Gültəkin Hacıbəyli: «Bu layihə ABŞ-ın iqtidara qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığını göstərir»
Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasət rəsmi Bakıya qarşı beynəlxalq aləmdə münasibəti sərtləşdirib. Hakimiyyətin demokratik dəyərləri, insan haqlarını kobud şəkildə pozması ABŞ tərəfindən də sərt qarşılanıb. Artıq Amerika bu istiqamətdə bir sıra mühüm addımlar ataraq, dinləmələr keçirib. Azərbaycan iqtidarına qarşı daha bir sərt addım Konqressə təqdim olunan layihə ilə bağlıdır.
ABŞ Konqressi Azərbaycanın yüksək vəzifəli rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Artıq bununla bağlı qanun layihəsi Konqresə təqdim olunub.
“Azərbaycanda Demokratiya Aktı” (“Azerbaican Democracy Act”) adlı qanun layihəsini Konqressin nüfuzlu nümayəndələrindən biri, Helsini Komissiyasının sədri, Respublikaçı konqresmen Kris Smit təqdim edib.
Sənədin təqdimatında deyilir ki, qanun layihəsi Azərbaycan hökumətinin müstəqil jurnalistləri, müxalifət siyasətçiləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq üçün uzun illər ərzində göstərdiyi sistemli cəhdlərdən sonra təqdim olunur.
Sənəddə göstərilib ki, Azərbaycan hökumətinin yüksək vəzifəli məmurlarına, rəhbərliklə işgüzar münasibətlərdən maliyyə əldə edən şəxslərə (biznes dairələrinə), təhlükəsizlik və məhkəmə sisteminin üzvlərinə ABŞ-a viza verilməsindən imtina olunsun və eyni zamanda onlara qarşı maliyyə sanksiyaları tətbiq edilsin.
Sanksiyalar yalnız Azərbaycan hökuməti siyasi məhbusları azadlığa buraxmaq, vətəndaş cəmiyyətinə qarşı hücumları dayandırmaq, ölkədə azad və ədalətli seçkilər keçirmək istiqamətində əhəmiyyətli irəliləyiş edəndən sonra aradan qaldırıla bilər.
Hakimiyyətdən ilk reaksiyalar
ABŞ-da Konqressə təqdim olunan sənədlə bağlı hakimiyyətin də reaksiyası özünü çox gözlətməyib. Dünən məlum oldu ki, dekabrın 18-də layihə ilə bağlı Milli Məclisdə geniş müzakirələr keçiriləcək.
“ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim olunması xəbərlərinin yayılmasının ÿAvropa Şurasıÿ baş katibinin Azərbaycana araşdırıcı missiya göndərməsi qərarı ilə eyni vaxta düşməsi təsadüf deyil və bunun özü hər şeyi açıq ortaya qoyur”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın ÿAvropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidovÿ ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq olunması barədə layihənin təqdim olunmasına münasibət bildirərkən deyib. Seyidov qeyd edib ki, hazırda maraqlı proseslər gedir. S.Seyidovun fikrincə, bu, növbəti anti-Azərbaycan dalğasının başlanmasının işartılarıdır: “Hesab edirik ki, ABŞ tərəfindən hansısa anti-Azərbaycan sanksiyalarının tətbiq olunması, yaxud bununla bağlı işlərin aparılması reallığı əks etdirməyən məsələlərdir. Bu cəhdlər dəfələrlə olub və əminəm ki, bundan sonra da bu qüvvələr Azərbaycana qarşı işləyəcək. Amma zaman göstərir ki, bu kimi təşəbbüslərin heç bir faktiki əhəmiyyəti olmur, ola da bilməz. Eyni zamanda bu addımlar daha çox həmin sanksiyaları tətbiq edən ölkələrin özünə təsir göstərəcək”.
