Rafiq Manaflı: «Konqresə təqdim olunan layihə qəbul, sanksiyalar tətbiq ediləcək»
«Bu, Azərbaycan iqtidarını islahatlara məcbur etmək istiqamətində ilk addım olacaq»
ABŞ Konqressinin Helsinki Komissiyası Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara dair qanun layihəsi hazırlayıb və Konqressə təqdim edib. Gündəmi dəyişən bu addım əslində Azərbaycan hakimiyyətinin uzun müddətdir apardığı repressiya siyasətinə bir cavab kimi dəyərləndirilə bilər. Iqtidarın demokratik dəyərlərə saymazyana münasibəti, insan haqları ilə bağlı Qərbin çağırışlarına məhəl qoymaması münasibətlərin kəskinləşməsinə səbəb olub.
Konqressə təqdim olunan “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi kifayət qədər genişdir və orada çox sərt tədbirlər nəzərdə tutulur. Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı ilə müsahibəyə Konqressə təqdim olunan layihəyə münasibət öyrənməklə başlamaq qərarına gəldik. Söhbətimiz zamanı R.Manaflıya gündəmdə olan digər sualları da ünvanladıq:
– Doğrusu, mən, Azərbaycanın bu səviyyələrdə, belə neqativ məsələlərlə bağlı müzakirə obyekti olmasına acıyıram. Ölkəmizin beynəlxalq imicini terrora uğradanları lənətləyirəm. Bununla belə, ABŞ Konqressinin “Azərbaycanda Demokratiya Aktı” adlandırılan sənədi müzakirəyə çıxarmasını müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu sənəd qəbul ediləcək, sanksiyalar tətbiq ediləcək. Bu, Azərbaycan iqtidarını islahatlara məcbur etmək istiqamətində ilk addım olacaq, islahatlar həyata keçirilənə qədər davam edəcək. Insanlar haqq, ədalət, qanun tələb etdiklərinə görə şərlənərək barmaqdan sovurulma ittihamlarla həbsxanalara atılırsa, vətəndaş cəmiyyəti, seçki sistemi məqsədyönlü məhv edilirsə, başqa cür ola da bilməzdi. Demokratiya, insan haqları heç bir ölkənin daxili işi deyil. Bundan başqa, sanksiyalar ünvanlıdır və buna görə dövlətə, vətəndaşlarımıza heç bir mənfi təsir olmayacaq. Inanıram ki, bu iqtidar islahatlara getməyə məcbur ediləcək.
“Hakimiyyət MTN-də heç nəyi dəyişmək istəmir”
– MTN-də baş verənlər son nəticədə hökuməti təşkilatın adını dəyişdirməyə vadar etdi. Əslində bu, təşkilat barədə formalaşan mənfi rəyi dəyişdirmək cəhdi də sayıla bilər. Ad dəyişikliyi bu strukturun fəaliyyətində dəyişikliyə səbəb olacaqmı?
– Milli Təhlükəsizlik Nazirliyinin cəmiyyətdə mənfi imicə malik olması fikri ilə ümumiyyətlə razı deyiləm. MTN-ə qarşı xof olub, DTK-dan qalma qorxu olub, amma mənfi imic olmayıb. Əksinə, MTN insanlarda elitar, millətimizin maraqlarına xidmət edən, dövlətimizi kənar təhdidlərdən qoruyan bir qurum kimi qəbul olunub. Xırda istisnalarla, Eldar Mahmudova qədər, cəmiyyətin bu münasibətində böyük həqiqət yükü də olub.
MTN-i quldur yuvasına Eldar Mahmudov döndərib və burada ilk növbədə Ilham Əliyev məsuliyyət daşıyır. Ilham Əliyev uzun müddət OBXSS sistemində işləmiş, fəaliyyət düşüncəsi müəssisələri, insanları qarət məqsədi ilə pusmaq olan birisini MTN-ə nazir təyin edəndə bugünki reallığı görə bilmirdisə, onun özü dövlətçiliyimiz üçün təhlükədir. Eldar Mahmudov DIN-dən MTN-ə transfer edilmiş ilk kadrdır. Həmişə əksinə olub, MTN-dən bu quruma yaramayan kadrları, Daxili Işlər Nazirliyinin hansısa strukturlarını gücləndirmək məqsədi ilə DIN-ə köçürüblər.
