Milli Şura sədri Cəmil Həsənli tanınmış vəkil Elton Quliyevin vəfatı ilə bağlı nekroloq yazıb:
“Dostlar! Elton bəyin vəfatını sarsıntı ilə qarşıladım. Xaricdə olduğumdan dəfnində iştirak edə bilmədim. Onun keçdiyi həyat yolu, 20 ildən artıq vəkillik təcrübəsi müstəqillik dövründə ölkənin vəkillik institutunun tarixidir. İctimai əsaslarla haqsızlıqlara, ədalətsizliyə məruz qalan fəallarımızı, vətəndaşlarımızı müdafiə etdiyimdən onun vəkil kimi çıxış etdiyi çox proseslərin şahidi olmuşam. Sözün tam mənasında o, peşəsinin bütün sirlərini bilən, müdafinə ittihama çevirməyi bacaran, öz intellekti ilə rejimin sxata həbs ssenarisini ifşa edən vəkil idi. Elton bəy demək olar ki, bütün qalmaqallı siyasi işlərdə, vətəndaş cəmiyyəti fəallarının, müxalif partiya siyasilərinin məhkəmə araşdırmasında, qurama işlərlə həbsə alınan gənclər təşkilatçılarının öncüllərinin, uydurma ittihamlarla həbs edilmiş jurnalistlərin, mətbuat nümayəndələrinin müdafiəçi kimi çıxış edib və bütün peşə imkanlarını ortaya qoyub. Siyasi məhbuslara ictimai əsaslarla dəstək verdiyimdən tez-tez onunla görüşməli, məsləhətləşməli olurdum. Peşə hazırlığından əlavə gözəl yumor hissi var idi. Və bu yumor hissi bəzən ona prosesi daha yaddaqalan etməkdə kömək edirdi. Sonuncu işi qurama ittihamlarla tutulmuş Xədicənin işi idi. O, bir vəkil olmaqdan əlavə vətəndaş mövqeyi olan fədakar bir insan idi və həbsdən öncə bütün hüquqi dindirmə prosedurlarında Xədicəyə gərəkli olan bütün dəstəyi vermişdi. NİDA-çı gənclərin məhkəməsində istintaqı alt-üst etmişdi. İstintaq prosesində, məhkəmlərdə baş verən haqsızlıqlar, ədalətsizliklər, qanuna məhəl qoyulmaması bir vəkil kimi, bir insane kimi onu sarsıdırdı. Bir başa olmasa da dolayısı yolla Elton bəy məhkəmələrdə gördüyü bütün zülmün, insan əzabları üzərində qurulmuş məhkəmə haqsızlıqlarının qurbanı oldu. O, çoxlarına örnək ola biləcək şərəfli bir həyat yaşadı. Normal bir cəmiyyətdə onun təcrübəsi gənc hüquqşünaslar üçün dərs vəsaitidir, həyat hekayəsi ədalət axtarışı üzərində qurulmuş hüquqi dedektivdir. Siyasi məhbus məsələsinin kritik həddə çatdığı bir məmləkətdə vicdanlı, intellektli, hazırlıqlı bir vəkilin həyatdan vaxtsız getməsi cəmiyyət üçün ağır itkidir. Bu itkinin yeri narahat həyat yaşayan ölkəmizdə üzün müddət hiss ediləcək. Ən ağır məqamlarda belə çöhrəsindən işıq əskik olmurdu. İşıqlı adam idi! Allah rəhmət eləsin”.



