“Səfirliklərdə və nazirliyin özündə korrupsiya mühiti var”
Anar Həsənov: «Səfir məni və hamilə həyat yoldaşımı gecəyarı evdən çıxartdırdı»
2015-ci ilin iyulunda Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiyadan Prezident Administrasiyasına, Ombudsman Aparatına məlumat göndərən və bundan sonra Xarici Işlər Nazirliyinin diplomatik xidmətdən geri çağırdığı Anar Həsənov bugünlərdə yenidən müraciət yayıb. Anar Həsənov bu müraciət və özü ətrafında baş verənlərlə bağlı “Azadlıq” radiosunun suallarını cavablandırıb:
– Bugünlərdə yaydığınız müraciət kimə ünvanlanıb?
– Əslində, bu müraciət Xarici Işlər Nazirliyinin növbəti tamamilə qanunsuz, absurd və təqib xarakterli addımına cavab olmuşdu. Əvvəlki bəyanatlarımda da bildirmişdim, mənim təqib olunmağıma səbəb əməkdaşı olduğum Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiyanın üstünü açmağım olub. Bu açıq-aydın şəkildə insana qarşı ədalətsizlikdir, Xarici Işlər Nazirliyi tərəfindən qanunların aşkar pozulmasıdır. Korrupsiyanı, cinayəti törədən, mənimsəmə eləyən qalıb bir tərəfdə, vəzifədən geri çağrılan, diplomatik xidmətdən kənarlaşdırılan, rütbədən məhrum edilən mən olmuşam. Vəziyyət belədir.
“Ombudsman poçtalyonluq eləyib”
– Siz iyul ayında Prezident Administrasiyasına, Ombudsman Aparatına səfirlikdəki pozuntular barədə məlumat verdiniz, bundan sonra sizi çıxartdılar. Bu qurumlardan sizin müraciətinizə cavab gəlibmi?
– Təəssüf ki, gəlməyib. Yalnız Ombudsman mənə belə formada məktub göndərib ki, “biz sizin sorğunuzu Xarici Işlər Nazirliyinə göndərmişik”. Mənim bildiyim qədər, Ombudsmanın vəzifəsi, insan hüquqları müdafiə edən bir qurum kimi, bu məsələni araşdırıb həqiqəti ortaya çıxarmaq olmalı idi. Amma Ombudsman burada sadəcə, poçtalyonluq eləyib, götürüb mənim məktubu göndərib Xarici Işlər Nazirliyinə. Halbuki, oradakı faktların hamısı əvvəlcədən Xarici Işlər Nazirliyinə göndərilmişdi. Nazirlik də buna göz yumub, korrupsionerləri himayə eləyib, mənim özümə qarşı cəza tədbiri görmüşdü, qanunsuz olaraq vəzifədən geri çağırmışdı. Daha sonra diplomatik xidmətdən fəaliyyətimə xitam verildi və son addım kimi bu yaxınlarda rütbədən məhrum edildim. Çox böyük təəssüflə birdirməliyəm ki, dövlət qurumları hələ ki, buna laqeyd qalırlar. Təbii ki, dövlət təkcə Xarici Işlər Nazirliyindən ibarət deyil, Baş Prokurorluq var, Korrupsiyaya Qarşı Mübarizə Idarəsi var və digərləri. Hamısının da məlumatı var. Təəssüf ki, hələ ki, bir nəticə yoxdur. Mən hələ də ümidimi itirmirəm. Çoxları çox söz deyə bilər, amma mən hesab edirəm ki, hələ son söz deyilməyib. Bu məsələdə cənab prezidentin düzgün məlumatlandırılması məsələsi var. Bunu da bütün müraciətlərimdə göstərmişəm.
