduğunu iddia etmək absurddur. “ABŞ-ın Azərbaycana ehtiyacı var” fikrini sübut etməyə çalışmaq isə siyasi fantaziyanın tükəndiyini göstərir. ÜDM-i 18 trilyon olan bir dövlət, 25 milyard xarici borcu olan Azərbaycana necə möhtac ola bilər? Təkcə Kaliforniyanın büdcəsi, dünyanın 50 ölkəsinin büdcəsindən çoxdur. Demək istəyirik ki, yalanı danışanda da elə sözlərdən istifadə etmək lazımdır ki, bu yalanın heç olmasa 40 gün ömrü olsun. Hökumətimizin “arqument”ləri isə 40 saniyə də hökm sürə bilmir.

Ikincisi, ABŞ-ın, Avropanın Azərbaycana paxıllıq etməsi üçün hər hansı səbəb yoxdur. Ərazisinin 20 faizi işğal olunmuş, əhalisinin 2.5 milyon nəfəri banklardan asılı vəziyyətə salınmış, təhsili, səhiyyəsi cılızlaşmış, iqtisadiyyatı neftdən asılı vəziyyətə düşmüş, monopoliyanın at oynatdığı ölkəyə heç kim paxıllıq etməz.

Üçüncüsü, Helsinki Komissiyasının təqdim etdiyi layihədə Azərbaycanın əleyhinə olan konkret nə var? Hökumət təmsilçiləri bu faktları niyə ortaya çıxarmır? Siyasi məhbusların azad edilməsi, korrupsiyanın ləğvi, seçkilərin şəffaf keçirilməsi, söz azadlığının təmin olunması, qanunun aliliyi, Azərbaycanın əleyhinədirmi? Axı, məlum qətnamədə “Azərbaycan torpaqları Amerikaya verilsin”, “Azərbyacanın neftdən gələn pulları ABŞ büdcəsinə axsın”, “Qarabağ Ermənistanın ərazisidir” deyilmir. Yəni, bu qanun layihəsində millətin və dövlətin mənafeyinə zidd heç nə yoxdur. Sadəcə olaraq layihədə əksini tapmış məqamlar hakimiyyətin avtoritar siyasətinə ziddir.

Beynəlxalq aləm Azərbaycan hakimiyyətindən üzərinə götürdüyü öhdəliklərə əməl etməsini istəyir. Azərbaycan hakimiyyəti isə avtoritarizmin ömrünü uzatmaq üçün manevrlər edir. Artıq manevr imkanları tükənib, hakimiyyət siyasi riyakarlıqla məşğuldu və bu kimi qanun layihələrinin ortaya çıxması zəruriləşib.

Demək istəyirik ki, bütün dünyanı “erəmnipərəst” kimi təqdim etmək çıxış yolu deyil. Ən azından ona görə ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamalər məhz Avropa, ABŞ təşkilatları tərəfindən qəbul edilib.

Yəni, vəziyyət o həddə çatıb ki, Qarabağ məsələsinin arxasında gizlənmək, erməni kartılya vaxt uzatmaq uğursuz gedişdir.

Əgər siyasi məhbuslar azad edilsəydi, seçkilər şəffaf keçirilsəydi, hakimiyyət bu qədər təzyiqlə üzləşməzdi. Görünən budur ki, YAP hakimiyyətinin hikkəli, qisascıl siyasəti öz başında çatlayır.

Hər dəfə Qərbdən təzyiqlər olanda hakimiyyət repressiyaları daha da gücləndirib. Yəni, Qərbin acığını ölkə vətəndaşından çıxıblar. Hər dəfə “bizim öz yolumuz var” deyərək, ölkəni yolsuzluğa yuvarlayıblar.

Indi isə son həddir və hakimiyyət düzgün qərar qəbul etməlidir. Yəni, anti-ABŞ, Anti-Avropa kampaniyası əvəzinə, islahat kampaniyasına başlanılmalıdır. Çünki, tendensiya hakimiyyətin özünün parçalanmasına gətirib çıxaracaq. Heç kimə sirr deyil ki, bu komandanı birləşdirən maddi maraqlardı. Deməli, komandanın böyük oyunçuları illərlə yığdığını sanksiya çətiri altına salmayacaq. Heç kim komfortundan, Qərbdəki əlaqələrindən imtina etməyəcək. Nəticə etibarilə Əliyev komandası daxildən çat verməyə başlayacaq.

Bir sözlə, Helsinki Komissiyasının hazırladığı qanun layihəsi “son zəng” kimi qiymətləndirilməlidir. Hakimiyyət bu “zəng”i eşitməlidir, yoxsa “sinifdə qalmaq” ehtimalı böyükdür. Bəli, hökumətin ilkin reaksiyaları yanlışdır. ABŞ-a əzələ göstərib “qarışqa və fil” lətifəsi yaratmaq əvəzinə, ağıllı addım atmaq lazımdır.

Ayılın cənablar, günahsız insanları “xuliqan”, “narkoman”, “vətən xaini” damğası ilə həbs etmək çıxış yolu deyil. Cərimələrlə boşalan büdcəni doldurmaq olmaz. ABŞ-ı, Avropanı söymək, talançılığa haqq qazandırmır. Bütün nöqsanlar aydın görünür. Avtoritarizm çuvalını yerə atıb, demokratiya səbətini götürmək lazımdır. Hətta güvəndiyiniz neft də təslim olur. Bu gün real islahatlar ən çox hakimiyətə lazımdır.

İlham