Məgər, Eldar Mahmudovun Çovdarov və başqa onun tipli quldurları özünə müavin təyin etməsindən Ilham Əliyevin xəbəri yox idi? MTN-də baş verən olaylar bizi, siyasətlə məşğul olanları qəti təəccübləndirmədi. Təəccübləndirən bu olayların miqyası oldu. Mahmudov, bir tərəfdən insanlarda MTN-ə qarşı xofdan, digər tərəfdən suçlandırılan heç bir adamın cinayətin kriminal xarakterinin dəyişdirilib dövlətə xəyanət müstəvisinə keçirilməsini istəməməsindən və nəhayət, hakimiyyət daxilindəki ən güclü klana mənsub olmasından tam yararlanaraq bu formada əndazəyə sığmayan cinayətlər törətməyə müvəffəq olub. Yoxsa Eldar Mahmudov kim idi ki, belə tufan qoparsın və ona gözünün üstündə qaşın var deyən olmasın.
Əlbəttə, MTN-nin parçalanması və adının dəyişdirilməsi onun tam diskreditasiya olunması ilə birbaşa bağlıdır. Amma ad dəyişikliyi mahiyyət dəyişikliyi demək deyil. Yanaşma dəyişməlidir. Bu posta Mədət Quliyevin təyin olunması isə hakimiyyətin heç dəyişmək istəməməsinin göstəricisidir.
Dövləti daxili və xarici təhdidlərdən qorumaq üçün təhlükəsizlik xidməti olmalıdır. Və bu quruma professionallar, dünyada və regionda baş verənləri dərhal qiymətləndirib nəticə çıxara bilən mütəxəssislər, millətin həqiqətən təəssübünü çəkənlər rəhbərlik etməlidirlər.
“Mahmudov rejim üçün əməlli-başlı başağrısına çevrilib”
– MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun hələ də həbs olunmamasını əngəlləyən nədir?
– Eldar Mahmudovun həbs olunması üçün faktlar, sübutlar kifayət qədərdir. Amma hələ də həbs olunmamasının muxtəlif səbəbləri ola bilər. Bu, onun hakimiyyətdəki ən nüfuzlu klanlardan birinə mənsub olması ilə də, ölkə daxilində və xaricindəki aktivlərinin reviziyası ilə də, əlində cəmlənmiş kütləvi kompromatlarla da bağlı ola bilər. Mahmudov rejim üçün əməlli-başlı başağrısına çevrilib. Bu problemi necə çözəcəklər, çözə biləcəklərmi, bunu zaman göstərər.
– MTN-in adı da dəyişdirildi, onun yerində iki struktur da yarandı…
– Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı yuxarıda dedim. Belə xidmətin olması vacibdir. Amma Xarici Kəşfiyyat Xidməti ən azı indiki məqamda mənə gülünc görünür. Azərbaycanda heç saymadığımız ölkələrin də agentura şəbəkəsi, maraq qrupları at oynadır, biz də XKX yaradırıq. Xarici Kəşfiyyat ifadəsi adamda bir ekspansionizm təsəvvürü yaradır. Amma hələ işğal olunmuş torpaqlarımızı qaytaraq, sonra ekspansiya haqqında fikirləşərik. Əlbəttə, xarici təhdidlərdən qorunmağı bacarmalıyıq və bununla dövlətin təhlükəsizliyini təmin edən qurum məşğul olmalıdır. Kəşfiyyat isə tamam başqa şeydir.
“Müəyyən bir qrup üçün tam cəzasızlıq mühiti hökm sürür”
– “Günəşli” yatağında yerləşən 10-cu platformada baş verən yanğına görə kimlər məsuliyyət daşıyır? Bu hadisənin başvermə səbəbi nədir?