“Xarici Işlər Nazirliyi saxtakarlığa tələsib”
– Belə çıxır ki, sizin bu müraciətiniz həm də dövlət qurumlarınadı, Prezident Aparatınadı, ictimaiyyətədi…
– Təbii, hamıyadır. Mənə qarşı son addım kimi, Xarici Işlər Nazirliyindən bir sayta diplomatik rütbədən məhrum edilməyim barədə məlumat ötürüblər. Bir var, diplomatik vəzifə, bir də var, diplomatik rütbə. Vəzifədən mən əvvəlcədən bunların absurd, saxta qərarı ilə kənarlaşdırılmışdım. Saxtakarlıq nədən ibarətdir? Mənim vəzifədən uzaqlaşdırılmağımla bağlı əmrə 31 iyun tarixini qoyublar. Göstəriblər ki, 27 iyundan diplomatik xidmətinə xitam veriblər. Belə absurdluğa gediblər. Ikinci saxtakarlıq nədən ibarətdir? Mən ailə vəziyyətimi qoyuram bir kənara, çünki həkim rəyinə görə mən onsuz da nə 31 iyunda, nə də 15 avqustda Azərbaycana gələ bilməzdim. Amma saxtakarlıq bundadır ki, səfirlik mənə bilet pulunu avqustun 15-də köçürüb. Yəni mən istəsəydim belə, avqustun 15-dən tez Azərbaycana gələ bilməzdim. Amma Xarici Işlər Nazirliyi saxtakarlığa tələsib, çünki məsələ sentyabrda mətbuata çıxmışdı. Sentyabrda saxtakarlıqla əmri 31 iyuna rəsmiləşdiriblər, onu da nəzərə almayıblar ki, mənə bilet pulu səfirlik tərəfindən avqustun 15-də köçürülüb.
“Korrupsionerlər qalıb bir tərəfdə, mən təqib olunuram”
– Siz Bakıya niyə qayıda bilmirdiniz?
– Sırf ailə vəziyyətim və maddi səbəblərlə bağlı idi. Çünki həyat yoldaşım ana olmağa hazırlaşırdı və həkim rəyinə görə, ana olana qədər təyyarədə uça bilməzdi. Mən istəsəydim də, qayıda bilməzdim. Məsələnin başqa tərəfi də var. Səbəb həm də maliyyə məsələləridir. Mən yerli banklardan kredit götürmüşəm və onu qaytarmalıyam. Amma yenə deyirəm ki, bu məsələ tamamilə başqadır. Mətbuatda çox vaxt diqqəti buna yönəldirlər. Mənim fikrimcə, diqqət səfirlikdəki korrupsiya məsələlərinə, Xarici Işlər Nazirliyinin buna laqeyd yanaşmasına, cinayətkarcasına münasibətinə yönəldilməlidir. Korrupsionerlər qalıb bir tərəfdə, mənim özümə qarşı təqib üsulu seçiblər.
“Mən hamilə həyat yoldaşımla faktiki küçəyə atıldım”
– Siz Prezident Administrasiyası, Ombudsman Aparatı ilə yanaşı, Xarici Işlər Nazirliyinə də müraciət etmişdinizmi?
– Təbii ki. 7 iyulda Xarici Işlər Nazirliyinə Prezident Administrasiyasına, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə, Milli Təhlükəsizlik Nazirliyinə, Maliyyə Nazirliyinə, Ombudsmana elektron poçt vasitəsilə müraciət etmişəm, bütün təsdiqedici faktları da əlavə etmişəm.
– Bu qurumların heç birindən cavab gəlmədi?
– Yalnız Administrasiyadan mənə zəng elədilər ki, nə məsələdir. Bunu mən prezidentə əvvəlki müraciətimdə də detallı göstərmişəm. Təəssüf ki, Administrasiyanın əməkdaşının zəngindən sonra gecənin qaranlığında və soyuq havada hamilə həyat yoldaşımla yaşadığım mənzildən çıxartdırdı. Getməyə də demək olar ki, yerim yox idi. Ölkənin diplomatını bu vəziyyətə qoydular. Administrasiyadan zəng eləyən əməkdaş soruşmuşdu ki, nə məsələdir, mən də təsdiqlədim ki, vəziyyət belədir. Sonra səfirin telefon nömrəsini istədilər. Zəng edib ona nə dedilər nə demədilər, bunu deyə bilmərəm. Ondan sonra təzyiqlər daha da gücləndi və mən hamilə həyat yoldaşımla faktiki küçəyə atıldım.
