Konfutsi deyirdi ki, mübarizəsiz həyat tabutun taxtası çürümədən adı unudulub gedənlərin həyatıdır. İnsanlar mübarizələri ilə özlərinə tarix yazmaq imkanı qazanır. Şübhəsiz ki, insanlıq üçün ən çətini avtoritar rejimlərdə mübarizə aparmaq olub. Ən çətini hüquqların və ədalətin zorakı şəkildə dizə gətirildiyi ölkələrin tarixi olub. Dünya bina olunandan nə acı zamanlar, nə ağır mərhələlər yaşanıb xalqların tarixində! Heç kəs azadlıq haqqını asanlıqla qazanmayıb. Heç kəs oturduğu yerdə hüququn hökmran olduğu demokratik bir cəmiyyətlə mükafatlandırılmayıb. Hər kəsin əli-ayağı yanıb bu yolda, dar ağaclarından, gilyotinlərdən, həbsxanalardan keçib yolu. İnsanlığın ən işlək tarixi düsturu bu! Əziyyətsiz, qurbansız, məhrumiyyətsiz gözəl günlər gəlmədi insanların həyatına. Yəqin ki, gəlməyəcək də. Bunu ki, biz hamıdan yaxşı bilirik…
Biz yaxşı bilirik ki, bu vətən, bu torpaq, bu millət naminə atəşdən köynək geymək necə olur. O köynəyin alovuna yanmaq, acısına dayanmaq, ağrısını çəkmək necə olur. Bilirik ki, tarixən ölkənin ən çətin, ən ağır zamanlarında imdada yetişən o toplumun mərd, mübariz insanları olur. Bir ölkə yalnız düşmən hücumuna məruz qaldığı zaman təhlükə yaşamır ki. Bir ölkənin sərvəti talanırsa, təhsili məhv edilib işıqlı gələcəyi qaranlığa qərq edilirsə, ölkənin bir metr torpağı üçün canını təhlükəyə atıb qazi olanlar diri-diri yanırsa, xalqın səsi saxtalaşdırılırsa, Allahın verdiyi təbii sərvətlərə rəğmən, xalq gündəlik tələbatını belə yüksək faizli kreditlərlə ödəyirsə, bu daha təhlükəlidir. Öz ölkəsində sürgün yaşmaq kimidir bu. Yaxın günlərdə saxta ittihamlarla həbsə atılan AXCP sədrinin müavini Fuad Qəhrəmanlını barışmazlığı da bu haqsızlıqlar idi. O bütün hədələrə, xəbərdarlıqlara, təqiblərə baxmayaraq, mübarizəsinə qətiyyətlə “davam” dedi. O, tək özü üçün deyil, bizim hər birimiz üçün mübarizə aparırdı. Hər bir vicdanlı, duyarlı, ölkəsini sevən və onu düşünən insan kimi şüurlu şəkildə edirdi bunu. Ən sərt idarəetməyə malik, siyasi repressiyaların adi hala çevrildiyi bir rejimlə üz-üzə dayandığını bilə-bilə, bir addım da geri çəkilməyi düşünmədi o. Və sözsüz ki, bu ölkədə siyasi həbsləri cəmiyyətdə adi hala çevirən, Fuad bəy kimi həbsdən qorxub-çəkinməyən çoxsaylı mübarizə insanlarıdır.
Fuad Qəhrəmanlının həbsində məqsəd sosial şəbəkələrdə fəallığı zəiflətmək, açıq sözlü insanların gözünü qırmaq idi. Nə oldu? Sonsuz sayda insan öz profil şəklini dəyişməklə, #fuadinevezinden haştağı ilə statuslar yazmaqla ona dəstəyini ifadə etdi. Həm də bunu heç bir basqı altında qalmadan, bir az da qəzəblənərək etdilər. İndi siz Fuad bəyin həbsi ilə nə qazandınız ki? Bu mübarizə yolumu dayanacaq, kimsə qorxub sıramızdanmı çıxacaq? Yanılırsınız. Fuad bəyin əvəzindən yazılanlar onun mübarizəsinin qiymətidir. Bu gün hər kəs sevə-sevə Fuad Qəhrəmanlı oldu. Bu yol davam edəcək. Onu kimsə saxlaya bilməz. Mübarizə qorxaqların işi deyil. Onu başlatmaq da, gözəl sonluqla bitirmək də cəsurların, qəhrəmanların işidir. Böyük bir örnək yaradan Fuad Qəhrəmanlı kimi qəhrəmanların…