Mehdiyev Avropanı niyə topa tutdu?

ramiz-mehdiyev-yeniÖlkəni bu vəziyyətə salan YAP hakimiyyətidir

Hökumətimizin anti-Avropa təbliğatı yüksək səviyyədə davam edir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti. Dünya nizamından “nizamsızlığa” doğru” adlı növbəti kitabını dərc edib.

Bildiyiniz kimi Administrasiya rəhbərinin son dövrlər yaradıcılığı Avropaya, ABŞ-a “güllə” atmaqla bağlıdır. Akademik sübut etməyə çalışır ki, ölkəni ağır vəziyyətə salan, gələcəyimizi zülmətə bürüyən Avropadır. Bu kitabda da Mehdiyev iddia edir ki, Avropa qurumları suveren dövlətlərin daxili işlərinə müdaxilə edir, insan hüquqları məsələsindən təzyiq aləti kimi istifadə olunur, Qərb öz geosiyasi istəklərini reallaşdırmaq xatirinə ölkəmizi qeyri-sabit, pərakəndə və alovlanan bir məkan kimi görməyi arzu edir. Daha sonra Mehdiyev AI-nin “Şərq tərəfdaşlığı” layihəsini konfliktogen layihə adlandırır. AI-ni Qarabağ münaqişəsinin tənzimlənməsinə ziyan vurduğunu bildirir.

Ümumiyyətlə, kitabda yeni bir yanaşma yoxdur. Müəllif bizi inandırmağa çalışır ki, ölkədəki neqativ mənzərə Qərbin yürütdüyü siyasətlə bağlıdır. Hətta AI-nin lazımsız, mənasız bir qurum olduğunu da əsaslandırmağa çalışır.

Əvvəla, qeyd edək ki, kitabda Azərbaycanın düşmənlərini axtaran akademik bir dəfə də olsun Rusiya tərəfə yön almır. Sanki, Xocalı soyqırımı, 20 yanvar faciəsi, Qarabağın işğalı Azərbaycanla bağlı deyil. Sanki, Ermənistanın bir nömrəli himayədarı, qondarma erməni soyqırımını tanıyan ölkə Rusiya deyil. Təkcə bu məqam kitabın missiyasının nədən ibarət olduğunu göstərir. Ramiz Mehdiyev gözəl bilir ki, Qarabağ məsələsində Azərbaycanın maraqlarından çıxış edən məhz Avropa olur. Fakt budur ki, Avropa Parlamenti 2 dəfə Qarabağla bağlı qətnamə qəbul edib. Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar qəbul edib. BMT-nin, AŞPA-nın Qarabağ məsələsiylə bağlı mövqeyi var.

Digər tərəfdən Avropa, ABŞ Azərbaycan hakimiyyətindən nələri tələb etdiyini açıq şəkildə ortaya qoyub. Bu tələblərdə torpaq iddiası, maddi sərvətlərin Avropaya verilməsi, müstəqiliyi təhdid edən hər hansı bənd yoxdur. Bəli, Avropa, ABŞ Azərbaycan hakimiyyətindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edir. Şəffaf seçki keçirmək, korrupsiyaya son qoymaq, siyasi məhbusları azad etmək, söz azadlığına meydan açmaq tələb olunur ki, bunu Azərbaycan xalqı da istəyir.

Üstəlik, Azərbaycanın ixracının 80 faizi Avropa ölkələrinin payına düşür. Azərbaycana yatırılan investisiyaların böyük əksrəiyyəti Avropa ölkələrinin adı ilə bağlıdır. Ölkə əhalisinin də, hakimiyyətin də zəruri ehtiyacları Avropa istehsalı olan məhsulların hesabına təmin olunur. Ramiz Mehdiyev səhhətində problem yaranan da məhz Avropaya üz tutur. Hətta hər hansı yerli məhsulu reklam edəndə də “Avropa standartlarına uyğun” şüarı seçirlər. Hökumətin uzunmüddətli özünüreklam təbliğatı “Avropa Oyunları” ilə bağlı olub. Müxtəlif tədbirlərdə Avropa şirkətlərinə “bizimlə əməkdaşlıq edin” deyən Azərbaycan hökumətinin təmsilçiləridir.

Əsas fakt da budur ki, bu gün təhsil, səhiyyə, elm, texnologiya və digər sahələr məhz Qərbdə inkişaf edir və məmurlar da övladlarını təhsil almaq üçün Qərbə göndərir.

Ölkəni qeyri-sabit, alovlanan bir məkana çevirməyə gəlincə, bunu Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət zəruriləşdirir.

Günahsız insanları şərləyib həbsə atan, 10 ildə ölkədən 95 milyard pul çıxaran, məhkəmələri sifariş yerinə yetirən orqana çevirən, parlamenti təyinatlılardan təşkil edən, 2.5 milyon insanı kredit girovu edən, MTN-i quldur yuvasına çevirən, qanunları ayaq altına salan, iqtisadiyyatı neftdən asılı vəziyyətə salan, bütün sahələri korrupsiya bulağına çevirən Avropa olmayıb, YAP hakimiyyəti olub.

Ona görə də, hörmətli akademik reallıqları bu qədər boğmağa cəhd etməsin. Ölkəni fəlakətə sürükləyən, şəxsi maraqlara xidmət edən siyasətdir. Avropanı söyməklə, ölkəni böhrandan xilas etmək olmaz. Yürüdülən siyasət faktiki olaraq ölkəni dünyadan təcrid edir.

Samir