– “Günəşli” yatağında baş verən faciə qeyri-peşəkarlığın, səhlənkarlığın və insan taleyinə biganəliyin törətdiyi cinayət hadisəsidir. Ölkədə müəyyən bir qrup üçün tam cəzasızlıq mühiti hökm sürür ki, bu da həmin qrupa daxil olan adamlarda məsuliyyət hissinin ölgünləşməsinə gətirib çıxarır. Vəziyyət də bir az qəlizləşən kimi başlarını itirib qıc olurlar. Təsəvvür edin ki, xarici mətbuat ölənlərin konkret sayını açıqlayana qədər bunlar inadla insan itkilərinin olduğunu inkar edirdilər. Sonra Xoşbəxt Yusifzadənin dili ilə itkilərin gündəlik 900 ton neft və 1 milyon kubometr qazdan ibarət olduğunu bildirdilər. Insan taleyinə bu biganəlik tək neftçilərlə çərçivələnmir. Zəlzələlərdən, subasmalardan, sürüşmələrdən zərər çəkmişlərə olan münasibət neftçilərin taleyinə olan münasibətdən nə ilə fərqlənir?
“Günəşli” faciəsinin konkret müəllifləri var – Rövnəq Abdullayev və Kəmaləddin Heydərov. Amma Ilham Əliyevin bu şəxsləri cəzalandırmaqla bağlı qərar qəbul etmək istəyi olacaqmı, ya buna iradəsi çatacaqmı, bu başqa məsələdir.
– Hakimiyyətin ondan gözlənilən islahatları reallaşdırmaq əvəzinə cərimələri sərtləşdirməsini necə dəyərləndirmək olar?
– Rejimin hər hansı bir islahat aparmaq fikrindən uzaq olması kimi. Bu iqtidar islahatları öz kürsülərinə təhlükə kimi qəbul edir və cərimələrlə, cəzalarla insanları qorxudaraq fəal etirazlardan çəkindirmək istəyir. Lakin bıçaq sümüyə dirənəndə heç bir cərimə, ya cəza kütlənin qarşısını alacaq maneə ola bilməz.
– Maliyyə çətinliyi yaşandığı dövrdə hökumət “qayışları sıxmağa” başlayıb. Hökumət məcbur qalıb bir sıra layihələrdən imtina edir. Bəs, o zaman bu lüzumsuz layihələr vaxtilə niyə qəbul edilirdi?
– Hakimiyyət iri layihələrin lüzumsuzluğunu etiraf etməklə əslində bu neçə ildə ölkəyə daxil olan böyük neft pullarını havaya sovurduğunu etiraf etmiş oldu. Indiyə kimi hansı iri layihələr lüzumlu olmuşdu ki? Hanı o iri layihələrin gətirdiyi iqtisadi səmərə? Iri layihələr böyük pullar, böyük yeyintilər deməkdir. Indi daha bunların iştahalarını ödəyəcək pullar gəlmir və buna görə də həmin layihələr lüzumsuzdur.
Cərimələrin sərtləşdirilməsi isə, əlbəttə, vəziyyətdən çıxış yolu deyil. Hesab etmirəm ki, rejim cərimələri sərtləşdirməklə, onların sayını artıraraq bütün həyatımızı cərimə toru ilə hörməklə kifayətlənəcək. Yəqin ki, bundan sonra cəza mexanizmləri bu cərimələrin reallaşdırılması istiqamətində əməli fəaliyyətə başlayacaq, qapılarımız güdüləcək, gözlərimizdə tük axtarılacaq. Ölkə əhalisinin təxminən 6 milyonu bu cərimələrin tətbiq dairəsindədir və şübhə etmirəm ki, bizim hər birimizə qarşı il ərzində hansısa cərimə növü tətbiq olunacaq. Cərimə industriyasının gələn ilin büdcəsinə 1,2 – 1,5 milyard manat töhvə vermək potensialı var. Amma bu, çox təhlükəli potensialdır. Bu, insanların içində artıq formalaşmış nifrətin qəzəbə çevrilməsi prosesinə start verər ki, bu da ölkədaxili sosial vəziyyətin qaynama həddinə çatmasına səbəb ola bilər.
