bmt-ts

BMT Suriya üzrə planı təsdiqləyib: 18 aya seçki keçirilməlidir

Suriyada sülh prosesinin dəstəklənməsi üçün qətnamə layihəsinin yeni təfərrüatları məlum olub. Bu barədə BBC xəbər verib. 

Sənəddə deyilir ki, yaxın 18 ay ərzində Suriyada BMT-nin himayəsi altında seçkilər keçirilməlidir.
ABŞ baş katibi Con Kerri bildirib ki, əldə olunan razılaşma terrorçuların təcrid olunmasına yardım edəcək və Suriyaya siyasi dəyişikliklər yoluna çıxmağa kömək edəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz qiymətlərində bir o qədər də nikbin deyil, lakin qeyd edir ki, Suriya xalqı öz gələcəyini özü həll etməlidir.
BMT-nin Suriyadakı nümayəndəsi Bəşər Cəfəri vurğulayıb ki, Əsəd hökuməti ölkənin taleyi ilə bağlı danışıqlarda iştirak etməyə hazırdır (report.az).

***

BMT Təhlükəsizlik Şurası Suriya münaqişənin sülh yolu ilə nizamlanması üzrə planı yekdilliklə təsdiqləyib.

Qətnaməyə əsasən BMT baş katibi yaxın müddət ərzində münaqişə tərəflərini Cenevrə kommünikesi və beynəlxalq “Suriyaya dəstək qrupu”nun qərarları əsasında danışıqlar masasına dəvət etməlidir.

Qətnamədə Suriya hökuməti və müxalifət qüvvələri arasında dialoqun başlanmasından sonra nəzərdə tutulan atəşkəs rejiminin tətbiqi dəstəklənir. Qətnaməyə əsasən, yaxın altı ay ərzində Suriyada keçid hökuməti yaradılmalı, 18 aydan gec olmayaraq yeni Konstitusiyaya uyğun olaraq ölkədə azad və ədalətli seçkilər keçirilməlidir. Sənəddə qeyd olunur ki, seçkilərə diaspora nümayəndələri daxil olmaqla, bütün suriyalılar qatılmalıdır.

Qətnamədə Bəşər Əsədin adı hallanmır. Əvəzində sənəddə vurğulanır ki, “Suriya xalqının özü ölkənin gələcəyini  müəyyənləşdirəcək” (apa)