Putin mətbuat konfransında Türkiyəni təhqir etdi
Rusiya prezidenti Vladimir Putin hər il olduğu kimi bu dəfə də ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirdi. 1400-ə yaxın jurnalistin iştirak etdiyi toplantı Rusiya vaxtı ilə saat 12.00-da başladı və düz 3 saat 7 dəqiqə davam etdi. Bu, Putinin sayca 11-ci, həm də vaxt etibarilə ən az davam edən mətbuat konfransı idi. Kreml rəhbərinin media ilə bu günə qədərki ən uzun görüşü 2008-ci ildə olmuşdu. Həmin vaxt tədbir 4 saat 40 dəqiqə çəkmişdi.
Hərarət və həqarət…
Qayıdaq, dünənki mətbuat konfransına. Gözlənildiyi kimi, toplantının ana mövzularından biri məlum təyyarə insidenti və buna görə pozulan Rusiya-Türkiyə münasibətləri idi. Əvvəldən sona qədər jurnalistlər Putinə 44 sual ünvanladılar. Elə tədbirin girişində verilən ilk suallardan biri Türkiyə ilə bağlı oldu. Gündəmin Türkiyə olması təsadüf deyildi. Günlərdir bir-biri ilə ittiham dilində danışan Ankara ilə Moskvanın bu məsələdə varacağı yekun nöqtə hamını maraqlandırırdı. Üstəlik verdiyi cavablardan Putinin insidentdən ötən müddət ərzində qəzəbinin soyuyub-soyumadığı da bəlli olacaqdı.
Elə ilk dəqiqələrdən hərarətli çıxışa başlayan Putin həm Türkiyəyə, həm də dünyaya nümayiş etdirdi ki, Rusiya asanlıqla yumşalmaq və verdiyi qərarlardan geri çəkilmək fikrində deyil.
Hərarətlə kifayətlənməyən Rusiya prezidenti təhqirə keçməkdən belə, çəkinmədi. Jurnalistlərdən birinin vurulan Rusiya təyyarəsində üçüncü tərəfin marağının olub-olmaması ilə bağlı sualını cavablandırarkən Putin bütün etik sərhədləri keçərək Türkiyə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr səsləndirdi.
“Hə” deyəndə belə, arxadan zərbə alırıq”
Mətbuat konfransı canlı yayımlandığı üçün ifadə kəsilmədən efirə getdi: “Üçüncü tərəf deyərkən nəyə işarə vurduğunuzu başa düşürəm. Amma dəqiq bilmirəm. Bəlkə də olub. Və bununla Türkiyədə kimsə amerikalılara yaltaqlanmağa (ifadənin orijinalı qeyri-etik olduğu üçün dəyişdirilib-red:) çalışıb. Bilmirəm bu nəyə lazım idi. Nəsə hədəfləri var idisə belə, buna nail olmadılar. Vəziyyəti daha da gərginləşdirdilər. Mən bunun amerikalılara lazım olub-olmadığını da bilmirəm”.
Putin bir daha açıq mətnlə bildirdi ki, Türkiyə ilə münasibətləri normallaşdırmaqla bağlı perspektiv görmür: “Təcrübə göstərdi ki, hazırkı Türkiyə hökuməti ilə anlaşmaq çox çətindir, hətta qeyri-mümkündür. Hansı məqamlarda ki, “hə” deyirik, yandan və arxadan zərbə alırıq. Ankaraya qarşı iqtisadi sahədə tədbirlər görməyə məcburuq. Türkiyə heç özü də bu cür nəticəni gözləmirdi. Dövlətçilik müstəvisində münasibətlərimizin normallaşacağını düşünmürəm”.