“Hədəf partiyanın açar fiqurları, Əli Kərimlinin yaxın ətrafıdır”
– Ekspertlərə görə, gələn il sosial baxımdan gərgin il olacaq. Ona görə hökumət repressiyaları gücləndirərək sosial narazılığı təşkilatlandıra biləcək qurumlara qarşı hücuma keçib. Elə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsini Nardaran olayları ilə bağlamağa çalışırlar…
– 2016-cı ilin sosial baxımdan gərgin il olacağını görmək üçün heç ekspert olmaq da lazım deyil. Manatın növbəti devalvasiyalar silsiləsinin qaçılmaz olduğunu artıq hamı anlayır. Bunun doğuracağı iqtisadi təlatümlərdən dolayı insanlar vahimə içindədirlər. Cəmiyyətdə sabahın qeyri-müəyyənliyindən, nigarançılıqdan doğan fırtına qabağı bir sükut var. Və bu sükut hər an pozula bilər. Bütün bunları hakimiyyət də çox gözəl başa düşür. Lakin rejim vəziyyətin normallaşdırılması istiqamətində islahatlara getmək niyyətində deyil. Islahatları öz hakimiyyətlərinə təhlükə kimi gördüklərini yuxarıda qeyd etdik. Qalır cəza, qorxu və repressiya mexanizmləri. Gələn il bu mexanizmlərin tam gücü ilə işləyəcəyi şübhəsizdir.
AXCP isə ölkədə dəyişikliklərin katalizatoru olacaq qüvvələrin birincisidir və ona görə hədəfdədir. Bu il cəbhəni zəiflətmək niyyəti ilə xərclər çəkib həyata keçirdikləri Razi Nurullayev əməliyyatı iflasa uğradı. Indi də hədəf partiyanın açar fiqurları, Əli Kərimlinin yaxın ətrafıdır. Mən Fuad Qəhrəmanlının həbsinə bu kontekstdən yanaşıram.
Fuad bəyə qarşı irəli sürülən ittihamlara isə münasibətimi sosial şəbəkədə bildirmişəm. Təkrar edirəm ki, bu ittihamlar absurddur. Fuad bəy Azərbaycanda dünyəvi dövlət quruluşunun qatı tərəfdarı, irqçiliyi, məzhəbçiliyi qəbul etməyən dövlətçi əqidə sahibidir. Dövlət əleyhinə açıq çağırış ittihamının da heç bir əsası yoxdur. Özünü dövlətlə eyniləşdirmək bütün avtoritar rejimlər üçün xarakterik olsa da, heç bir halda hakimiyyət dövlət demək deyil. Fuad bəyin qanunun ona verdiyi bütün imkanlardan istifadə edərək, dövlətimiz üçün real təhlükəyə çevrilmiş bu hakimiyyətlə mübarizə aparması onun hüququdur.
“Ölkədən 95 milyard dollar oğurlanıb”
– Məlum oldu ki, 2004-cü və 2013-cü illər ərzində ölkədən 95 milyard dollar vəsait çıxarılıb. Ölkənin ciddi maliyyə çətinliyi ilə üzləşdiyi bir zamanda bu vəsait ölkəyə hansı yardımı edə bilərdi?
– Bilirsiniz, bu məsələyə bir az başqa cür baxıram. Ölkədən 95 milyard dollar oğurlanıb. Bu hələ oğurlayıb gizlətdikləri ölkələrin aşkarladığı məbləğdir. Mən bu ölkənin vətəndaşı kimi hakimiyyətdən ilk növbədə “kim oğurlayıb, necə oğurlayıb, günahkar kimdir?” suallarına cavab gözləyirəm. O pullar bu illər ərzində tədricən iqtisadiyyatın şaxələndirilməsinə, kənd təsərrüfatının inkişafına yönəldilməli idi. Indi o pulları qaytarıb bu iqtidara vermək heç bir problemi həll etmir. Əksinə, problemlərin həlli zamanını bir az arxaya atar ki, bu da iqtisadi, siyasi və mənəvi aşınmaları daha da dərinləşdirər, girdiyimiz dalanı bir az da uzadar. Bir də ölkəyə gətirib nə edəcəklər ki? Yenə iri layihələr adı ilə talayıb geri qaytaracaqlar.
Xəyal Şahinoğlu