XİN Kris Smiti ermənipərəst adlandırdı
“Azərbaycan Demokratiya Aktı” layihəsi adlı sənəd tam şəkildə anti-Azərbaycan xarakteri daşıyır və qəbuledilməzdir. Sənədin təşəbbüskarı olan konqresmen Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, hər bir söz və ifadəsi belə Azərbaycana qarşı yönəlmiş bu sənəd layihəsinin Konqresə keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində ABŞ-dakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bu layihə ABŞ-ın Azərbaycan siyasi hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığını göstərir. Yanvarın ilk günlərində dinləmələrin dəqiq tarixinin bəlli olacağını deyən G.Hacıbəyli vurğuladı ki, qanun layihəsi bugünədək Rusiya, Iran, Belarus və s. avtoritar rejimlərə qarşı qəbul edilən sanksiya qanunlarından daha sərt və əhatəlidir: “Ən yüksək siyasi rəhbərlikdən, tam tərkibdə Nazirlər Kabinetindən tutmuş icraÿbaşçılarına, hakimlərə, prokurorlara və ailələrinədək, onlara dəstək verən iş adamlarınadək insan hüquqlarının pozulmasında iştirak etmiş hər kəsi əhatə edir. Bu qanun layihəsi Azərbaycan xalqının deyil, avtoritar Azərbaycan hakimiyyətinin maraqlarına qarşı yönəlib, əksinə, xalqın əlindən alınanan, hər gün tapdalanan, zorlanan hüquqlarının ona qaytarılmasına xidmət edir”.
Bu təşəbbüsün hakimiyyətdə şok effekti yaratdığını deyən G.Hacıbəyli qeyd etdi ki, iqtidar belə bir addımı gözləmirdi. “Yəqin, düşünürdülər ki, Leyla Yunusu il yarım həbsdə saxlayıb, çürüdüb, ölümcül xəstə edib buraxandan sonra dünya bunlara ”əhsən” deyəcək. Indi hakimiyyətədkilər sözsüz ki, özlərinə bu sualı tez-tez verirlər- niyə belə sərt?! Axı Rusiya, Belarus, Irandan fərqli olaraq biz strateji müttəfiqik?! Birincisi, bu müttəfiqlik son illər, sadəcə, deklorasiya xarakteri daşıyırdı. Azərbaycanın Rusiyaya doğru çox böyük bir məsafə qət etdiyi göz önündədir. Ancaq ən əsas məqam bu deyil. Rusiyada da, Belarusda da, Iranda da problemlər çox idi, ancaq bu ölkələrin heç biri insan hüquqlarını, demokratik institutları, Qərbi ələ salmırdılar, sadacə, açıq düşmənçilik edirdilər. Bu ölkələrin heç birində seçkiləri saxtalaşdırıb sonra “ABŞ bizdən tələb edirdi ki, seçkiləri 25% müxalifətin xeyrinə saxtalaşdıraq, biz isə onu etmədik, tam demokratik seçki keçirib demokratiyanın təntənəsinə nail olduq” deməyiblər. Bu ölkələrin heç birində ABŞ-a qarşı 62 səhifəlik manifest yazıb onu bəşəriyyətin bütün bəlalarının səbəbkarı elan etməyiblər. Bu ölkələrin heç birində ABŞ Konqresi tərəfindən maliyyələşən “Azadlıq” radiosuna aşağılayıcı şəkildə basqın edib onun aparıcı jurnalistini “siçan dərmanı” ittihamı ilə tutmayıblar. Bu ölkələrin heç birində 100 nəfər siyasi məhbus və vicdan məhbusu yoxdur, ailələrini kütləvi şəkildə onlardan imtinaya məcbur etmirlər, müxalifət liderinin pasportunu 10 ildən çoxdur cığal uşaqlar kimi gizlətmirlər, müxalifət pariyasının qərargahını partlatmırlar. Və nəhayət, Leyla Yunusu azadlığa buraxıb bir gün sonra müxalifət liderlərindən biri olan Fuad Qəhrəmanlını həbs etmək, Qərbi ələ salmaq deyilsə, bəs nədir?! Siz niyə elə düşünürdünüz ki, bütün dünyanı ələ salacaqsınız, ancaq bunun sizdən bir gün hesabı sorulmayacaq?!”.
Xəyal





