Bir tədbirdə ingilis attaşesindən düşməncə baxışından narahatlıq keçirən Atatürk nə baş verdiyini öyrənmək üçün köməkçisini onun yanına göndərir. Bir neçə dəqiqə sonra köməkçi geri dönür və ingilis attaşesinin cavabını çatdırır: “Deyir ki, Mustafa Kamal Çanaqqalada atamı öldürdü…” Atatürk deyir: “Get soruş gör, atasının Çanaqqalada nə işi vardı?..” Indi biri Putindən soruşmalıdır ki, sənin təyyarənin türk hava sahəsində nə işi vardı ki, vurub yerə salsınlar və sən də bunu şovinist üzünü göstərmək üçün bəhanə edəsən. Düşmənliyini göstərmək üçün himə bənd olduğunu açığa vurasan. Iki-üç günün içində Türkiyəyə sanksiya tətbiq edəcək qədər nifrət püskürəsən. Toyuq ətindən başlayıb böyük işlərin üstünə gəlib çıxasan. Uydurma erməni soyqırımını tanımayanları cinayət məsuliyyətinə cəlb etmək haqqında qərarı gündəmə gətirəsən. Düşdüyün girdabın vahiməsindən havalanıb Istanbulun fəthindən danışasan…
Bəli, artıq özünü çarizmin varisi sayan Putin babası Pyotrun xəyallarını gerçəkləşdirmək istəyir. Şübhəsiz, xəyal və arzulara kimsə qadağa qoya bilməz. Amma bəzən ulu babaların suya düşən sərsəm xəyalları insanın özünü batıra bilər. Hələ o da qaldı, uçurumun bir addımlığında olasan.
Indi Rusiya ilə bağlı gündəlik hadisələrə nəzər salanda, adama elə gəlir ki, Putin dünyada bunlarla bağlı baş verən bütün uğursuzluqlarda Türkiyəni günahkar sayır. Sanki bunların abır-həya bilmədən qonum-qonşuların çəpərini aşıb evlərinə soxulmasını, bir qitədən o biri qitəyə əl uzadıb şeytanlıq etməsini, ara qarışdırmasını, bir tərəfi o biri tərəfə qarşı silahlandırmasını Türkiyə diktə edib. Sanki bunların öz taleyini müəyyənləşdirmək istəyən xalqların işinə burun soxub, onların həyatını cəhənnəmə çevirmək lənətinə Türkiyə şərikdir. Sanki bunların bu qədər irəli gedərkən, qəfil nokaut zərbəsi alıb yerində səndirləyə-səndirləyə qalmasına görə də Türkiyə cavabdehdir. Sanki on illərdir ağalıq iddiası ilə qonşu xalqların başına açdıqları oyunlara cavab olaraq qazandıqları sanksiya cəzalarını da Türkiyə müəyyən edib. Bunların heç biri deyil, əlbət, dərd başqadır. Dərd ifrat şovinizmin adamı gətirib soxduğu nifrət halqasıdır. Adam o halqanın içində dörd dönüb durur. Mənəmlik, alilik, böyüklük iddiası adamın gözünü kor edib…
Putinizm hökm sürdüyü illər ərzində dünyaya nə qədər zərər vurubsa, ölkəsini də o qədər geri atıb. Putin hakimiyyətdə olduğu zaman kəsiyində ölkəsindəki böyük çoxluğu qorxuya, nifrətə, şovinizmə elə kökləyib ki, kimsə ölkəyə milyardlar qazandıran ticarət əlaqələrinin üstündən bir anda xətt çəkilməsinə belə etiraz edə bilmir. Ölkə insanı tərəddüdsüz şəkildə “çar ata”nın hikkəsinə dəstək verib, Türk iş adamlarının, şirkətlərin, tələbələrin ölkədən çıxarılmasını alqışlayır. Təkəbbür və qırım Putini işıqlı yola aparmır. Bunu böyük də anlayır, uşaq da. Sanksiyalar ölkəni çökdürəcək. Hər kəs anlayır ki, bu qədər dağıntıların altından qırıntıları yığıb düzəltmək də asanlıqla başa gələn məsələ deyil. Bəlkə də, uzun illər aparan bir işdir. Bəlkə də, Putinin taxtını laxladan, sonunu yaxınlaşdıran bir proses olacaq bu. Amma o hələ ki, tarana getməkdə israrlıdır. Hələ ki, o, dünyanı nüvə müharibəsi ilə hədələməkdə, Suriya türkmənlərinin başına bomba yağdırmaqda, Türkiyəyə barmaq silkələməkdə, qonşuluqdakı xalqlara qarşı şovinist çağırışlar səsləndirməkdə davam edir. Xülasə, adam havalanıb, yolunu azıb. Çanağı öz başında çatlar, inşallah…