“Atatürk məzarında tərs çevrilib”
Rusiyanın “Su-24” təyyarəsini vurmaqla Türkiyə hakimiyyətini düşməncəsinə hərəkət etməkdə ittiham edən Putin bildirib ki, Ankara bu olaydan sonra Rusiyanın qorxub geri çəkiləcəyini düşünübsə, böyük səhvə yol verib: “Hələ də başa düşə bilmirəm ki, onlar nəyə görə belə etdilər. Nəyə nail olmaq istəyirdilər? Bəlkə gözləyirdilər ki, bundan sonra biz qorxub Suriyadan qaçacağıq?! Bunu görməyəcəklər. Əksinə, bu hadisədən sonra biz Suriyadakı hərbi iştirakımızı daha da gücləndirdik, ora əlavə döyüş təyyarələri göndərdik. O vaxta qədər orada bizim hava hücumundan müdafiə vasitələrimiz yox idi. Ancaq indi “S-400” komplekslərimiz var. Üstəlik Suriya ordusunun “Buk” zenit-raket komplekslərini modernləşdirmişik, olduqca effektivdir. Əvvəllər Türkiyə istədiyi vaxt Suriyanın hava məkanını pozurdu. Görüm, indi necə pozacaqlar”.
Putin Türkiyədəki terror təhlükəsi haqda da danışıb: “Vizasız girişdən istifadə edən terrorçular Türkiyə pasportları ilə Rusiyaya gəlirlər. Sonra da biz məcbur oluruq onları Qafqazda və ya milyon əhalisi olan şəhərlərdə axtarıb tapaq. Türkiyə hökuməti ölkəni islamlaşdırır. Qərbə də mesaj verir ki, baxın, biz də islamçıyıq, amma sizdənik. Türkiyə hökumətinin bu islamlaşdırma siyasətinə görə Atatürk məzarında bəlkə də tərs çevrilib”.
Lakin Putin qeyd edib ki, türklər və türkdilli xalqlar Rusiyanın dostu, tərəfdaşı olaraq qalır: “Eyni şeyi Rusiyada yaşayan türkdilli xalqlara da aid edirəm. Onlar bizim vətəndaşlarımızdır”.
Türkiyə niyə susdu?
Maraqlısı odur ki, Putinin bu çıxışı və Türkiyəni təhqir elən məlum ifadəsi hələ mətbuat konfransı başa çatmamış dünyanın bir çox media orqanlarında əsas xəbər kimi təqdim olunmuşdu. Amma nəinki həmin saatlarda, ümumiyyətlə gün ərzində Türkiyə mətbuatında məsələyə ciddi təpki verən xəbərlər yer almadı. Putinin ittihamlarına və təhqiredici fikirlərinə prezident Rəcəb Tayyib Ərdoğan və ya digər rəsmilər səviyyəsində də reaksiya verilmədi. Üstəlik Putinin mətbuat konfransında Ərdoğanın ünvanına işlətdiyi qeyri-etik ifadə Türkiyə mediasında işıqlandırılmadı.
Türkiyə hökuməti bununla ya Putinin məlum fikirlərini ciddi qəbul etmədiyini nümayiş etdirməyə çalışdı, ya da Ankara daha sərt cavab üzərində işləyir. Bu variantlardan hansının gerçəkliyi əks etdirdiyini isə tezliklə biləcəyik. Başqa bir maraqlı məqam odur ki, dünən Ərdoğanın Putinə geniş kütlə qarşısında cavab vermək imkanı yaranmışdı. Türkiyə prezidenti Mövlanənin ölüm ildönümü ilə əlaqədar Konyada geniş kütlə qarşısına çıxmışdı. Çıxışında təyyarə insidentinə də toxunan Türkiyə prezidentinin hədəfində nədənsə Rusiya yox, ölkə daxilində məlum hadisə ilə bağlı Moskvanın mövqeyini müdafiə edənlər oldu. Ərdoğan ona işarə vururdu ki, Türkiyədə bəzi müxalif qüvvələr hökuməti haqsız çıxarmaq üçün Rusiyanın yanında yer almaqdan belə, çəkinmir.
Türkiyə prezidentinin kimə ünvanladığı qeyri-müəyyən qalan yeganə ifadəsi isə konyalıların “Dik dur, əyilmə!” şüarlarına qarşılıq olaraq verdiyi cavab oldu: “Dik duracağımızdan arxayın olun. Biz ancaq rəbbimizin önündə – rükuda əyilərik. Başqa heç kimin”.
Gültəkin