“Məmurlar məlumatların yuxarı çıxmasını blok eləyə bilir”
– Ola bilərmi ki, sizə qarşı təzyiqlər Xarici Işlər Nazirliyindən yox, daha da yuxarıdan gəlir?
– Onu mən deyə bilmərəm. Bütün bəyanatlarımda mən cənab prezidentə inamımı ifadə eləmişəm. Daha yuxarıdan olduğunu təsəvvür edə bilmirəm. Kimlərsə daha yuxarıdan korrpusionerləri hansısa məqsədlə himayə edirlərsə, bu başqa məsələ. Qəti fikir deyə bilmərəm. Bəlkə də mümkündür. Baş verən hadisələri özünüz də görürsünüz ki, bu qədər ali dövlət vəzifəsi tutan şəxslər hansı cinayətlərdə əlləri var.
– Prezident hər çıxışda deyir ki, ona birbaşa müraciət olunsun. Bəlkə ona birbaşa müraciət eləyəsiz?
– Mən dəfələrlə eləmişəm. Şəxsən prezidentin rəsmi saytından bu məlumatlar Prezident Administrasiyasına gedib. Hesab edirəm ki, elə buna görə Prezident Administrasiyasından mənə zəng gəldi. Amma mən bunların cənab prezidentə çatdırılmasına şübhə edirəm. Dövlət idarələrində belədir, hansısa məmur hansısa məsələyə görə bunu blok eləyə bilər. Bu mümkündür. Bilmirəm bu məsələni də eləyiblər, yoxsa yox. Amma beş aydır ki, vəziyyət belə davam edir. Məlumatların yüksək səviyyəyə çatdırılması blok olunur. Ya təhrif olunmuş formada çatdırırlar, ya gizlədirlər.
Azərbaycanlı diplomat Avstraliyada restoranda işləyir
– Siz indi Avstraliyada necə yaşayırsız?
– Əsasən humanitar təşkilatların köməyilə. Özüm də ara işlərlə məşğulam. Diplomat burada restoranda işləyir. Çalışıram ki, ailəmi dolandırım və kreditlərimi ödəyim. Başqa yerdən gəlirim yoxdur.
– Azərbaycana qayıtmaq fikriniz varmı?
– Təbii, var. Ailə məsələlərini, maddi məsələlərini yoluna qoymalıyam. Həm də burada ola-ola vəkil tapıb məhkəməyə müraciət etmək istəyirəm. Əlavə üsul kimi istifadə etmək niyyətindəyəm. Amma uyğun bir vaxtda öz ölkəmə, öz ailəmin yanına qayıdacam.
– Bu yaxınlarda Niderlandda keçmiş konsul Nahid Cəfərovla söhbətləşdik, indi sizinlə… Xarici Işlər Nazirliyində nə baş verir?
– Xarici Işlər Nazirliyində 7 il işləmişəm, orada həmişə nə baş verirdisə, indi də o baş verir. Sırf korrupsiyalaşmış, qeyri-effektiv quruma çevrilib. Vəzifəsinə uyğun olmayan, tamamilə başqa məqsədlər güdən, dövlət mənafeyindən tamamilə uzaq şəxslər ona rəhbərlik edir. Ona görə də o qurum belə bir biabırçı vəziyyətə gəlib düşüb. Təsəvvür edin, ölkənin iki strateji strukturu var – Milli Təhlükəsizlik Nazirliyi və Xarici Işlər Nazirliyi, bunların ikisi də korrupsiya məsələlərinə görə iflic vəziyyətə düşüb. Bütün digər səfirliklərdə, Xarici Işlər Nazirliyinin özündə də çox güclü korrupsiya mühiti var. Ona görə də bu qurum hazırda tamamilə nüfuzdan düşmüş vəziyyətdədir. Azərbaycana heç bir xeyri olmayan quruma çevrilib.




