merkezibank

Mərkəzi Bank 4 günə yarım milyard itirdi; AXCP lideri itkinin miqyasını göstərdi

merkezibankAzərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 17-də mütəşəkkil banklararası valyuta bazarına təxminən 153 mln. dollar həcmində valyuta intervensiyası həyata keçirib. Bununla da bu həftənin ilk 4 iş günü ərzində AMB-nin valyuta satışı 493 mln. dollara çatıb.

Həftənin ilk günü (dekabrın 14-də) satış 102 mln. dollar, ikinci gün (dekabrın 15-də) 101 mln. dollar, üçüncü günü (dekabrın 16-da) isə 137 mln. dollara yaxın olub. Orta hesabla bu həftə gündəlik valyuta intervensiyası 123,25 mln. dollar təşkil edib. Bu, keçən həftənin analoji göstəricisi ilə müqayisədə 93% çoxdur.

Son bir ildə Mərkəzi Bankın həyata keçirdiyi aylıq valyuta intervensiyasının orta həftəlik göstəricidən məlum olur ki, bu həftə həmin orta göstərici rekord həddə çatıb. Nəzərə almaq lazımdır ki, bu günün satış həcmi hələ dəqiq olmadığına görə, bu həftənin göstəricisinın daha da artacağı gözlənilir.

Qeyd edək ki, ötən həftənin çərşənbə axşamı (dekabrın 8-də), Azərbaycan Dövlət Neft Fondunun valyuta satışını dayandırmasından sonra bazarda əməliyyatlara başlayan AMB, keçən həftə ərzində ümumilikdə (4 günə) 255 mln. dollar həcmində satış həyata keçirib. Bununla da keçən həftə orta günlük satış 63,75 mln. dollar olub. Son 8 iş günü ərzində isə AMB-nin ABŞ valyutasının satışı təxminən 748 mln. dollar təşkil edib. Nəticədə, dekabrın 1-nə 6,2 mlrd. dollara bərabər olan AMB-nin valyuta ehtiyatları 5,5 mlrd. dollara yaxınlaşıb (report.az).

***

AXCP sədri Əli Kərimli Mərkəzi Bankın rezervləri ilə bağlı bu rəsmi məlumata münasibət bildirib. O, feysbuk səhifəsində paylaşdığı yazıda itkilərin necə böyük rəqəmlərlə ifadə olunduğunu təsvir etmək üçün bəzi müqayisələr də göstərib. AXCP sədri yazıb:

akarimli-yeni5

Son 8 iş günü ərzində Mərkəzi Bankın valyuta ehtiyatları daha 748 milyon dollar azalıb. Bu qədər pulu guya, manatın məzənnəsini qoruyub saxlamaq üçün xərcləyiblər. Beləliklə, indi MB-ın yalnız 5.5 milyard dollar valyuta ehtiyatı qalıb. Qısa zaman ərzində dövlət ehtiyatlarımızın 10 milyard dollara qədəri əriyib. 10 milyard dollar isə çox böyük vəsaitdir. Bu vəsaitin nə qədər böyük olduğunu təsəvvür etmək üçün bu kiçik müqayisəyə diqqət etmək yetərlidir. Manatın məzənnəsini saxlamaq adı ilə təqribən 1 il ərzində əridilən vəsaitlər gələnilki dövlət büdcəsində səhiyyəyə ayrılan vəsaitdən 13 dəfə, kənd təsərrüfatına ayrılan vəsaitdən 17 dəfə, iqtisadi fəaliyyət üçün ayrılan vəsaitdən 40 dəfə, sahibkarlığa dəstək üçün ayrılan vəsaitdən 150 dəfə, ipotekaya dəstək üçün ayrılan vəsaitdən 200 dəfə çoxdur. Təsəvvür etdiniz ki, dövlət və millət olaraq nə qədər vəsait itirdik?

Belə olmaya bilərdimi? Əlbəttə. Əgər vaxtında manatın məzənnəsi süni şəkildə şişirdilməsəydi, qeyri-neft sektoru, yerli istehsal inkişaf etdirilsəydi, ən elementar məhsullar da ölkəyə xaricdən idxal olunmasaydı, iqtisadiyyatımız, büdcəmiz neftdən bunca asılı olmasaydı, bir sözlə, ölkəmizdə iqtisadi azadlıqlar və normal idarəçilik olsaydı, bu qədər itkilər verməzdik.

Əziz həmvətənlər, ölkəni kimlərin və necə idarə etməsinin hamımızın həyatına, şəxsi büdcəmizə dəxli var. Heç kim “mən siyasətə qarışmıram deyib” yaxasını kənara çəkməsin. Hər birimiz fikirləşək ki, bacarıqsız və korrupsioner hökumət hər birimizə, ailələrimizə neçəyə başa gəlir?